AZ

"Paris-2024" Yay Paralimpiya Oyunlarından qələbə soraqları ŞƏRH

Sağlam bədəndə sağlam ruh olar, - deyiblər. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Əlbəttə ki, insan ruhunun sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün yanaşması fiziki sağlamlıq faktoru ilə sıx bağlıdır. Sağlamlıq ən böyük nemətlərdən olduğundan hər bir insan onu qorumağı bacarmalıdır. İdmanla məşğul olmaq insan sağlamlığının qorunmasında, ruh yüksəkliyinin artmasında müstəsnadır. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır. Qeyd edək ki, bu gün Azərbaycanda Olimpiya Hərakatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.

Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur.

OLİMPİYA HƏRƏKATI TARİXİNDƏ ƏN BÖYÜK UĞUR

Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı böyük vüsət almağa başladı. Bu illər ərzində, Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. Beləliklə, uğurlar və nailiyyətlər Azərbaycan idmançılarını adına yazılmağa başladı. Məlumdur ki, bu yaxınlarda Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindirdilər. Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almış Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir."

"DÖRDQAT DÜNYA ÇEMPİONU LAMİYƏ VƏLİYEVA "PARİS-2024" YAY PARALİMPİYA OYUNLARINDA QIZIL MEDAL QAZANDI!"

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Paralimpiyaçılarımızın idmana olan sevgisi və yeni zirvələri fəth etmək arzusu minlərlə idmançının həyatına uğur gətirib. Azərbaycanın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları Azərbaycan idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçrilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması böyük nailiyyət oldu və bu Azərbaycanın 25 illik paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi.

Bu gün idmançılarımız "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak edirlər. Sentyabrın 8-dək davam edəcək Paris Paralimpiadasında Azərbaycan 7 növdə 18 idmançı ilə təmsil olunur. Artıq kifayət qədər qələbələr tarixə yazılır.

"Paris-2024" Yay Paralimpiya Oyunlarında da idmançılarımız uğur qazanırlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib. "Ura! Növbəti qələbəmiz! Dördqat dünya çempionu Lamiyə Vəliyeva "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!", - deyə Mehriban Əliyeva bildirib.

Bundan əvvəl də Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmışdır. "Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!", - deyə Mehriban Əliyeva paylaşımında qedy etmişdir.

"BİZ LƏYAQƏTLİ XALQI VƏ BÖYÜK HÖRMƏTƏ LAYİQ OLAN ÖLKƏNİ TƏMSİL EDİRİK"

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Əlbəttə ki, qazandığımız tarixi Zəfər hər bir azərbaycanlının başını uca edib, onları qürurlandırır. Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər. Dünya arenasında idman ölkəsi kimi tanınan Azərbaycanın idmançıları bu gün yarışlara qalib ölkənin nümayəndələri kimi qatılırlar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək."

Əlbəttə ki, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. "Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun" - deyən dövlət başçısı bildirib ki, məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı".

Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir.

İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz" – deyən Prezident bildirib ki, bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
sesqazeti.az

1Mənbələr