AZ

ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birini ələ keçirib

ABŞ hərbçiləri Suriya Demokratik Qüvvələri ilə birlikdə Suriyada saxlanılan militanlarının təcridxanadan qaçmasının təşkilinə kömək edən İslam Dövləti qrupunun (İD) liderlərindən birini ələ keçirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bazar ertəsi dərc edilmiş bəyanatında deyilir.

Məlumatda bildirilir ki, Xalid Əhməd Əl-Dəndal bazar günü gecə keçirilən əməliyyat zamanı saxlanılıb.

Bundan əvvəl avqustun 29-da beş İD militantının - iki Rusiya, iki Əfqanıstan və bir Liviya vətəndaşının Suriyanın Raqqa şəhərindəki təcridxanadan qaçışı baş tutmuşdu. Daha sonra Suriya Demokratik Qüvvələri onlardan ikisini, İmam Əbdülvahid Əhvan (Rusiya) və Məhəmməd Nuh Məhəmmədi (Liviya) ələ keçirib. Digər üç nəfərin axtarışları davam edir. Onlar Timor Talbrken Abdaş (Rusiya), Şuab Məhəmməd Əl-Abdli (Əfqanıstan) və Atal Xaled Zaradır (Əfqanıstan).

Komandanlığın bəyanatında deyilir ki, İslam Dövlətinin əsas məqsədi qruplaşmanın sonradan dirçəldilməsi üçün saxlanılan döyüşçülərini azad etmək olaraq qalır. Komandanlıq ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri ilə birlikdə gələcək qaçışların qarşısını almağa və nəticədə bölgədə İD-i məğlub etməyə yönəlib.

Mərkəzi Komandanlığın rəhbəri general Erik Kurilla vəziyyətin ciddiliyini vurğulayaraq qeyd edib ki, Suriyada 20-dən çox təcridxanada saxlanılan 9000-dən çox İslam Dövləti döyüşçüsü “həqiqi və məcazi mənada həbsdə olan İŞİD ordusudur”.

“Çox sayda İŞİD döyüşçüsün qaçması region və onun hüdudlarından kənarda müstəsna təhlükə yaradacaq” - deyən general komandanlığın məhbusların öz ölkələrinə qaytarılması üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyini qeyd edib. İŞİD (İraq və Şam İslam Dövləti) təşkilatın orijinal adı olub, sonradan İslam Dövləti olaraq qısaldılıb. İD və onun dünyanın müxtəlif ölkələrindəki təmsilçiləri ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.

Ötən həftə Amerikanın Səsi bildirmişdi ki, Amerika və İraq hərbi qüvvələri İraqın qərbində 15 militantın məhv edildiyi birgə əməliyyat keçirib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
visiontv.az

1Mənbələr