AZ

Ermənilər terrorçuluqdan, Ermənistan isə terroru himayə etməkdən əl çəkmir

Çikaqo Universitetinin 21 yaşlı erməniəsilli tələbəsi Aram Branson azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırdığı bombaları hazırlamaqda ittiham olunur. Bu barədə ABŞ-də nəşr olunan "Chikaqo Suntimes" qəzeti məlumat yayıb. Onun fəaliyyəti ötən il yataqxanada yanğına səbəb olub, araşdırma aparılıb. Aram müstəntiqlərə yalan danışıb ki, o, internetdə prank etmək istəyib. Partlayıcı maddələr üzrə ekspertlər şübhəlinin otağında partlayıcı hazırlamaq üçün istifadə olunan kimyəvi maddələr aşkar ediblər. Aram Qarabağda yaşayan ermənilərə kömək etmək üçün partlayıcı maddələr istehsal edirdi. Branson həmçinin izləyicilərə bomba hazırlamağı öyrətdiyi və bir qrup insanı necə formalaşdırmaq, maliyyələşdirmək və silahlandırmaq yollarını müzakirə etdiyi videolar da yazıb. O, öz videolarında Azərbaycan hərbçisinin və bir neçə azərbaycanlı siyasi xadimin də daxil olduğu potensial sui-qəsd hədəflərini də təfərrüatlandırıb. Branson Vaşinqton və Boston da daxil olmaqla, dünya üzrə Türkiyə və Azərbaycanın diplomatik nümayəndəliklərinin yerləşdiyi yerlər haqqında məlumat almaq üçün internetdə axtarış aparıb. O, internetdə diplomatik binalara girişlə bağlı məlumatları axtarıb. Aram hazırda Ermənistanda gizlənib. Prokurorların dediyinə görə, federal səlahiyyətlilər Bransonla əlaqə saxlamaq üçün onu ABŞ-yə qayıtmağa və hüquq-mühafizə orqanlarına izahat verməyə razı salmağa çalışsalar da, o, qayıtmaqdan imtina edib.

Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Züriyə Qarayeva bildirib ki, ermənilərin bu cür cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb:

"Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə "Hınçaq", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun" partiyalarını yaradıblar. Bundan sonra ermənilərin "böyük ermənistan" yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutub".

"Erməni məsələsi ortaya çıxandan bəri öz peşəsinə çevirən erməni terrorizminin məqsədi tarixi faktlara tamamilə məhəl qoymayaraq, qondarma erməni soyqırımı iddialarını, ermənilərin tələblərini dünya ictimaiyyətinə çatdırmaqdır. Onun nail olmaq istədiyi son "böyük ermənistan" arzusu idi. Erməni problemi Osmanlı İmperiyasını parçalamaqla öz maraqlarına çatmaq məqsədi daşıyan dövlətlər tərəfindən yaradılıb və bu gün adları dəyişsə də, eyni maraq dairələrinin öz ambisiyalarını həyata keçirmək üçün isti saxlamaqları əsassız, süni və məqsədyönlü problemdir. Osmanlı İmperatorluğunun son dövründə ermənilər rəqiblərə qarşı öz xarici siyasətlərində başqa millətlərdən istifadə edirdilər. Eynilə bu gün də "Soyqırımı iddiaları" ilə beynəlxalq münasibətlərdə, tarixin təkzib etdiyi məsələni həmin məqamı Türkiyəyə təzyiq etmək və onu çətin vəziyyətə salmaq istəyən ölkələr və qruplar üçün təsirli bir vasitə halına gətirmək cəhdləridir. Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı pis rəftar edildiyi iddia olunan və qondarma erməni soyqırımının qisasını almaq və təbliğat apararaq bu iddiaların geniş şəkildə qəbulunu təmin etmək məqsədləri həyata keçirilməyə başlandı. Ermənilər Osmanlı və Türkiyə Cümhuriyyəti dövründə cəmiyyətin müxtəlif təbəqələrində qorxu və dəhşət yaradan qanunsuz zorakılıq hərəkətləri etmiş, günahsız türk-müsəlmanları qətlə yetirmiş, mallarını talan etmiş, çoxlu sayda ziyan vurmuşlar. Erməni terror aktları ilə bağlı qeyd edilməli olan digər mühüm cəhət də odur ki, bu aktlar intensiv beynəlxalq xarakter daşıyır. Artıq XVIII əsrdə "Daşnaksütyun" kimi erməni terror qruplaşmaları Osmanlı hüdudlarından kənarda yaradılıb və bəzi dövlətlərdən əhəmiyyətli yardımlar alsalar da, öz fəaliyyətlərini Osmanlı İmperiyasının sərhədləri daxilində həyata keçirirdilər", - analitik deyib.

Onun sözlərinə görə, öz torpaqlarında türk hədəflərinə qarşı terror aktları həyata keçirən Qərb dövlətləri ya hücumu həyata keçirən terrorçulara reaksiya vermədilər, ya da onları mühakimədən sonra azad etdilər:

"Bu vəziyyətin arxasında bir niyyətin olduğu aydındır. "Böyük ermənistan" arzusunu həyata keçirmək üçün ermənilərin didərgin salınmasını soyqırımı kimi istismar edən "Dörd T planı"nı həyata keçirdilər. Bu plan erməni iddialarını dünyaya tanıtmaq, Türkiyədən təzminat almaq və nəhayət, "Qərbi Ermənistan" adlı "torpaq parçası"nı Türkiyədən ayırmaq məqsədi daşıyır. Erməni təşkilatları qondarma soyqırımı iddiası ilə dünyanın dörd qitəsində və 19 müxtəlif ölkəsində türk diplomatlarına qarşı qanlı sui-qəsdlər və sensasion təzyiqlər həyata keçiriblər. 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar etnik təmizləmə, soyqırımı, işğalçılıq siyasəti yeridib, nəticədə dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb. Bu günə qədər davam edən terror siyasətinə təəssüf ki, dünya birliyi göz yumduğu üçün Aram Branson kimilər də bu fəaliyyəti rahatlıqla icra edə bilirlər".

Siyasi şərhçi Sahil Kərimli də Oxu.Az-a açıqlamasında bildirib ki, qanlı terrorlar, işğalçılıq, separatizmin dəstəklənməsi Ermənistanın dövlət siyasətinin tərkib hissələrindən biri olub və bu siyasət, təəssüflər olsun ki, bu gün də davam etdirilir:

"Ermənistan həm dövlət olaraq qonşularına qarşı daim işğalçılıq siyasəti həyata keçirib və bölgədə daim terrorçuluğa dəstək verən ölkə imici qazanıb. Eyni zamanda, qonşu ölkələrə qarşı terrorçuluğun dəstəklənməsi, terrorçulara himayədarlıq edilməsi, terror təşkilatlarının yaradılması və idarə edilməsi, ümumiyyətlə, dünyada terror aktlarının hazırlanması və həyata keçirilməsi istiqamətində də Ermənistan açıq şəkildə tanış, tanınmış ölkələrdən biridir".

Ermənistan bu gün də terrorçuların Ermənistanda gizlədilməsi, terrora qucaq açılması siyasətini davam etdirir. Təəssüf ki, Azərbaycan dövləti daim Ermənistanın bu terrorçuluq siyasətindən əziyyət çəkib. Azərbaycan dövlətinə və xalqına qarşı terror cinayətləri törədilməsi istiqamətində Ermənistan daim fəallıq nümayiş etdirib və bu gün biz terrorçunun gizlədilməsi və ona himayədarlıq edilməsi istiqamətində də Ermənistanın fəal addımlarının şahidi oluruq. Bütün bu siyasət Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün çox ciddi maneələr yaradır və təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına maneə törədən əsas amillərdən biri də budur", - deyə siyasi icmalçı vurğulayıb.

Mərahim Nəsib

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
oxu.az

2Mənbələr