AZ

İmişlidə Ağsaqqallar Şurasının yığıncağı keçirilib

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində tədbir keçirilib.


Yeniazerbaycan.com xəbər verir ki, tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Şuranın sədr müavini Səlim Məhərrəmov, Şuranın İdarə Heyətinin üzvü  Mayıl Hacıyev, Şura sədrinin köməkçisi Ramiz Əliyev və Bəhrəmtəpə Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər. Yığıncaqda Bəhrəmtəpə qəsəbə  Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibinin seçilməsi və qəsəbədə təşkil edilən yas məclislərinin yeni qaydaları müzakirə edilib. Çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, son zamanlar rayon Ağsaqqallar Şurasının keçirdiyi tədbirlər say və məzmunca daha da zənginləşir. Rayon ağsaqqallar Şurasının keçirdiyi tədbirlərə maraq artır. Yaşı əllidən yuxarı olan insanlar Ağsaqqallar Şurasının üzvü olmaq üçün müraciət edərək sıralarımıza daxil olurlar. Hazırda 400 nəfərə qədər rayonumuzun ağsaqqalı şuranın üzvlüyünə qəbul olunublar. Sıralarımızın boy artımı davam etməkdədir. Bu bizim qarşımıza yeni tələblər qoyub. Yeni yerli şuraların yaradılması və ağsaqqallarımızın  həmin şuraların tərkibində birləşməsi qarşımızda duran əsas məsələlərdən biridir. Saleh Səmədov həmçinin qəsəbədə keçirilən yas məclislərinin sadələşdirilməsi və bütün insanların məqbul hesab edəcəyi qaydalar barədə qısa məlumat verdi. O, yas məclislərin ağırlığını və xərclərin çoxluğunu nəzərə alaraq üç və yeddi məclislərinin birləşdirilməsini təklif etdi.

Rayon Ağsaqqallar Şurasının nümayəndələri Səlim Məhərrəmov,  Mayıl Hacıyev, Ramiz Əliyev, qəsəbə sakinlərindən Ağsaqqallar Şurasının üzvləri Mədət Tapdıqlı, Məhəmmədəli Zeynalov, Yaqub Hüseynov, Qafqaz Behbudov və digərləri Ağsaqqallar Şurasının cəmiyyətdəki rolundan, üzərinə düşən öhdəliklərdən  və həyata keçirəcəyi işlərdən danışdırlar. Qeyd etdilər ki, Ağsaqqallar Şurası yaşlı nəslin nümayəndələrinin daha da yaxınlaşmasına və bir kollektivdə birləşməsinə yardım etməli, cəmiyyətdəki ictimai-siyasi proseslərə  öz təsirini daha intensiv səkildə dəstək verməlidir.

Çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun yas məclislərinin sadələşdirilməsi, hər bir ailənin gücü çatacaq mərasimə çevrilməsi sahəsindəki təşəbbüsünü müdafiə etdilər. Bəhrəmtəpə qəsəbə Ağsaqqallar Şurası 17 nəfərdən ibarət yeni idarə heyətini və sədrini seçdi. Bəhrəmtəpə qəsəbə yerli Ağsaqqallar Şurasının yeni sədri Hüseynov Yaqub Xanış oğlu seçildi. Bəhrəmtəpə qəsəbə yerli Ağsaqqallar Şurası Rayon Şurasının sədri Saleh Səmədovun yas məclislərinin sadələşdirilməsi, hər bir ailənin gücü çatacaq mərasimə çevrilməsi sahəsindəki təşəbbüsünə dəstək verərək  onun qəsəbə sakinləri arasında təbliğ edilməsini qərara aldılar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
yeniazerbaycan.com

1Mənbələr