AZ

Xuan Bernat “Vilyarreal”da

Fransa çempionu PSJ-nin sol cinah müdafiəçisi Xuan Bernat icarə müqaviləsi əsasında La Liqa təmsilçisi “Vilyarreal”a keçib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Vilyarreal” 31 yaşlı ispan futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xuan Bernat “Valensiya”nın yetirməsidir. İspaniya klubu onu 2014-cü ildə 10 milyon avroya Almaniya nəhəngi “Bayern”ə satıb. PSJ isə Bernatı 2018-ci ilin avqustunda 5 milyon avro müqabilində heyətinə cəlb edib. Müdafiəçi Paris klubunun heyətində 128 oyun keçirib, 8 qol və 15 məhsuldar ötürmə müəllifi olub.

Bernat ötən mövsüm “Benfika”da da icarədə olub. 2014-cü ildə İspaniya yığmasında debüt etmiş müdafiəçi, millinin heyətində 14 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Vilyarreal” iki futbolçusunu da icarəyə verib. 21 yaşlı uruqvaylı hücumçu Andres Ferrari “Sent Trüden”ə, 27 yaşlı niderlandlı sol vinger Arno Danjuma isə “Jirona”ya keçib. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaq.

“Defensor”un yetirməsi olan Ferrari “Vilyarreal”a 2023-cü ilin yayında 2,5 milyon avro müqabilində keçib. O, bu klubun əsas komandasında debüt şansı qazanmayıb.

Arno Danjuma isə “Vilyarreal”a 2021-ci ilin avqustunda 23,5 milyon avro müqabilində cəlb olunub. O, La Liqa təmsilçisində 54 oyuna çıxıb, 24 qol vurub, 4 assist müəllifi olub. Arne əvvəlki mövsümlərdə “Tottenhem” və “Everton”da da icarədə olub. PSV, “Brügge”, “Bornmut” kimi klubların da şərəfini qorumuş Danjuma, Niderland yığmasında 6 oyuna 2 qol vurub.

Danjumanı heyətinə qatan “Jirona” sol vingeri Toni Vilya ilə də yollarını ayırıb. 29 yaşlı ispan futbolçu azad agent kimi “Eybar”a keçib və yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

“Valyadolid”, “Leonesa” kimi klublarda da oynamış Toni, “Jirona”da 28 oyuna 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
arena.az

1Mənbələr