AZ

Professor Fərrux Rüstəmov: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Professor

Bakı, 26 avqust, AZƏRTAC

Eyni etnik kökə, ortaq tarixə, mədəni dəyərlərə, dinə sahib Azərbaycan və Özbəkistan respublikaları arasında siyasi-iqtisadi, elmi-mədəni əlaqələr sürətlə inkişaf edir. Hər iki respublika dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətlərini yeni müstəvidə inkişaf etdirərək bugünkü müttəfiqlik səviyyəsinə qaldırıb. Bu əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri professor Fərrux Rüstəmov bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin səyləri nəticəsində iki ölkənin münasibətləri bu gün tamamilə yeni mərhələyə qədəm qoyub. Son iki ildə Prezident İlham Əliyevin Özbəkistana beş səfərinin baş tutması dostluğun, qardaşlığın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Hər iki qardaş respublikanın prezidentlərinin qarşılıqlı səfərləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarını vahid geosiyasi regiona çevirib. Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq regionda baş verən bütün proseslərə müsbət təsir göstərir.

Professor vurğulayıb ki, bu il avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri Türk dünyasının birliyinə, strateji tərəfdaşlığın dərinləşdirilməsinə, hərtərəfli əməkdaşlığın inkişafına dəyərli töhfədir. Müttəfiqlik münasibətləri haqqında bağlanan müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Bununla da, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, yaxın illərdə nəinki iki dövlət arasında, həm də regional siyasətdə yeni istiqamətləri müəyyən edəcək. Məktəbəqədər, ümumi təhsil, peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanan protokollar təhsil sahəsində əməkdaşlığın yeni mərhələyə qalxmasına, müəllim-tələbə və təcrübə mübadiləsinə, birgə tədqiqatların aparılmasına təkan verəcək.

F.Rüstəmov qeyd edib ki, siyasi-iqtisadi əlaqələrimizin genişlənməsi Özbəkistanda yaşayan 70 minə yaxın azərbaycanlının sosial, ictimai, iqtisadi və digər sahələrdə fəal iştirakını təmin edəcək. Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın, regionumuzun, həm də bütün Türk dünyasının inkişafına dəyərli töhfələr verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
azertag.az

1Mənbələr