AZ

Onların tutduğu yolun islamla əlaqəsi yoxdur- Tural İrfan yazır

Vəhabilərin özlərini dövlətə loyal göstərmələrinə əsla aldanmayın. İlan istər yuvasında, istər çöldə yenə də ilandır. Uşaqlarınızı uzaq tutun onlardan, onların getdiyi yolun Həzrət Muhəmmədin gətirdiyi dinlə əlaqəsi yoxdur. Onların getdiyi yol Muhəmməd bin Abdulvəhhabın yoludur. Osmanlıya xəyanət edərək rəhbərə qarşı çıxıb dövləti parçalayan bir əqidənin tərəfdarlarının bu gün "hakim zalım da olsa qarşı çıxmaq olmaz" demələri qeyri - səmimilik, riyakarlıq və təqiyyədən başqa bir şey deyil. Əslində onlar dünyəvi hakimiyyətlərin hər birini qeyri - qanuni, demokratik seçkini batil hesab edirlər. Seçkidə iştirak etməyi haram sayırlar. Keçirilən seçkilərdə vəhhabilər camaatı səs verməyə getməməyə təşviq edir. 

Mütləq hakim olan Əli bin Əbu Talıba qarşı çıxıb vahid İslam xilafətini parçalayan Müaviyyəyə həzrət, rəhmət deyən bir qövmün də bir gün həmin xəyanəti təkrar etməsi şübhəsizdir.

"Özümə yer edim, gör sənə edirəm" fəlsəfəsini əsas götürən vəhhabi ideoloji xəttinin təməli, bünövrəsi te*ror və radikalizm üzərində qurulub.

İraqı, Suriyanı viran edib dağıdan, misli görünməmiş cinayətlər törədən İŞİD adlı təşkilatın dini etiqadı, əqidəsi nə hənəfi, nə maliki, nə cəfəri, nə də şafii idi. O təşkilatın rəsmi əqidəsi vəhhabilik yaxud sələfilik idi. Bunu ora - bura burcutmaq lazım deyil. Bu faktdır. Ola bilər, onlar da vəhhabilik içində digərləri kimi bir neçə cərəyana bölünsünlər, üzdə bir - birini hətta kafir də hesab etsinlər. Lakin de-fakto ideoloji xəttin təməli eynidir, hədəf eynidir...

Gəncləri dünyəvi elmlərdən uzaqlaşdırıb orta əsrlərə sürükləyən bu təriqəti Qərbin gizli dairələri təşkil edəndə şübhəsiz ki, digər müsəlmanlara qarşı savaşmaq, mübarizə aparmaqlarını nəzərdə tutub. Bunun üçün də onlar təbii ki, "şirk, bidət, tağut" kimi mövzular götürüb başqalarını təkfir etməklə fitnə alovunu yandırdılar.

Allaha insan obrazı verən, Allahı da özləri kimi amansız, qaş-qabaqlı qəddar insan kimi təsvir edən, ancaq yandıran, dağıdan, əzab verən yaradıcı olaraq təqdim edən bir cərəyan heç vaxt humanizmə, ümumi sülhə, mənəvi dəyərlərə xidmət edə bilməz.

Allaha şamil etdikləri əcaib sifətlərlə nöqsan sifətlərdən uca olan yaradıcını təhqir edirlər. Onlara görə Allahı da insan kimi gözlə görmək mümkün olacaq, hətta Yaradanı 14 gecəlik Aya bənzədirlər. Gecə səhərə yaxın Allah yer üzünə gəlirmiş. Xaliqin iki qolu varmış, ikisi də sağda imiş. İki əli varmış. Saçı qıvrımmış. Barmağı da varmış. Hətta ayağını Qiyamət günü cəhənnəmə sallayaraq odu səngidəcəkmiş. Allah o dünyada budunu açıb göstərəcəkmiş... Bax bunlara iman etmək  vəhhabi əqidəsinin özəyidir. Sonra da deyirlər keyfiyyətini izah etmək olmaz. Daha nəyi izah edəcəksən, bu qədər insana məxsus sifətləri Allaha şamil etməklə onun haqqında insanlarda təsəvvür yaratdın, bu bəs deyilmi?

Peyğəmbər uzun illər əziyyət çəkib ki, insanlar Allahı insana bənzətməkdən, ona şərik qoşmaqdan, onun obrazını təhqir və təhrif etməkdən uzaq olsunlar. Təbliğat apararaq Allahı nöqsan sifətlərdən münəzzəh tutub, lakin bunlar əksinə Yaradana nöqsan olan sifətlər şamil edirlər.

Harada, hansı ölkədə bu əqidədə, bu inancda olan varsa mütləq orada ya te*ror, fəsad ya da radikalizm, narahatlıq var.

Əsla əl vurulmamış əcaib saqqallarla, ingilis adətinə uyğun olaraq gödək şort geyməyi "sünnət" hesab edərək qeyri müsəlmanlarda İslam dini haqqında mənfi, gerilikçi təsəvvür yaradırlar. Şübhəsiz ki, bunu Mister Henfer düşünürdü və təşkil edirdi, dəstək verirdi. Vəhhabi əqidəsinə görə, özləri kimi inanmayan, fərqli düşünən minlərlə adamın başını kəsmək yox, şalvarın ayağını qısaltmamaq daha böyük günahdır.

Ancaq qəddarlıq onlar üçün xarakterikdir. Aqressiyalı, qaba və məzmunsuz - quru moizələrlə əsla ziyalı, müasir intellektual kütləyə xitab etmək potensialına heç yerdə malik olmayıblar.

İlk başlayanda xurafatı və avam adamların bəzi əməllərini tənqid etməklə özlərinə diqqət və rəğbət yaradıb dinin kökündən xəbərsiz fərdləri yollarına cəlb edirlər. Sonra isə davamı gəlir...

Bu əqidənin, bu etiqadın irəli sürdüyü faydalı bir - iki nüans var ki, o da bu məzhəbə xas deyil. Bütün mötədil məzhəblərdə Allaha şərik qoşmaq, bütpərəstlik etməmək, xurafatdan uzaq olmaq var. Bunlar xüsusi olaraq diqqət çəkmək üçün bir neçə əlaməti şüar edərək özlərini əsl İslamın davamçıları kimi təqdim edirlər. Əslində isə əsla belə deyil. Əsl İslamdan, Quran vəhyinin özək mahiyyətindən çox uzaqdırlar.

Quranın niyə "Rəhmli və Mərhəmətli Allahın adı" ilə başlamasının səbəbini dərk etməyə cəhd etməkdən belə kənardırlar. Hər qövmün, hər xalqın öz genetik xüsusiyyətlərinə görə də özü üçün uydurduğu tanrı obrazı var. Türklərdə Tanrı obrazı özləri kimi mərd, cəsur, ədalətli, insaflı, mərhəmətli olaraq təsvir edilib. Ona görə sonra İslama gələn türklər yaradıcını elə o cür də dərk ediblər. Farslarda da Əhrimən obrazı adil, aqil, müdrik, lakin bir qədər də hiyləgər təsvir edilib qədimdə. Yəni öz milli xarakterlərinə uyğun. Yəhudilərdə də həmçinin, yaradıcı qəddar, tərəfkeşlik edən, yaratdıqları arasında nifaq salan, sözünü dəyişən kimi təsvir və təqdim olunub. Ərəblərdə də İslamdan öncə Allah obrazı qəddar, ancaq yalvarmaqla və yolunda qurban kəsməklə yola gələn, ipə - sapa yatmayan şəxs, şəriklər vasitəsi ilə iş görən kimi təsvir olunurdu. İslam isə yaradıcı barədə olan bütün bu yanlış təsəvvürü rədd edərək Allahı hikmətli, elmli, mərhəmətli, adil, yaratdıqlarına bənzəməyən, yaratdıqlarını sevən, onlara yol göstərən, kömək edən, hidayət edən obrazda təqdim etdi.

Vəhabi siyasi ideoloji cərəyanı isə yaradıcını İslamdan əvvəlki ərəb şüurunda formalaşmış təsvirdə və xarakterdə təqdim edir. Ömür boyu ibadət edən, ancaq bircə dəfə saqqalının qıraqlarını nizama salan, şalvarını qısaltmayan müsəlmanı əbədi cəhənnəmdə yandıran tanrı obrazı şübhəsiz ki, İslamın təqdim etdiyi Allah ola bilməz. Əməvilər əsasən Peyğəmbərin ləğv etdiyi bir çox qədim milli ərəb gələnəyindən gələn adətləri, qaydaları, inancları qaytarıb dirçəltdilər. Bu şeyləri İslamı təzə qəbul edib çox şeydən xəbərsiz müsəlmanların şüuruna yeritdilər, hətta adamlar tutub rəvayətlər, uydurma hədislər istehsal etdilər. Onların yazdırdıqları mənbələr, qoyduqları şovinist ənənə sonralar vəhhabilik kimi cərəyanların əsas özəyini təşkil etdi. Vəhhabilər hətta danışanda belə ərəblərə xas, tələsik üslubda danışır, quru və dayaz, bir qədər də kobud və qaba moizələrlə qədim ərəb milli xüsusiyyətlərini öz obrazlarında təqdim edirlər.

Vəhhabi cərəyanı tərəfdarları üçün mədəniyyət, incəsənət, poeziya, sənətşünaslıq, rəssamlıq, folklor, dünyəvi elmlər anlayışı yoxdur. Əfqanıstanda, Ərəbistanda, Suriya və İraqda onların əlləri çatdığı dövrdə bu sahələrə aid olan bütün dünyəvi irsi tarimar ediblər, məhv ediblər. Quranı yalnız özləri yozduğu üsulda təqdim edərək tamamilə Quranın, İslamın əksinə hərəkət edərək milyonlarla müsəlmanın qanını tökməklə yanaşı, milyonlarla da tarixi, mədəni abidəni dağıdıblar.

Bu zərərli, ziyanlı cərəyanın bəşəriyyət üçün böyük təhdid olduğunu dərk etmək lazımdır. Qərbin, əsasən də ABŞ-ın toxunulmazlıq verdiyi bu ideologiya İslam qarşısında təşəkkül tapıb. Bu əqidəyə görə əsla qurmaq, tikmək, yaratmaq, kəşf etmək, təsdiq etmək, təqdir etmək, yaşatmaq anlayışı yoxdur. Yalnız dağıtmaq, uçurtmaq, yıxmaq, inkar etmək, təkfir etmək, öldürmək var...

Tural Irfan, MCP-nin sədr müavini


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
news365.az

1Mənbələr