AZ

Azərbaycan Özbəkistan üçün mühüm və etibarlı tərəfdaşdır

Türk Dövlətləri Təşkilatı dünya birliyinə uğurlu inteqrasiyanı davam etdirir. Bu prosesdə təşkilata üzv dövlətlər böyük rol oynayır. Təşkilatın aparıcı dövlətləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan yeni reallıqlar fonunda uğurlu xarici siyasəti ilə seçilir. Təşkilata üzv ölkələrin bir-biri ilə dostluq və qardaşlığa söykənən münasibətləri dünyanın diqqətini çəkməkdədir. Eyni tarixi kökdən gələn, oxşar dili, adət-ənənələri, milli və dini dəyərləri daşıyan türk xalqları qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq əsasında çoxşaxəli əməkdaşlığı davam etdirir. Ölkə başçılarının dövlət səfərləri, hökumət nümayəndələrinin görüşləri, əldə olunan razılaşmalar bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini göstərir. 



Prezident İlham Əliyevin 22 avqust 2024-cü il tarixində Özbəkistan Respublikasına dövlət səfəri inkişaf edən münasibətlərə daha bir örnəkdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə keçirilən görüşdə iki ölkə arasında enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanla Özbəkistanın münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlir.  

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Prezident İlham Əliyevin də dediyi kimi ölkələr arasında möhkəm münasibətlər artıq bütün sınaqlardan çıxıb və bu gün ən yüksək səviyyəyə çatıb. 

Prezidentlər arasında imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət edəcək. Daşkənddə imzalanan sənədlər arasında turizm, mədəniyyət, elm və təhsil, sosial, ədliyyə, sənaye və ticarət sahələrini əhatə edən saziş və protokollar da yer aldı. 



Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü inkişafını dəyərləndirən politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, ölkələrimizi ikitərəfli münasibətlərlə yanaşı regional və beynəlxalq təşkilatlarda təmsil olunmaq birləşdirir. 

O, dövlət başçılarının mütəmadi səfərlərinə diqqət çəkərək II Qarabağ müharibəsindən sonra iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açıldığını deyib:

“Özbəkistanla münasibətlər qarşıya qoyulmuş strateji yol xəritəsi üzrə inkişaf etdirilir. Ötən illərdən fərqli olaraq hazırkı dövrdə münasibətlərin çoxtərəfli inkişafına imkan var. İqtisadiyyat, energetika, ticarət, mədəniyyət, turizm kimi bir çox sahələri əhatə edən əlaqələr bu gün həm də Özbəkistanın inkişafına təkan verir. Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan üçün vacib olduğu qədər, Özbəkistan üçün də əhəmiyyət kəsb edir. Çünki kommunikasiyaların açılması dəhlizin birləşdirdiyi ölkələrin iqtisadiyyatını inkişaf etdirəcək, logistik imkanlarını artıracaq, onlara geosiyasi üstünlük qazandıracaq. Azərbaycan bu gün Özbəkistana investisiya qoyuluşunda iştirak edir ki, Özbəkistanın iqtisadiyyatı bundan çox faydalanır.

Tük Dövlətləri Təşkiları koordinasiyalı faliyyət göstərməlidir. Burada siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ön plana çıxır. Azərbaycan, Türkiyə və Orta Asiyanın türk dövlətlərinin birgə hərbi alyans qurmaq potensialı var. Bu, özünümüdafiə məqsədilə qurulacaq hərbi təşkilat olacaq, bəşəriyyətin günümüzdə müharibələrlə təhdid olunduğu, regionda yeni münaqişə ocaqlarının yarandığı bir vaxtda türk dünyasının hərbi müttəfiqliyinin və bu məqsədlə hərbi birliyin yaradılmasını mühüm hesab edirəm. Hər bir dövlətin və ya bir neçə dövlətin birlikdə özünü müdafiə etmək hüququ var. Başqa dövlətlərə qarşı yönəlmədikcə yaradılan müdafiə təşkilatları üzv ölkələrin təhlükəsizliyini təmin edir, dayanıqlı sülh və sabitliyin əldə olunmasına təsir edir”.



İqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi aspektlərini dəyərləndirib:

“Özbəkistanla Azərbaycanın əlaqələrinin dərin tarixi kökləri var. Özbəkistan hələ Sovet dövründən pambıq istehsalçısı kimi tanınırdı və istehsal edilən pambıq emal üçün Səmərqənddəki pambıq zavoduna göndərilirdi. Kənd təsərrüfatı texnikalarının hamısı bizə demək olar ki, Özbəkistandan gətirilirdi, çünki bu ölkə kənd təsərrüfatı texnikalarının istehsalında qabaqcıl yerləri tuturdu. İndi də bu sahədə əməkdaşlığı bərpa etmək olar. Qərbdən və digər ölkələrdən alınan texnika çox bahadır, həmin texnikaları Özbəkistandan əldə etsək, bir qədər ucuz başa gələr və büdcəyə qənaət olunar. Müstəqillik əldə etdikdən sonra Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrdə yeni səhifə açılıb. 

Düşünürəm ki, Özbəkistanın pambıqçılıq təcrübəsindən yararlana bilərik. Təcrübə mübadiləsi qarşılıqlı ola bilər, çünki Özbəkistanın da təbii qazını Avropaya ixrac etməsi üçün Azərbaycana ehtiyacı var. Azərbaycan Özbəkistan üçün önəmli tranzit ölkə ola bilər. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də dediyi kimi Azərbaycan bu ölkə üçün mühüm və etibarlı tərəfdaşdır. İqtisadiyyatın digər sahələrində də əməkdaşlıq mümkündür. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın Özbəkistan, Qazaxıstan, Qırğızıstanla əməkdaşlığı xüsusi önəm kəsb edir. İqtisadi əlaqələri hər iki tərəfin xeyrinə olardı zənnimcə. Orta Asiya ölkələrinin Avropaya çıxışını təmin etmək üçün Azərbaycanın üzərində bir missiya var. Sözsüz ki, bu reallaşarsa, Azərbaycan tranzit ölkə kimi mənfəət əldə edəcək”.


Törə Zeynallı
Demokrat.az 


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində hazırlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
demokrat.az

10Mənbələr