AZ

Son illər diaspora komitəsində ciddi keyfiyyət dəyişiklikləri müşahidə edilir: “44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə…”

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

“Erməni diasporu ilə Azərbaycan diasporasını müqayisə etmək doğru deyil. Bizim diasporadan fərqli olaraq, ermənilərin diasporu, ən azından yüz əlli illik tarixə malikdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, ermənilər 19-cu əsrin sonlarından başlayaraq Fransa, ABŞ, Rusiya, Livan, Argentina, Uruqvay və bir sıra başqa ölkələrdə məskunlaşmaqla, həmin cəmiyyətlərə adaptasiya olundular:

“Hal-hazırda kifayət qədər maliyyə resurslarına malik olan ermənilər, “türk düşmənçiliyi “ üzərində qurulmuş vahid ideya, qriroryan kilsəsi ətrafında birləşdilər. Bu da təbii ki, qlobal güclərin siyasəti ilə üst-üstə düşdüyündən, bir çox inkişaf etmiş imperialist dövlətlər, erməni diaporasına ciddi dəstək verirlər. Digər tərəfdən, erməni-daşnak millətçiləri, bir çox ölkələrin siyasətçilərini, parlamentarilərini, jurnalistlərini, politoloqlarını satın almaq üzrə ixtisaslaşıblar. Məhz onlar tərəfindən, təmsil olunduqları orqanlarda lobbi fəaliyyətləri həyata keçirilir. Azərbaycan, eləcə də Türkiyə əleyhinə fasiləsiz təbliğat aparılır. Mitinqlər, aksiyalar təşkil olunur. Biz, Vətən müharibəsinin gedişatında, Amerikadan tutmuş Avropaya qədər müxtəlif şəhərlərdə aqressivliyi ilə seçilən çoxsaylı aksiyaların şahidi olduq.

Azərbaycanın diaspor siyasəti isə gəncdir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və ilk qurultay 2001-ci ildə Bakıda keçirilmişdir. Heydər Əliyev prezident statusunda,  xarici səfərlərində, həmin ölkələrdə məskunlaşmış soydaşlarımızla görüşür, onları bir araya gətirir, təşkilatlanmağa, ictimai-siyasi proseslərdə fəal olmağa çağırırdı. Sonralar, Prezident İlham Əliyev də, diaspor siyasətinə xüsusi diqqət və qayğı göstərdi. Onların inkişafı, təşkilatlanması üçün maliyyə vəsaitləri ayrıldı. Əfsuslar olsun ki, ayrılmış maliyyənin təyinatı üzrə istifadəsində sui-istifadə hallarına yol verildi. Rəhbərliyə seçkilər zamanı layiq olanlara deyil, ictimai reputasiyası şübhəli olanlara üstünlük verilirdi. Bu və ya digər səbəblərdən bir çox ölkələrdə soydaşlarımız arasında narazılıqlar baş verirdi”.

N. Məhəmməliyevin sözlərinə görə, son illər diaspora komitəsində ciddi keyfiyyət dəyişiklikləri müşahidə edilməkdədir:

“44 günlük Vətən müharibəsi və ondan sonra baş verən hadisələr zamanı diaspora təşkilatlarımız çox böyük işlər gördü. Sayca çox az olmaqlarına rəğmən, ermənilərlə baş-başa gəlməkdən çəkinmədilər. Bəzi hallarda üstələdilər və bu, bizi sevindirir. Düşünürəm ki, hər bir azərbaycanlı, harada yaşamağından asılı olmayaraq “azərbaycançılıq” ideyası ətrafında birləşməli, güclü diasporanın formalaşmasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında iştirak etməlidir. Çünki müharibədə bitsə də  diplomatiya informasiya müstəvisində müharibə davam edir. Nə qədər ki, dünya erməniliyi ağıllanmayıb, savaş ritorikasından əl çəkməyib, arxayın ola bilmərik. Unutqanlıq, arxayınçılıq, tarixən xalqımıza baha başa gəlib. Biz xalq olaraq dəyərlərimizi, Azərbaycanın dövlət və milli maraqlarını qorumağı bacarmalıyıq”.

Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov bildirib ki, bu gün də Azərbaycan diasporu aktiv fəaliyyətini davam etdirir:

“UABD-nin mərkəzi qərargahı olan Azərbaycan evi Kiyevdə işlək vəziyyətdədir. Səfirliyimizlə əlaqələrimiz möhkəm və sabitdir. Birgə tədbirlər reallaşdırılır. Diasporla iş üzrə Dövlət Komitəsilə əməkdaşlığımız tam şəkildə dayandırılsa da öz imkanlarımız və resurslarımız hesabına layihələrimizi aktiv şəkildə davam etdiririk. Əlbəttə ki, müharibə şəraitində imkanlarımız məhdudlaşmışdır. Lakin buna baxmayaraq üzərimizə düşən məsələləri həll edirik.

Ukraynada Azərbaycan diasporu son 15 ildə çox güclü və aktiv fəaliyyət göstərib. Belə ki, Ukraynanın ictimai-siyasi həyatında yaxından iştirak edən diasporumuz Ukraynanın rəhbərliyi səviyyəsində də hər zaman diqqətdə olmuşdur. Bildiyiniz kimi, tədbirlərimizdə dövlət nümayəndələri iştirak edir. 44 günlük II Qarabağ müharibəsində də UABD erməni diasporunu susduraraq tarixi həqiqətləri Ukrayna ictimaiyyətinə ən yüksək səviyyədə çatdırmağı bacarmışdı”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
1
editor.az

2Mənbələr