AZ

Sabiq müsavatçı AXCP sədrinə səsləndi: Hakimiyyət partiyanızı “avtobusa” dəvət eləsə…

Sabiq müsavatçı, jurnalist Alya Yaqublu AXCP sədri Əli Kərimlinin müavinlərindən birinin partiya sədrinin həbsi barədə statusuna öz “Facebook” profilində münasibət bildirib.

Medianews.az xəbər verir ki, o, bir partiya funksionerinin öz sədrinin həbsini istəməməsini anlaşılan hesab etsə də, buna mane olmaq üçün seçilən üsulu siyasi effektivlik baxımından adekvat saymayıb.

A.Yaqublu daha sonra sosial media üzərindən AXCP sədri Ə.Kərimliyə suallar ünvanlayıb.

Statusu olduğu kimi təqdim edirik:

“Hörmətli Əli Kərimli bəy, bir az əvvəl müavinlərinizdən birinin statusunu gördüm. Diqqətimi çəkən hissəsini paylaşıram. Sonda Sizə suallarımı yazacam.

“Bu məsələdə hakimiyyət üçün doğru qərar nə ola bilər sualına cavab vermək üçün rasional və soyuqqanlı dəyərləndirməyə ehtiyac var. Birinci cavab verilməli sual budur ki, azadlıqdakı Əli Kərimli hakimiyyətə daha çox zərər vurar, yoxsa həbsdəki? Öncə onu qeyd edək ki, azadlıqdakı Əli Kərimlinin sözlərini dinləyən auditoriya bu gün siyasi proseslərin aktiv iştirakçı olmaqdan daha çox, hakimiyyətin sərt qadağalarına görə hərəkətsiz narazı dinləyici kütləsidir. Ona görə də Əli Kərimlinin bu fəaliyyəti mövcud sərt rejim qaydaları qüvvədə olduğu indiki şəraitdə mövcudluq təhlükəsi yaratmır və bu səbəbdən də hakimiyyət üçün onun həbsini həyati zərurət olmaqdan çıxarır. Ancaq onun həbsi cəmiyyətdəki tərəfdarlarını və bu ədalətsiz həbsdən narazı qalanların sayını daha da artıraraq, bu gün Əli Kərimlinin çıxışlarından daha çox ona siyasi dəstək və sosial baza qazandıra bilər. Bundan əlavə, o, həbs edilərsə, bu hadisə beynəlxalq səviyyədə hakimiyyətə qarşı yeni bir cəbhə açılmasına səbəb olar və məsələni xarici siyasətin əsas problemlərindən birinə çevirər. Belə bir bədəl ödəmək hakimiyyətə çoxmu lazımdır?

Məsələnin ikinci tərəfi isə budur ki, onsuz da hakimiyyət bu gün ölkədə siyasi fəaliyyəti məhdudlaşdırıb və sərt üsullarla cəmiyyətin siyasi proseslərə qoşulmasının önünü kəsib. Təcrübə onu göstərir ki, bu şərtlərdə də cəmiyyətin kütləvi fəallığı olmadığı halda Əli Kərimli praktik olaraq rejim dəyişikliyinə yol açacaq işlər görmək imkanında deyil. Çünki bir qayda olaraq rejim dəyişikliyi bir partiyanın və onun liderinin gücü ilə deyil, xalqın kütləvi dinc mübarizədə iştirakı ilə mümkün olur. Ona görə də Əli Kərimlinin nail olmaq istədiyi demokratik dəyişikliklərin yolu o zaman açıla bilər ki, Qərbin təzyiqləri hakimiyyəti öz sərt siyasi qadağalarından geri çəkilməyə vadar etsin. Əgər qadağaları götürməyə səbəb olacaq yeni bir situasiya olmayacaqsa, bu halda cəmiyyətin ümumi passivliyi fonunda Əli Kərimlinin fəaliyyətinin təsiri elə indiki kimi qalamaqda davam edəcək. Bu vəziyyətdə rejim üçün elə bir təhlükə yaratmayan Əli Kərimlini həbs edib onu dünya səviyyəsində də məşhurlaşdırmaq, beynəlxalq miqyasda və ölkədə dəstək qazandırmaq, ölkə daxilində sosial bazasını və xalq dəstəyini artırmaq hakimiyyətin maraqları baxımından doğru addım olardı, yoxsa yanlış?”

Hörmətli Əli bəy, əlbəttə, silahdaşınızın Sizin həbsinizi istəməməsi anlaşılandı. Amma buna mane olmaq üçün seçilən üsul siyasi effektlilik baxımından adekvat deyil.

Sizdən soruşmaq istədiklərim:

1. Statusda “Əli Kərimlinin rejim üçün elə bir təhlükə yaratmaması” təkrar-təkrar vurğulandığına görə, yazılanların təslimçi-minnətçi mövqe kimi görünməsi təhlükəsi barədə nə düşünürsüz?

2. Hakimiyyəti Əli Kərimlinin həbsininin həyati zərurət olmadığına inandırmaq üçün “onsuz da Əli Kərimli ancaq danışmaqla məşğuldur, bu, hakimiyyət üçün təhlükəli deyil” kimi ağır etirafın şəxsən Sizə və partiyanıza faydası, zərəri, həbs təhlükəsinə təsiri barədə nə düşünürsünüz?

3. Hakimiyyət bu acı etirafı bundan belə də “ancaq danışmaq” vədi kimi interpretasiya edib Sizi həbs etməkdən vaz keçsə və sonrakı mərhələdə partiyanızı “avtobusa” dəvət eləsə, bundan imtinanın daha böyük təhlükələr yaratması ehtimalı barədə nə düşünürsüz?

4. Sizin həbsinizin hakimiyyətə beynəlxalq səviyyədə problem yaradacağı ehtimalı “Belə bir bədəl ödəmək hakimiyyətə çoxmu lazımdır?” şəklində şərh edilir. Bu fikirdə hakimiyyətə qayğı notlarının müxalif mövqedən önə çıxması kimi görünməsi barədə nə düşünürsüz?

5. “Əli Kərimlini həbs edib onu dünya səviyyəsində də məhşurlaşdırmaq , beynəlxalq miqyasda və ölkədə dəstək qazandırmaq və ölkə daxilində sosial bazasını və xal artırmaq” fikri Sizin bütün bunlara hələ nail olmadığınızı ehtiva edir. 31 illik siyasi fəaliyyətinizə verilən bu ən aşağı qiymət barədə nə düşünürsüz?

6. “Əli Kərimlini həbs edib onu dünya səviyyəsində də məhşurlaşdırmaq , beynəlxalq miqyasda və ölkədə dəstək qazandırmaq və ölkə daxilində sosial bazasını və xal artırmaq hakimiyyətin maraqları baxımından doğru addım olardı, yoxsa yanlış?” – bu fikirdə də ölkənin, Sizin və partiyanızın maraqlarından yox,, hakimiyyətin maraqlarından yana narahatlıq barədə nə düşünürsüz?

7. Yazılanların həm də Sizin mövqeyiniz olmasıyla bağlı yarana biləcək şübhələrə nə cavab verərdiz? “Fikir plüralizmi” arqumentindən başqa, hakimiyyətin maraqlarına nəzərən yazılmış fikirlərin hansını doğru hesab etdiyinizi, hansına qatılmadığınızı açıqlaya bilərsizmi?”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
medianews.az

1Mənbələr