AZ

“Məni və ailə üzvlərimi nalayiq söyüşlər söydü”— Kafedə qanlı dava

Şəmkir rayonunda 1992-ci il təvəllüdlü Rasim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Fəridə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun kəndində baş verib. 

Rasim həmin kənddə yerləşən həmkəndlisi Sahibə məxsus çayxananın yaxınlığındakı boş ərazidə 27 mart 2022-ci ildə, saat 17 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Fəridin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətməsi, onun sağlamlığına sağ çiyin üstü nahiyənin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı üzərində olan bıçaqla qəsdən bir neçə dəfə vurub. 

Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş şəxs Fərid onun həmkəndlisidir: 

“Mən Fəridi uşaqlıqdan tanıyıram. Bizim münasibətlərimiz həmişə yaxşı olub. 27 mart 2022-ci ildə, günortadan sonra həyətdə işlədikdən sonra saat təxminən 16 radələrində kənddə yerləşən “Fidi” kimi tanıdığımız şəxsin işlətdiyi çayxanaya getdim. Çayxanaya getdikdə Fərid də orada olub. Mən çayxanada hamı ilə salamlaşdıqdan sonra stolda oturmuşdum. Fərid də mənimlə üzbəüz oturdu. Bir qədər oturduqdan sonra Fərid mənimlə kobud danışmağa başladı, barəmdə xoşagəlməz sözlər dedi. Mən Fəridə danışdığı sözlərə görə irad bildirdim. 

Daha sonra ayağa durdum və yerimizi dəyişən zaman Fəridlə çiyinlərimiz bir-birimizə dəydi. Mən keçərək oturduqdan sonra Fərid yenə də mənimlə mübahisə etməyə davam etdi. Mən Fəridlə danışan zaman onun içkili olduğunu hiss etdim. Fərid ayağa duraraq stolun üzərindən domino daşlarını götürərək mənim üzümə vurdu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Fəridin ona etdiyi hərəkətdən narahat olub, dava etməmək üçün çölə çıxıb: 

“Fərid də arxamca çölə çıxdı. Fəridlə söhbət edərək çayxanadan təxminən 35-40 metr məsafədə olan yerə getdim. Fəridlə söhbət edən zaman onun çox sərxoş olduğunu hiss etdim. Fərid mənim ünvanıma nalayiq ifadələr işlədərək çiynim ilə onu qəsdlə vurduğumu dedi. Mən Fəridə onu qəsdlə vurmadığımı dedim. Fəridə səhəri gün etdiyim hərəkətlərə görə peşman olacağını, məndən üzür istəyəcəyini dedi. Fərid mənə heç bir şeyə görə peşman olmayacağını söylədi, ünvanıma nalayiq ifadələr işlədərək “səndən üzr istəmərəm” dedi. Fərid çox sərxoş olduğu üçün ona getməsini, söhbətimizi səhəri gün davam etməyi dedi. Biz geriyə çayxanaya doğru qayıdan zaman Fərid mənə “sən mənimlə heç bir söhbət edə bilməzsən, sənin böyüyün gəlsin onunla söhbət edərəm” deyərək mənim və ailə üzvlərimin ünvanına nalayiq söyüşlər söydü, çiyin nahiyəmdən əli ilə vuraraq danışığıma fikir verməyimi tələb etdi”. 

Rasim bildirib ki, Fərid geri çönərək onun üzərinə doğru gəlib, ona əl-qol atıb, onu vurmağa başlayıb: 

“Fərid üzərimə gələrək məni yumruqla vurmağa davam etdi. Mənim sinəmdən tutdu. Fərid yumruqla bədənimin müxtəlif hissələrindən vurmağa davam etdikdə onun məni döyəcəyindən ehtiyat etdiyimdən üzərimdə olan bıçaqla birinci sol ayağından vurdum. Lakin Fərid məndən uzaqlaşmayaraq yenidən yumruqla vurmağa davam etdi. Mən də Fəridi yumruqlarına cavab olaraq bıçaqla onun sol tərəfindən bir neçə dəfə vurdum. 

Fəridi bir neçə dəfə vurduqdan sonra ondan uzaqlaşdım. Mən Fəridi bıçaqla vurduğum üçün qorxaraq ondan ayrılaraq həmin yerdən uzaqlaşdım. Həmin yerdən uzaqlaşdım və icra nümayəndəliyinin həyətinə bir qədər sakit yerə keçdim. Həmin yerdə olan zaman kənd sakinlərinin Fəridə doğru getdiyini, onların Fəridə köməklik göstərərək həkimə apardıqlarını gördüm. Sonra zəng edərək qardaşıma hadisə barədə məlumat verdim. Fəridin  səhhətinin necə olmasını gözlədim. Sabahı gün isə qohumlarım Fəridin sağalması üçün lazım olan bütün tədbirləri gördülər”.

İş üzrə zərərçəkmiş Fəridin sözlərinə görə, Rasimlə hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur: 

“27 mart 2022-ci ildə, saat təxminən 10-11 radələrində Şəmkir rayonunun kəndində yerləşən icra nümayəndəliyinin inzibati binasına gedib, saat təxminən 15 radələrinədək olan müddət ərzində icra nümayəndəliyinin inzibati binasında və onun yaxınlığında yerləşən çayxanada olub: “Mən saat 15 radələrində öz yaşadığım evə çörək yemək üçün geri qayıtdım. Evdə olan zaman çörək yedim, təxminən 100-150 qram spirtli içki olan araq içdim. 

Təxminən saat 16 radələrində təkrar kəndin mərkəzində yerləşən Sahibin işlətdiyi çayxanaya getdim. Çayxanaya daxil olduqdan sonra girişdən sağ tərəfdə yerləşən ikinci stolda əyləşdim. Rasim və Əlinin yanıma gəldilər. Onlar domino oynamağı təklif etdilər. Biz domino oynayan zaman Rasimlə yerimizi dəyişərkən Rasim çiyni ilə mənə toxundu. Rasimin hərəkəti xoşuma gəlmədiyi üçün dominonun daşlarını onun sifət nahiyəsinə vurdum Rasimlə aramızda dominonun daşlarını sifət nahiyəmə vurmağı səbəbindən mübahisə yarandı. 

Mən və Rasim çayxanadan həyətə çıxdıq. Həyətə çıxdıqdan sonra söhbət edərək çayxanadan təxminən 50 metr məsafə uzaqlaşdıq. Biz söhbət edərkən Rasim məndən hansı səbəbdən dominonun daşlarını onun sifət nahiyəsinə vurduğumu soruşdu. Rasimə çiyninin mənə dəydiyini, bu səbəbdən dominonun daşlarını onun sifət nahiyəsinə vurduğumu dedim. Rasim çiyninin bilmədən mənə dəydiyini dedi. Mən Rasimə elə bilmədən çiyin dəymədiyini, Rasimin məni çiyni ilə qəsdlə itələdiyini dedim. Bu söhbətləri edərək təxminən 40-50 metr məsafə getdikdən sonra təkrar geriyə çayxana istiqamətində geri qayıtdıq”. 

Zərərçəkmiş qeyd edib ki, onların ardı ilə gələn Əli geri qayıtdıqlarını gördüyü üçün o da geri qayıdıb və çayxanaya gedib: 

“Biz söhbət edərək geri qayıdan zaman Rasim mənə “bu məsələ barədə sabah söhbət edərik, sən sabah məndən indi dediklərinə görə üzür istəyəcəksən” dedi. Bu sözlər mənə pis təsir etdiyi üçün Rasimin qabağına tərəf keçdim, onunla üzbəüz dayanaraq heç bir səhv etmədiyimi dedim, əgər ondan üzür istəsəm, öz payıma nalayiq ifadələr işlətdim. 

Rasim heç bir şey demədən sakit dayandı. Mən Rasimin cavab qaytarmadığını gördüyüm üçün arxamı ona çevirərək getmək istədim. Anidən arxa nahiyəmdən sol çiyin nahiyəmdən bərk nəsə dəydiyini hiss etdim. Rasimə tərəf çevrilərək onu yumruqla sifət nahiyəsindən vurdum. Rasim də məni bir neçə dəfə bıçaqla bədənimin aşağı hissəsindən bel nahiyəsindən və sol əlinin çöl hissəsindən vurdu. 

Rasim məni vurduqdan sonra onu yumruqla bir neçə dəfə bədənin müxtəlif hissələrindən vurdum. Həmin vaxt hansı səbəbdən olduğunu bilməsəm də, Rasimin məndən ayrıldığını gördüm. Rasim məndən ayrıldıqda sonra çayxanaya tərəf getdim. Həmin tərəfə getdikdə Əli də mənə tərəf gəldi. Əli məni qucaqlayaraq “ayıb deyilmi, cavan oğlanlarsız, dalaşırsız” dedi. 

Əliyə çiynimdə ağrı olduğunu dedim, baxmasını istədim. Həmin vaxt ayaqqabımın içərisində istilik hiss etdim. Ayaqqabımı çıxararaq baxdıqda içinin qan olduğunu gördüm. Əli kürək nahiyəmə baxdı, kürəyimdə yara olduğunu, qan axdığını dedi. Əli bundan sonra həmkəndlimiz Bəhruzu çağıraraq məni Rasimin bıçaqla vurduğunu dedi, xəstəxanaya aparmağa kömək etməsini istədi. 

Əli və Bəhruz məni Şəmkir rayon mərkəzi xəstəxanasına apardılar. Həmin xəstəxanada mənə ilkin tibbi yardım edildi. Şəmkir rayon mərkəzi xəstəxanasından məni Gəncə şəhərində Mərkəzi Klinika və Beynəlxalq xəstəxanalara aparılaraq müalicə olundum. Daha sonra isə təkrar Şəmkir rayon mərkəzi xəstəxanasında müalicəm davam etdirildi”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rasimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 


Fariz Məlikli
Demokrat.az
Seçilən
129
50
demokrat.az

10Mənbələr