AZ

“Bayern” De Liqti Kompaninin razılığı olmadan satıb

“Bayern” rəhbərliyi niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqti belçikalı baş məşqçi Vensan Kompaninin razılığı olmadan satıb.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Niderlandlı müdafiəçi belçikalı mütəxəssislə şəxsi söhbəti zamanı Münhen klubunun onu niyə transferə çıxardığını anlamaq istəyib. Kompani isə De Liqtə klub rəhbərliyinin verdiyi qərara görə məsuliyyət daşımadığını və müdafiəçinin onun nəzərində əsas müdafiəçi olduğunu bildirib.

Həmçinin De Liqtin ətrafı əlavə edib ki, “Bayern”in idarə heyəti müdafiəçinin komandadakı perspektivləri ilə bağlı De Liqtin sualını cavablamaqdan yayınıb.

Matteys De Liqt futbola 2009-cu ildə “Abkaude” klubunda qədəm qoyub və həmin il buradan “Ayaks”ın futbol akademiyasına yol tapıb, əsas heyətə düşüb. Ardınca 2019-2022-ci illərdə “Yuventus”da çıxış etmiş De Liqt 2022-ci ilin iyulunda 67 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. 2024-cü ilin avqustunda “Bayern” De Liqti 45 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə satıb. “Qırmızı şeytanlar” niderlandlı müdafiəçi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Matteys de Liqtin “Bayern” karyerası 73 oyun, 5 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Cari mövsümdə isə De Liqt “Mançester Yunayted”in heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

De Liqt “Bayern”lə Almaniya Bundesliqasının (2022/2023) və Almaniya Super Kubokunun (2022/2023) qalibi olub.

Matteys de Liqt 2017-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 45 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
arena.az

2Mənbələr