AZ

Dənizdə icazəsiz hava ilə doldurma avarlı qayıq sürmək qadağandır - FHN-dən XƏBƏRDARLIQ

Hava ilə doldurma qayıq alan vətəndaşlara Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xəbərdarlıq edilir. Vətəndaşların sözlərinə görə, FHN əməkdaşları onlara qayığı dənizdə istifadə etmələrinin təhlükəsizlik baxımından icazəli olmadığını bildirirlər. 

 

Bu barədə Pravda.az-a açıqlama verən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məsələyə aydınlıq gətirib. 

Avarlı

Şöbə rəisi bildirib ki, sözügedən hava ilə doldurma avarlı qayıq kiçik həcmli gəmilərin bir növüdür: “Qanunvericiliyə görə, kiçik həcmli gəmilər alındıqdan və gömrük orqanlarından keçdikdən sonra 10 gün müddətində dövlət qeydiyyatına salınmalıdırlar. Bunun üçün vətəndaş gəminin texniki sənədləri, o cümlədən alqı-satqı müqaviləsi və ya gəminin hansı yolla alınmasını təsdiq edən sənəd, qaimə, mühərriki varsa, mühərrikin sənədləri və şəxsiyyətini təsdiq edən sənədlə birlikdə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə yaxınlaşır. Sənədləri təqdim edir, ərizə kartını doldurur, bundan sonra xidmət əməkdaşları həmin qayığa baxış keçirirlər. Sonra xilasetmə vasitələri, yanğından mühafizə vasitələri təchizatı və digər təchizat avadanlıqları tələb olunur. Sırf təhlükəsizlik baxımından bunlar olmalıdır. Bunlar da öz qaydasındadırsa, artıq gəmiyə mülkiyyət sənədi olaraq gəmi bileti və texniki sənəd olaraq texniki talon təqdim edilir. Gəmi bileti verilərkən port nömrəsi də verilir. Port nömrəsi də qayığın üzərinə yazılır”. 

 

Qurum rəsmisi xəbərdarlıq edib ki, dövlət qeydiyyatına alınmadan kiçik həcmli gəmilərin istismarı qanunvericiliklə qadağandır, inzibati məsuliyyət yaradır: “100 manat məbləğində cərimə edilir. Bu hal təkrarlanarsa, gəmi müvəqqəti saxlanca da yerləşdirilə bilər. Qeyd edim ki, avarlı qayıq idarə edənlər deyil, mühərrikli qayıq idarə edən vətəndaşlar mütləq sürücülük hüququ üçün sürücülük vəsiqələrinə malik olmalıdır. Sürücülük vəsiqəsi olmayan mühərrikli kiçik həcmli gəmilərin də istismarı qadağandır”. 

 

Aytəkin Qardaşova

Tarix: 23 Avqust 2024, 12:27   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
pravda.az

3Mənbələr