AZ

Məxfi plan deşifrə edildi...

ABŞ-nin nüvə siyasəti üçün görünməmiş çağırış

Son vaxtlar elə ABŞ-nin özündə prezident Baydenin siyasətinin daha genişmiqyaslı müharibəyə səbəb olacağı barədə ittihamlar eşidilirdi. Ayrı-ayrı senatorlar, həmçinin sabiq dövlət başçısı, respublikaçıların prezidentliyə namizədi Donald Tramp bununla bağlı silsilə açıqlamalar veriblər. Bu günlərdə isə yeni müharibə ssenarisinin daha qorxunc təfərrüatları üzə çıxıb. Məlum olub ki, mart ayında ABŞ prezidenti Co Bayden Çinin nüvə imkanlarının genişləndirilməsinə yönəlmiş məxfi nüvə strateji planını təsdiqləyib. Bu barədə “The New York Times” məlumat yayıb.

Dünya yeni qobal müharibəyə doğru

Qlobal güc mərkəzlərinin təsir imkanlarını genişləndirmək məqsədilə bir-birlərinə açıq və gizli savaş aparmaları bəşəriyyəti yeni dünya müharibəsi riski ilə üz-üzə qoyub. Rusiya-Ukrayna müharibəsi, Qəzzada baş verənlər, körfəz ölkələrində, Qırmızı dənizdə yaşanan qarşıdurmalar fonunda bildirilir ki, artıq beynəlxalq birlik əslində yeni qlobal savaşın içindədir. Məsələn, Rusiya-Ukrayna müharibəsini və yaxud İsrail - HƏMAS, “Hizbullah” qarşılaşmasını yalnız iki tərəfin müharibəsi kimi qəbul etmək mümkün deyil. ABŞ başda olmaqla kollektiv Qərbin də bu müharibələrdə iştirakı ortadadır. Eyni zamanda, Çin sərhədləri yaxınlığında baş verənləri diqqətlə izləyir. Bu ölkə həm də onun fərqindədir ki, ayrı-ayrı analitiklər Rusiyanın ardınca Çinin yeni müharibə hədəfinə çevriləcəyinin anonsunu edirlər. Rəsmi Pekin ABŞ tərəfindən Tayvana göstərilən hərbi-siyasi dəstəyi də nəzərə alır. Qonşu İran da proseslərin içində görünür. HƏMAS liderinin Tehranda öldürülməsindən sonra İranın İsrailə qarşı açıq həmlələr edəcəyi gözlənilir. Ancaq hələlik bu, baş vermir. Əvəzində, rəsmi Tehranın Təl-Əvivlə savaşan proksi qüvvələrə dəstəyini artırdığı müşahidə edilir. 

Belə kədərli mənzərə fonunda yeni dünya müharibəsinin adi silahlarla aparılmayacağı bildirilir. Söhbətin ABŞ, Rusiya, Çin kimi qlobal güc mərkəzlərinin maraqlarının toqquşmasından getməsi, nüvə müharibəsi ehtimalları möhkəmləndirir. Qeyd edək ki, bundan əvvəl bəhs olunan güc mərkəzlərinin rəsmiləri səviyyəsində ölkələrinin güclü nüvə arsenalına malik olduqları barədə xəbərlər transmilli medyaya ötürülüb. Paralel şəkildə, dünya üzrə nüvə sılahlarının sınaqlarının intensivləşdiyini müşahidə edirik. Bunlar isə əslində, həmin güc mərkəzlərinin bir-birinə əzələ nümayişidir. 

Qlobal nüvə klubu

Beynəlxalq səviyyədə “Qlobal nüvə klubu” nüvə silahlarının inkişafını, istehsalını və sınağını həyata keçirən və nüvə gücü hesab edilən dövlətlər qrupunun şərti siyasinı əks etdirən simvolik adıdır. Mövcud rəsmi məlumatlara görə, aşağıdakı dövlətlər (ilk nüvə sınağına görə) nüvə silahına sahibdirlər:

1. ABŞ, 1945-ci ildən, bəşər tarixində ilk dəfə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə qarşı nüvə silahından istifadə edib;

2. SSRİ, 1949-cu ildən, Qazaxstanda sınaqdan keçirib;

3. Böyük Britaniya, 1952-ci ildən, Milad adasından 50 km məsafədə yerləşən Monte Bello ərazisində sınaqdan keçirib;

4. Fransa, 1960-cı ildən, Əlcəzairdə sınaqdan keçirib;

5. Çin Xalq Respublikası, 1964-cü ildən, yalnız öz ərazisində sınaqdan keçirib; 

6. Hindistan, 1974-cü ildən;

7. İsrail, 1979-cu ildən;

8. Pakistan, 1998-ci ildən;

9. KXDR, 2006-cı ildən;

10. Qazaxıstan, 1991-1994-cü illərdə malik olub, sonra isə nüvə arsenalını Rusiya Federasiyasına təhvil verib;

11. Ukrayna, 1991-1996-cı illərdə malik olub, sonra isə nüvə arsenalını Rusiya Federasiyasına təhvil verib; 

12. Belarus, 1991-1996-cı illərdə malik olub, sonra isə nüvə arsenalını Rusiya Federasiyasına təhvil verib;

13. Cənubi Afrika Respublikası, 1979-1989-cu illərdə malik olub. Dünyada nüvə silahından könüllü olaraq imtina edən ilk dövlətdir.

Baydenin yeni nüvə strategiyası

ABŞ prezidenti Baydenin elan olunan yeni nüvə strategiyası “nüvə silahlarının istifadəsinə dair Təlimat” (Nuclear Employment Guidance) adlanır və ABŞ-nin Rusiya, Şimali Koreya və Çin ilə münaqişə ehtimalını nəzərdə tutur.

Nəşr qeyd edir ki, tarixdə ilk dəfə olaraq bir neçə dövlətin potensial təhlükə kimi göründüyü strategiya artıq qəbul olunub. Sənəd yüksək məxfiliyə malikdir - yalnız bir neçə kağız nüsxəsi müəyyən sayda Pentaqon rəsmiləri üçün əlçatandır.

Ağ Ev strategiyanı rəsmən açıqlamayıb. Bununla belə, iki yüksək vəzifəli administrasiya rəsmisi baş verən dəyişikliklər barədə nəşrə məlumat verib. Belə ki, Massaçusets Texnologiya İnstitutundan Pentaqonun keçmiş nüvə silahı strateqi Vipin Naranq qeyd edib ki, prezident Bayden “Çinin nüvə arsenalının ölçüsündə və müxtəlifliyində nəzərəçarpacaq artım nəzərə alınmaqla, bu yaxınlarda nüvə silahının istifadəsi ilə bağlı yenilənmiş təlimat verib”.

“Keçmişdə amerikalı rəqiblərin Amerika nüvə arsenalı qarşısında üstünlük əldə edə biləcəyi çətin görünürdü. Lain Rusiya və Çin tərəfdaşlığı inkişaf etdirir və Şimali Koreya və İranın Ukraynadakı müharibə üçün Rusiyaya verdiyi adi silahlar Vaşinqtonun düşüncəsini kökündən dəyişib”, - deyə “The New York Times” yazır.

Nəşr qeyd edir ki, Rusiya və Çin artıq birgə hərbi təlimlər keçirir. Kəşfiyyat orqanları Rusiyanın bunun müqabilində Şimali Koreya və Çinin raket proqramlarına kömək edib-etmədiyini müəyyənləşdirməyə çalışır.

Yeni strategiya Çinin prioritetini - ölkənin nüvə qüvvələrinin sürətli genişlənməsi tempini əks etdirir. Bildirilir ki, Çin rəhbərliyi, əvvəlki “minimum çəkindirmə” strategiyasından imtina edib və Vaşinqton və Moskvanın arsenallarının səviyyəsinə çatmağa, hətta onu da keçməyə çalışır. Nəşr qeyd edir ki, Çin son illərdə öz nüvə imkanlarını fəal şəkildə genişləndirir, ilk dəfə kommersiya peyk görüntülərində görünən yeni raket buraxılış yerləri tikir.

ABŞ-nin nüvə strategiyasındakı dəyişikliklərə Şimali Koreyadan gələn nüvə təhlükəsinin artması da səbəb olub. Kim Çen İnın hakimiyyəti dövründə Pxenyan nüvə arsenalını iki dəfə artırıb və bu gün onun 60-dan çox nüvə silahı var. Arsenalın genişləndirilməsi Şimali Koreyanı ABŞ üçün getdikcə daha ciddi problemə çevirir.

Yeni strategiya Moskva və Pekinin hərbi əməkdaşlığının dərinləşməsi nəticəsində yaranan Rusiya, Çin və Şimali Koreya arasında koordinasiyalı hərəkətlərin mümkünlüyünü də nəzərə alır. Rusiya və Çin artıq birgə hərbi təlimlər keçirir və ABŞ kəşfiyyatı Moskvanın Ukraynadakı müharibə üçün silah tədarükü müqabilində Şimali Koreya və İranın raket proqramlarına yardım edib-etmədiyini müəyyən etməyə çalışır.

Sənəddə o da qeyd olunur ki, 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq ABŞ-nin yeni prezidenti üç il əvvəlki vəziyyətdən köklü şəkildə fərqli və olduqca qeyri-sabit nüvə mühiti ilə üzləşəcək. Bundan əlavə, NYT qeyd edir ki, Çin ABŞ-la nüvə təhlükəsizliyi üzrə dialoqu dayandırıb, bu isə əvvəllər ehtiyatsızlıqdan nüvə eskalasiyası riskinin qarşısının alınmasında mühüm addım kimi qiymətləndirilirdi. Qeyd olunur ki, Birləşmiş Ştatlar sonuncu dəfə 2023-cü ilin payızının sonlarında Bayden və Çin lideri arasında Kaliforniyada keçirilən görüşdən bir qədər əvvəl danışıqlar aparıb və orada ölkələr arasında münasibətləri bərpa etməyə çalışıblar. Bununla belə, Çin tərəfi artıq Amerikanın Tayvana silah tədarükü səbəbindən növbəti danışıqlara maraqlı olmadığına eyham vurub. Nəşr qeyd edir ki, Baydenin strategiyası, eyni zamanda Rusiya, Çin və Şimali Koreyanı cilovlamağa yönəlib. Qeyd olunur ki, bu, ABŞ-nin nüvə siyasəti üçün görünməmiş çağırışdır.

MÜBARİZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
yeniazerbaycan.com

1Mənbələr