AZ

Meymunçiçəyi təhlükəsi artır

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğ kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. Bu barədə “Reuters”ə beynəlxalq təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus bildirib. O deyib ki, 2024-cü ildə xəstəliyin qeydə alınmış hallarının sayı ötən ilin göstəricilərindən iki dəfə çox olub və 14 min hala çatıb. Bundan əvvəl ÜST meymunçiçəyi xəstəliyini beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət adlandırıb. Bu barədə təşkilatın saytında dərc olunan bəyanatda deyilir. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Yeri gəlmişkən, meymunçiçəyi ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat məqsədləri üçün istifadə edilən meymunlarda aşkar edilib. 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 aylıq bir uşaqda görülən virus "insanlardakı ilk meymunçiçəyi diaqnozu" olaraq qeydə alınıb. Həmin dövrdə virusun yayılması Qərbi və Mərkəzi Afrika ölkələri ilə məhdudlaşırdı.

Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Afrika CDC) tərəfindən paylaşılan məlumatlara görə, Afrikanın 13 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları aşkar edilib. Bu ölkələr Cənubi Afrika, Keniya, Ruanda, Uqanda, Konqo Demokratik Respublikası, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Kot-d'İvuar, Qana və Liberiyadır.

Afrika CDC 13 Afrika ölkəsində yoluxma sayının 17 min 541, xəstəlik səbəbi ilə qeydə alınan ölüm göstəricisinin isə 517 olduğunu açıqlayıb. Virus səbəbindən qeydə alınan ölümlərin 97 faizi Konqo Demokratik Respublikasında baş verib. Meymunçiçəyi Afrika qitəsindən kənarda üç ölkədə görülüb. İlk dəfə 2024-cü ildə İsveç, Avstraliya və Pakistanda aşkarlanan meymunçiçəyi virusuna bu günə qədər Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 yoluxma halının olduğu bildirilib.

Virus hazırda “Mpox” adlandırılır. “Mpox” zoonoz (Heyvanlardan insanlara və insanlardan heyvanlara keçə bilən, həm insanlarda, həm də heyvanlarda müşahidə edilən yoluxucu xəstəliklər) virusdur və qripə bənzər simptomlara, ağrılı lezyonlarla səpgilərə, bədən hərarətinin artmasına, baş və bel ağrılarına səbəb olur.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) görə, “Mpox”dan ölüm nisbətləri epidemiyalar arasında dəyişir. İİV-ə yoluxmuş və müalicə olunmamış insanlar da daxil olmaqla immun sistemi zəif olan uşaqlar və insanlar şiddətli xəstəlik və simptomlar üçün yüksək risk qrupu sayılırlar. Məlumata görə, “Mpox” virusu xüsusi müalicəyə ehtiyac olmadan öz-özünə yox olur və simptomlar adətən iki ilə dörd həftə davam edir.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, meymunçiçəyi əlamətləri təbii çiçək xəstəliyinə oxşayan viruslu zoonozdur. Lakin kliniki olaraq təbii çiçək xəstəliyindən daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir: “Məlumat verildiyi kimi, ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır”.

O qeyd edib ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənən materiallarla təmas yolu ilə keçir: “Viruslar bədənə zədələnən dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana isə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla keçir. Xəstəliyin insandan insana, ilk növbədə, iri respirator damcılarla keçdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır. Xəstəliyin gizli dövrü adətən 5-21 gün olduğu hesablanıb. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlinir. Temperaturun başlamasından 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Bu səpgilər üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10 faiz arasında dəyişir. Risk qrupları arasında azyaşlı uşaqlar, hamilə qadınlar, immundefisitli şəxslər xüsusi yer tutur. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu, gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar edilərək təcrid olunmasıdır”.

Məsələ ilə bağlı professor Adil Qeybulla bildirib ki, artıq bu istiqamətdə bir çox ölkələr qabaqlayıcı tədbirlər görməyə başlayıblar: “Bəzi ölkələr meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq məqsədilə xarici vətəndaşlar üçün tibbi müayinə prosedurlarını sərtləşdirir, sərhədlərdə nəzarət gücləndirilir, ölkəyə gələnlərə sorğu anketləri təqdim olunur. Dünya səhiyyəsi fövqəladə vəziyyətə hazır olmalıdır. Meymunçiçəyi virusunun indiki yayılmış variantı mutasiyaya uğramış variantdır və nisbətən ağırdır, təmasla yayılır. Dünyanın 4 qorxulu karantin infeksiyalarından birinin oxşarıdır, bunlar vəba, taun, təbii çiçək və sarı qızdırmadır, meymunçiçəyi təbii çiçək infeksiyasının bir formasıdır.

Təbii çiçək daha təhlükəli formadır, meymunçiçəyi virusunun indiki variantı da görünür ki, yoluxma tendensiyası çox olan variantdır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib və dövlət səhiyyə qurumlarını, ictimai səhiyyə qurumlarını bu vəziyyətə hazır olmağa çağırıb”.

Ekspert bildirib ki, xəstəliyin yerində lokallaşdırılması üçün bütün vasitələrdən istifadə edilməlidir: “Hələlik epidemiya ocağı Afrikadadır, amma yavaş-yavaş yayılmaqdadır. Ona görə də karantin elan edilməli, həmin zonalarda giriş-çıxış ciddi nəzarətə götürülməli, xəstələrin hərəkəti məhdudlaşdırılmalı və müalicəyə cəlb edilməlidirlər. Problem ondan ibarətdir ki, xəstəliyi aşkara çıxarmaq üçün spesifik test yoxdur. Qanda antitellərin aşkar edilməsinə hesablanan testlər spesifik deyil. İnsanların çoxu təbii çiçək infeksiyasına qarşı vaxtilə peyvənd olunublar, qanlarında bu virusa qarşı antitellər yaranıb. Xəstəlik gizli şəkildə 3 həftəyə qədər davam edə bilər.  Bundan sonra yüksək hərarət, kəskin zəiflik, baş, bel ağrıları ilə ilkin əlamətlər özünü göstərir, dəridə ağ və yaşıl maye ilə dolu qabarcıqlar əmələ gəlir, bu zaman artıq diaqnoz qoyulur. Xəstəliyin spesifik dərmanı yoxdur, güman edilir ki, təbii çiçək üçün nəzərdə tutulan dərmanlar burada da effektiv ola bilər. Vaksin olaraq da təbii çiçək vaksinindən istifadə etmək olar, xüsusi vaksin hazırlamaq üçün zamana ehtiyac var. İndi əsas diqqət profilaktikaya yönəlməlidir. İnsanlar diqqətli olmalıdırlar, sərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir. Xaricdən ölkəyə gələnlər üçün sorğu paketləri təqdim olunmalıdır, əhali maarifləndirilməlidir, xəstəliyin aşkar olunduğu məqamda dərhal xəstələr karantinə götürülməlidir. ÜST təcili açıqlama verməlidir, xüsusi təlimatlar hazırlanmalıdır ki, dünya məlumatlı olsun”.

Seçilən
29
31
hafta.az

10Mənbələr