AZ

Xudat şəhərində xəstəxana binası əsaslı təmir olunur

Xudat

Xaçmaz, 22 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda 65 il əvvəl Xudat Şəhər Xəstəxanası kimi fəaliyyətə başlayan ikimərtəbəli bina əsaslı təmir olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təmir işlərinə 2023-cü ilin noyabr ayından başlanılıb. Hazırda binada son tamamlama və daxili tərtibat işləri aparılır. Binada elektrik, havalandırma, istilik sistemi, internet şəbəkəsi qurulur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sifarişi ilə həyata keçirilən təmir-bərpa işləri tamamlandıqdan sonra tibb müəssisəsində müasir standartlara cavab verən kliniki müayinələrin aparılması və Təcili Tibbi Yardım (acil) xidmətlərinin genişləndirilməsi mümkün olacaq.

Xudat Şəhər Xəstəxanası 2020-ci ildən ölkə ərazisində İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar Ailə Sağlamlıq Mərkəzi və Xudat şəhər TTY bölməsi kimi fəaliyyət göstərir. Tibb müəssisəsinin balansında olan, 1958-ci ildə tikilmiş 2 mərtəbəli binada TTY xidmətlərinin genişləndirilməsi və digər kliniki müayinələrin aparılmasının müasir standartlara çatdırılması məqsədilə TƏBİB tərəfindən əsaslı təmir işləri həyata keçirilir. Burada yaradılacaq TTY bölməsində kliniki laboratoriya, rentgen və ultrasəs müayinə kabinetləri, həmçinin təcili tibbi xidmətin göstərilməsi üçün qırmızı zona fəaliyyət göstərəcək.

Yeni binada təcili əməliyyatlar, həmçinin əməliyyatlardan sonrakı reanimatik xidmətlər həyata keçiriləcək. Burada həkimlər üçün müayinə və müşahidə, eyni zamanda, təcili tibbi yardım briqadaları üçün xüsusi otaqlar inşa edilib. Tibb müəssisəsi müasir tibbi avadanlıqlarla tam təchiz olunacaq.

Xudat şəhəri Xaçmaz rayonunun ikinci ən böyük yaşayış məntəqəsidir. Burada 20 mindən çox əhali yaşayır. Əvvəllər burada fəaliyyət göstərən şəhər xəstəxanası ətraf kəndləri də əhatə etməklə 60 minə yaxın əhaliyə xidmət göstərirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
azertag.az

1Mənbələr