AZ

Politoloq: "Dünən Azərbaycanı ittiham edənlər bu gün səhv etdiklərini deyirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan dövləti 1990-cı illərin əvvəllərində öz müstəqilliyini bərpa edəndən sonra milli lider Heydər Əliyev başda olmaq şərtilə yeni hakimiyyət qüvvələri - yeni dövləti formalaşdıran şəxslər qarşılarına belə bir məqsəd qoydular ki, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət formalaşdırsınlar. Bu üç anlayışın arxasında isə çox dərin məfhumlar, dərin nəzəri və praktiki hədəflər dayanırdı".
Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, hüquqi dövlətin təməlində, ilk növbədə, qüvvədə olan milli, daha sonra da beynəlxalq qanunvericiliyin, konvensiyaların tələblərinə riayət etmək dayanır:
"Biz, həqiqətən də, Azərbaycan dövləti olaraq çalışırıq ki, bütün sahələrin hər birində birinci öz hədəflərimizi müəyyən edək, prioritetlərimizi üstün tutaq və nəhayət, bu hədəflərə doğru aparan paradiqmaları müəyyən edək. Digər tərəfdən də bütün yaradıcı qüvvələr - proseslərdə iştirak edən təşkilatlar, institutlar, təsisatlar hamısı sadalananların mahiyyətini düzgün dərk edərək onların tələbləri səviyyəsində hərəkət etsinlər və inkişaf meyillərini gücləndirsinlər. Baxmayaraq ki, Azərbaycan müasir dünyada nisbətən gənc ölkədir, lakin buna rəğmən, özünəməxsus presedent yaradıb və bu nümunənin mahiyyəti də ondan ibarətdir ki, Azərbaycan, birincisi, həm özünün Konstitusiyasını üstün tutur, həm də beynəlxalq qanunvericiliyə hörmətlə yanaşır və o tələblərdən irəli gələn bütün vəzifələrin hamısını layiqincə yerinə yetirir".
"Hüquqi və demokratik dövlət dedikdə biz anlayırıq ki, bu dəyərlərin arxasında duran bütün tələb və normalar, qanunlar ilk növbədə insanların həyatına rifah gətirməlidir. Eləcə də milli zəmində gedən quruculuq prosesi həm də dünya birliyinin ümumi inkişaf və quruculuq prosesinin tərkib hissəsinə çevrilməlidir. Təsadüfi deyil ki, Azərbaycan da dünya səviyyəsində çox fəal inteqrasiya siyasəti tətbiq edir.
Digər tərəfdən, onun gətirdiyi bəhrələr tək Azərbaycan üçün deyil, həm də beynəlxalq birlik üçün vacib əhəmiyyət kəsb edir. Məsələn, nümunə olaraq Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsini, Bakı-Tbilisi-Ceyhan neft kəmərini və yaxud Cənub Qaz Dəhlizini göstərə bilərik ki, bu layihələrin hamısı milli zəmində yaranmış unikal və universal layihələrdir və onların fəaliyyəti, işlək vəziyyətdə olması təkcə Azərbaycana rifah gətirmir, həm də tərəfdaş ölkələrə, qonşulara böyük mənfəət gətirir. Vaxtilə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikilməsi gündəmə gələndə Qərb institutları, Qərb dövlətlərinin rəhbərləri birmənalı olaraq bu layihəyə etiraz edirdilər ki, bu, çox zərərli və lazımsız bir layihədir. Amma Prezident İlham Əliyev bu etirazların hamısını rədd edərək, bütün lazımi tədbirləri həyata keçirdi ki, biz üçlü formatda, yəni Azərbaycan, Gürcüstan və Türkiyə ilə bu layihəni həyata keçirək və onu istifadəyə verək.
Dünən bu layihəyə etiraz edənlər bu gün özləri də etiraf edirlər ki, bu, çox vacib layihə imiş və onlar da bundan bəhrələnirlər. Çünki Avropa ilə Asiya arasında daha bir birləşdirici bağın olması, yeni bir kommunikasiyanın mövcudluğu son dərəcə vacib rol oynayır və ondan neçə-neçə ölkələr istifadə edirlər. Bu isə sadəcə, nümunələrdən biridir", - deyə Abbasov vurğulayıb.
Bu kontekstdə Azərbaycan və Ermənistanı müqayisə edən müsahibimiz hesab edir ki, Ermənistan, Azərbaycandan fərqli olaraq, regionda özünü təsdiqləyə bilmir və faktiki olaraq bu ölkənin heç kimə faydası dəymir:
"Çünki Ermənistan çox əcaib bir formada özünütəcrid siyasəti formalaşdırıb və təəccüb doğuran da budur ki, İrəvanın bu anormal mövqeyi ilə nəinki bəzi ölkələr və güc mərkəzləri barışır, əksinə, həm də onu dəstəkləyirlər. Bəs bu anlaşılmaz yanaşma nə ilə bağlıdır? Çünki Qərbdə Azərbaycan və Türkiyəyə dair çox məkrli bir yanaşma var. Üstəlik, türkofobiya, islamofobiya və bu kimi təhlükəli tendensiyalar tək Ermənistanda deyil, həm də onu dəstəkləyən Qərb dünyasında da mövcuddur və Ermənistan daxilində də məhz belə meyilləri gücləndirən elə Qərbdir. Ona görə də biz ölkəmizdə qüvvədə olan multikulturalizm dəyərlərindən danışanda öyünmür, əksinə, bunun bizim üçün təbii hal olduğunu deyirik.
Zaman-zaman da Azərbaycanda müxtəlif dinlərin, etnik qrupların nümayəndələri məskunlaşıblar. Onların bəziləri icma formasında özünü təsdiqləyib, bəziləri inteqrasiyada çox uzağa gediblər və bütün bunların fonunda biz bir çox millətlərin nümayəndəsinin Azərbaycanda özünü təsdiqləməsinin və yaşamasının şahidi olmuşuq. Beləliklə də multikulturalizm bizim dövlət siyasətimizin vacib elementlərindən birinə çevrilib. Ona görə də ermənilər dünyada bizim imicimizi korlamağa çalışsalar da, buna nail ola bilmirlər".
"Biz hətta torpaqlarımızı işğaldan azad edəndən sonra Qarabağda yaşayan erməniləri qovmadıq, əksinə, onlara burada yaşamağa davam etməyi təklif etdik. Lakin onlar könüllü şəkildə Azərbaycanı tərk etməyi üstün tutdular ki, bu məsələni özlərinin süni faciəsinə çevirsinlər. Halbuki, vaxtilə ermənilər bizə qarşı bunun əksini etmişdilər. Nəticədə soydaşlarımız həm Ermənistandan deportasiya edilmiş, həm də Qarabağdan qaçqın düşmüşdülər. Təəssüf ki, uzun illər bundan əvvəl ermənilərə dəstək verən dövlətlər bu gün də onların arxasında durur və azərbaycanlıların üzərinə qaldırmağa çalışırlar ki, regionda eskalasiya siyasəti yenidən formalaşsın. Ancaq bu məsələ alınan deyil. Çünki biz artıq qalib məmləkət kimi regionda öz sözümüzü demiş, yeni reallıq yaratmışıq", - analitik əlavə edib.
Mərahim Nəsib
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
oxu.az

10Mənbələr