AZ

İrəvana ötürülən "fransız konspekti": Parisin Cənubi Qafqaz xəyalı kabusa çevrilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mühüm strateji əhəmiyyətə malik olan Cənubi Qafqaz regionu tarix boyu hər zaman böyük dövlətlərin hədəfində olub. Bu yanaşma müasir dövrdə də öz aktuallığını saxlayır. Regionda öz maraqlarını bərqərar etməyə çalışan dövlətlər, o cümlədən, Fransa bu məqsədini həyata keçirmək üçün bütün vasitələrə əl atır. Son illərdə bu cəhdlər daha da intensivləşib.
Rəsmi Parisin Cənubi Qafqazla bağlı siyasətinə təkcə Azərbaycandan yox, kənardan da adekvat qiymət verilir. Məsələn, Türkiyənin "HaberDeğer" nəşrində dərc olunan "Fransa Cənubi Qafqaz üçün artan təhlükədir" sərlövhəli məqalədə Yelisey Sarayının regionla bağlı siyasəti obyektiv təhlillə ifşa olunub. Göstərilib ki, Fransa özünün maraqları naminə Ermənistandan istifadə edir: "İrəvan dərk etməlidir ki, Fransa heç də dost dövlət deyil və Ermənistanı gücləndirmək məqsədi güdmür. Parisin yeganə niyyəti hər vəchlə Cənubi Qafqazda gərginliyi saxlamaqdır. Ona görə də Ermənistanın zəifləməsi onu manipulyasiya etməyi asanlaşdırdığına görə Fransa üçün sərfəlidir".
Nəşr qeyd edir ki, Fransanın Ermənistanı silahlandırması regionda yeni müharibəyə hazırlıqdan xəbər verir: "Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib. Bundan başqa, Bakı açıq şəkildə xəbərdarlıq edib ki, belə addımlara son qoyulmasa, Azərbaycan öz milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün bütün lazımi addımları atmağa hazırdır"
Öncə onu deyək ki, bu məqalə Fransanın reallıqdan uzaq siyasətinin ifşası baxımından, xüsusilə, əhəmiyyətlidir. Yəni Emmanuel Makron hakimiyyətinin qeyri-adekvat regional siyasətini yalnız Azərbaycanda yox, Türkiyədə də açıq görürlər. İkincisi, bu məqalə və qeyd olunan fikirlər bir daha onu deməyə əsas verir ki, Bakı və Ankaranın xarici siyasətində ciddi fikir ayrılıqları yoxdur. Bu, iki dövlət arasında nifaq toxumu səpmək istəyənlərə tutarlı cavabdır.
Məsələnin digər tərəfinə gəldikdə isə deməliyik ki, Fransa hakimiyyəti, əslində, yürütdüyü bu siyasətlə "özü öz quyusunu qazır". İş burasındadır ki, Paris regionda rəsmi Bakı və Ankaranın yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Fransa başa düşür ki, bölgədəki mövcudluğunu ancaq xaos vasitəsilə təmin edə bilər. Buna görə də Ermənistan üzərində təsir imkanlarını artırmaqla, regional sülhə qarşı çıxır. Bu isə nəticədə nəinki Bakı, həm də Ankara ilə Paris arasında ikitərəfli əlaqələri kəskinləşdirir. Nəticə etibarilə, bundan itirən Fransa olur.
Əgər Fransa Cənubi Qafqazda olmaq istəyirsə, o zaman regionun aparıcı siyasi aktoru olan Azərbaycan və onun strateji müttəfiqi Türkiyə ilə münasibətləri qorumaqda, inkişaf etdirməkdə maraqlı olmalıdır. Makron hökuməti isə bunun əksini edir.
Əslində, Fransa yaxın perspektivə hesablanmış məqsədinə müəyyən mənada nail olur. Belə ki, Parisin İrəvan üzərində təsirinin güclənməsi Ermənistanın Fransadan asılılığını xeyli artırır. O baxımdan, Ermənistan hakimiyyətinin zaman-zaman əl atdığı hərbi-siyasi təxribatlar, heç şübhəsiz, onun Fransadan aldığı "ev tapşırıqları"nın nəticəsidir.
Lakin nəzərə almaq lazımdır ki, əgər regionda hərbi toqquşma yenidən alovlanarsa, bu, Ermənistanın sonunu gətirəcək. Hadisələrin bu yöndə inkişafına görə isə tək Ermənistan deyil, həm də onun havadarları, ilk növbədə isə Fransa məsuliyyət daşıyacaq. Rəsmi Paris bunu başa düşməli və anlamalıdır ki, regionla bağlı siyasətinə ciddi korrektə etməsi zəruridir.
Əks halda, Fransa Cənubi Qafqazda heç nəzəri planda da mövcud ola bilməyəcək.
"Report" İnfomasiya Agentliyi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
oxu.az

10Mənbələr