AZ

Səmanın "dirijorları": "Azərbaycanın hava məkanında radardan itmək mümkün deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hazırda Azərbaycan hava məkanından 200-dən çox aviaşirkət keçir. Gündəlik 850 uçuş idarə olunur. Onu da bildirim ki, son vaxtlar pik aylarda ölkəmizin hava məkanı üzərindən tranzit uçuşlarının artımı 360% təşkil edib. "Azəraeronaviqasiya" bu gün Azərbaycanın hava məkanında ayda orta hesabla 17 min tranzit reysinə xidmət göstərir".
Bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin rəis müavini Davud Ayutov deyir.
AZAL aparıcı aviaşirkət olmaqla yanaşı, həm də dünyada ən təhlükəsiz hava yollarından biri kimi tanınır. Aviaşirkətin uçuşlarının təhlükəsizliyinin təminatında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) böyük rol oynayır.
Davud Ayutov iş prosesi ilə bağlı qısa məlumat verir.
Qeyd edir ki, "Azəraeronaviqasiya" Azərbaycanın hava məkanında uçuşların aeronaviqasiya xidmətinə cavabdeh olan orqandır:
"24 saat fəaliyyət göstərən Hava Hərəkəti İdarəsində hazırda 800 əməkdaş çalışır.
Hava Hərəkəti İdarəsi olaraq qarşımızdakı əsas məsələ uçuşların təhlükəsizliyidir. Dispetçerlər bu məsələyə çox ciddi yanaşırlar. İdarəmizdə aviadispetçerlərdən əlavə, meteorologiya mühəndisləri, uçuşların texniki təminatı mühəndisləri və digər mütəxəssislər də çalışırlar".
D.Ayutov onu da diqqətə çatdırır ki, Azərbaycanın hava məkanında son 23 il ərzində 240 min reys qəbul edilib ki, bunun da 170 mini ancaq tranzit reyslər olub.
Davud müəllimlə qısa söhbətdən sonra Hava Hərəkəti İdarəsi ilə tanışlıq üçün bizi Hava Hərəkətinin Vahid İdarəetmə Sistemi Baş Mərkəzinin rəisi, 38 illik aviadispetçer təcrübəsi olan Bala Mirzəyev müşayiət edir.
Bala müəllim həm bizi mərkəzin işi ilə tanış edir, həm də suallarımızı cavablandırır.
Bir dispetçerin eyni anda neçə hava gəmisini idarə edə bilməsi ilə maraqlanırıq. Qeyd edir ki, bu, hava şəraitindən asılı bir məsələdir:
- Dispetçerdə imkan olmalıdır ki, pilotla rabitəni qura bilsin. Standart vəziyyətdə bir dispetçer 45 hava gəmisini eyni anda idarə edə və təhlükəsizliyini təmin edə bilir.
- Azərbaycanın ümumi hava məkanı nə qədərdir?
- Ümumilikdə bizim məsuliyyət ərazimiz 165,4 min kvadrat kilometrdir. Bunun 86,6 min kvadrat kilometri Azərbaycanın suveren ərazisidir, 78,8 min kvadrat kilometri isə Xəzər dənizi üzərində yerləşən hava məkanıdır.
- Aviadispetçerlərin hava məkanına nəzarət etməsi necə müəyyən olunur?
- Qeyd etdiyim ümumi 165,4 min kvadrat kilometrlik bütün hava məkanımız, həm şaquli, həm də üfüqi olmaqla, dispetçerlərin məsuliyyət zonasına bölünür. Hər bir dispetçer öz məsuliyyət zonasını idarə edir.
- Bala müəllim, hazırda olduğumuz məkan konkret olaraq hansı işlə məşğul olur?
- "Azəraeronaviqasiya" Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Biz Azərbaycanın quru və su sərhədləri, ümumilikdə 165,4 min kvadrat kilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edirik. Xidmət göstərdiyimiz hava dəhlizinin uzunluğu səkkiz min kilometrdən çoxdur.
Bala müəllimlə söhbət edə-edə Hava Hərəkətini Vahid İdarəetmə Mərkəzinin qüllə məntəqəsinə qalxırıq. Burada bizi aerodrom uçuşları rəhbəri Şahin Nəsirov və dispetçer komandası qarşılayır.
Şahin müəllim izah edir ki, bu məntəqədən hava gəmilərinin yerüstü hərəkəti idarə olunur.
- Hər gün təxminən neçə hava gəmisini qəbul edib yola salırsınız?
- Bu rəqəm mövsümə görə dəyişə bilir. Məsələn, yay aylarında daha çox, qışda bir qədər az ola bilər. Ortalama 24 saat ərzində gəliş və gediş olmaqla 200-lə 400 arası hava gəmisi qarşılayıb yola salırıq. Ölkəmizdə böyük tədbirlər keçiriləndə də, məsələn, "Formula-1" kimi, turistlərin sayı artdığı üçün hava gəmisi axını daha da artır və gördüyünüz bu meydanda (ərazini göstərir - red.) bir dənə də boş yer olmur. Həmin vaxt karqo terminalı da, biznes aviasiya da, bütün bizim terminallar da, perronlar da dolu olur.
Aviadispetçerlərin arasında xanımlar da var. Hazırda AZANS-da 30 dispetçer xanım çalışır. Onlardan biri, yeddi ildir təlimatçı-dispetçer kimi çalışan Fidan Salehi ilə həmsöhbət oluruq.
Fidan xanım deyir ki, qardaşı naviqatordur və aviadispetçer olmaq istəyini də ona qardaşı aşılayıb. İşinin maraqlı tərəfi isə aviadispetçer kimi təyyarələri idarə etməyidir.
Dispetçerlərlə söhbətimizi bitirib Aeronaviqasiya Məlumat Mərkəzinə keçirik.
Bu mərkəz Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurası tərəfindən müəyyən edilmiş ölkəmizin məsuliyyət zonasına dair aeronaviqasiya məlumatlarını dərc edərək, yerli və beynəlxalq istifadəçiləri bu məlumatlarla təmin edir. Dərc olunan məlumatlar "Aeronaviqasiya məlumatları toplusu"nda öz əksini tapır.
Bu mərkəzin işi ilə tanış olmaq üçün mərkəzin rəisi Aleksandr Estrovla həmsöhbət oluruq.
- Bildiyim qədərilə uçuş üçün ilk pillə bu mərkəzdən başlayır.
- Bəli, bunu belə deyə bilərik. Çünki bütün uçuşlar ilk növbədə məlumatlardan başlayır. Məlumatlar doğru və vaxtında çatdırıldığı halda uçuşlar həm səmərəli, həm də məqsədəuyğun şəkildə həyata keçirilir.
- O məlumatlar hansılardır, məsələn?
- Demək istərdim ki, Azərbaycanda mülki aviasiya sahəsində bütün aviasiya məlumatları buradan nəşr olunur. O məlumatlar bir neçə hissəyə bölünür. Bu, həm bizim qanunvericilikdə olan qaydalardır, həm də hava gəmilərinin uçuşlarından istifadə edə biləcək hava məkanının strukturu və uçuş-enmə prosedurlarıdır - yəni aerodromla bağlı bütün məlumatlar. Hava gəmisi aerodromdan qalxmalıdır və təyinat nöqtəsində enişə gəlməlidir. Bunun təhlükəsizlik baxımından yüksək səviyyədə həyata keçirilməsi üçün bizim hazırladığımız məlumatlar çox önəmlidir.
Uçuş zamanı pilotlar və dispetçerlər üçün lazım olan əsas məlumatlardan biri də meteoroloji məlumatlardır. Bəs uçuşlar üçün hava məlumatları harada və necə hazırlanır?
Öyrənirik ki, bunun üçün "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsində Aviasiya Meteoroloji Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz uçuşlar üçün zəruri olan hava şəraiti məlumatlarını emal edir ki, bu da faktiki və proqnozlaşdırılmış məlumatlar toplusu, marşrut üzrə hava şəraiti və uçuşların təminatı üçün mühüm rol oynayır.
Mərkəzin rəis müavini Aqil Hacıyev bildirir ki, mərkəzin əsas fəaliyyəti Azərbaycan Respublikasının hava məkanında bütün növ mülki aviasiya uçuşlarını və o cümlədən, hava məkanımızdan istifadə edən tranzit reyslərin meteoroloji təminatını həyata keçirməkdən ibarətdir.
- Bəs pilotlar meteoroloji məlumatları necə əldə edirlər?
- Bu proses mərkəzimiz tərəfindən avtomatik meteoroloji brifinq sistemi vasitəsilə həyata keçirilir. Burada bütün yenilənən məlumatlar və sistem təsvirləri onlayn rejimdə avtomatik meteoroloji brifinq sisteminə daxil edilir və pilotlar uçuşqabağı hazırlıq mərhələsində o məlumatları əldə edirlər. Avtomatik meteoroloji brifinq sistemi vasitəsilə ötürülən məlumatlara külək və temperatur xəritələri, radar və peyk təsvirləri, ehtiyat hava limanlarının və enmə hava limanlarının bütün növ meteoroloji məlumatları, faktiki hava, proqnoz məlumatları və s. daxildir.
Hava məkanında uçuşların müntəzəmliyi və təhlükəsizliyini isə Radiotexniki Avadanlıqların Rabitə və Hava Hərəkətinin Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin İstismarı Mərkəzi həyata keçirir.
Bu mərkəzin iş prinsipi ilə bağlı suallarımıza qurumun rəisi Hüseyn Babayevdən cavab alırıq.
O qeyd edir ki, mərkəz hava nəqliyyatı hərəkətinin idarəedilməsi üçün bütün texniki təminatı verir. Buraya rabitə, müşahidə, naviqasiya sistemləri, eyni zamanda bütün data mərkəzinin idarə olunması aiddir. Mərkəzdə yerləşən server otağında müxtəlif sistemlərdən istifadə olunur. Avtomatlaşmış idarəetmə sistemlərində təkcə Bakı üzrə 27-dən çox sistem istifadə olunur. Bu sistemlər 14-dən çox ölkədən gətirilib. Onların texniki tələbləri ICAO, EASA və EUROCONTROL tələblərinə uyğundur:
- Məlumatların yığılması, radar məlumatlarının toplanması, naviqasiya məlumatlarının təyyarələrə ötürülməsi, rabitənin qurulması bizim vacib və ən ümdə işlərimizdən biridir. Bütün bu məlumatların eyni zamanda arxivləşdirilməsi və istənilən vaxt təhlil olunması mərkəzimizin məlumatların arxivləşməsi zonasında aparılır.
- Server otağı qeyd etdiniz. O otaqda nələr var?
- Server otağında Azərbaycanda mövcud olan on radar sistemindən (istər birincili, istər ikincili radar sistemindən) əlavə olaraq multilaterasiya sistemlərindən (MLAT - multilateration; yer səthindən çoxmövqeli koordinatların təyin edilməsi, yəni təyyarələrin və ya digər uçan aparatların yerini müəyyən etməyə imkan verən alternativ texnologiya) məlumatlar toplanılır, emal edilir, uçuşlar üçün ən vacib olan uçuş planları daxil olur və onlar da emal edilərək dispetçerə təqdim olunur ki, o, növbəti idarəetmə proseslərini yerinə yetirə bilsin.
"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsində son ünvanımız Hava Məkanından İstifadə Effektivliyi, Strategiya və İnkişaf Mərkəzi olur. Mərkəzin qrup rəhbəri Ruslan Hüseynzadə bildirir ki, qurumun başlıca funksiyası hava hərəkəti axınlarının və buraxılış qabiliyyətinin idarəedilməsi, hava məkanının dizaynının modelləşdirilməsi, statistik və analitik təhlillərin aparılmasıdır:
- Azərbaycanın əlverişli mövqeyi bizə qərblə şərq arasında mühüm körpü rolu oynamağa şərait yaradır. Bu rol regionda baş verən geosiyasi münaqişələr səbəbindən daha da güclənir. Gün ərzində müxtəlif aviaşirkətlərə məxsus ortalama 900 (doqquz yüz) təyyarə bizim hava məkanımıza daxil olur. Bu səbəbdən tələb və buraxılış qabiliyyəti arasında balansı qoruyub-saxlamaq üçün əməkdaşlarımız 24 saat fəaliyyət göstərərək hava məkanını müşahidə edir və analitik təhlillər aparırlar.
- Hava məkanının istifadə effektivliyi deyəndə nə nəzərdə tutulur?
- Hava məkanının istifadə effektivliyi onun düzgün strukturu, dizaynı və modelləşdirilməsindən asılıdır. Hava məkanının strukturu vaxtaşırı yenilənməli və yeni texnoloji innovasiyalarla ayaqlaşdırılmalıdır.
- Hava məkanının dizaynının modelləşdirilməsi nə deməkdir?
- Hava məkanının dizaynı yeni hava marşrutlarının yeridilməsi və yaxud strukturunun çox nadir hallarda dəyişdirilməsidir. Bu daha çox hava gəmilərinin sayının artması ilə bağlıdır.
Qeyd edək ki, "Azəraeronaviqasiya" (AZANS) 1996-cı il aprelin 1-də yaradılıb. Müəssisənin başlıca vəzifəsi Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi, hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyasından ibarətdir.
Baş mərkəzin yeni binasının ümumi sahəsi beş min kvadratmetrdir. Dispetçer qülləsi daxil olmaqla binanın hündürlüyü 65 metrdir.
AZANS 2022-ci il "CANSO Global Safety Achievement" nominasiyasında qalib gələrək, dünyada ən etibarlı aeronaviqasiya xidmətlərinin TOP-5 siyahısında yer alıb. Bu siyahıda Azərbaycanla yanaşı, ABŞ, Argentina, Tailand, həmçinin Yeni Zelandiyanın da adı keçir.
2018-ci il iyun ayından Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" HHİ-nin nəzdində Azərbaycan Hava Məkanına Nəzarət və Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılışı olub.
Daha çox foto burada: PhotoStock.Az
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
50
oxu.az

10Mənbələr