AZ

"Neftçi" YUXUDA!

İstər təbiətdə, cəmiyyətdə, istərsə də insan həyatında hər şey öncə yaranır, inkişaf edir və tədricən eniş dövrünə qədəm qoyur. Bütün proseslər yaranışdan tərəqqiyə, tərəqqidən tənəzzülə doğru istiqamətlənir. Bəlkə yeganə şey Azərbaycan futboludur ki, inkişaf etmədən hər gün daha da enərək uçuruma yuvarlanır. AFFA futbolumuzu bu uçurumdan dartıb qaldırmaq üçün qocaman Fernandu Santuşa bel bağlayıb. Qoca Santuş bu yaşda qaldıra biləcəkmi ya yox, bilmirəm. Amma mən Ağadadaş Ağayevin sinirlərinə hakim ola bilməyib, mühafizəçiyə balta atmasından sonra qorxuram. Xalq artistindən hələ 2 yaş da böyük olan, ayağı top tutan ulduz futbolçularla işləməyə alışmış Santuşun futbolçularımızın oyununu görüb sinirlərinə hakim ola biləcəyi sual altındadır. AFFA rəsmilərinə demək istərdim ki, siz Allah Santuşun əlinin altına balta, bıçaq qoymayın ki, xətası bizdən uzaq olsun. Amma bəlkə də illərdi nəticə olmamasına baxmayaraq, əcnəbi məşqçi sevdasından əl çəkməyib, onların cibini dolduranlardır bizi və futbolumuzu baltalayanlar. Necə deyərlər, sapı özümüzdən olan baltalar.

Gecə yerimə uzanıb, bunları öz-özümə düşünərkən yuxumun qaçacağı və səhər oyanmağa çətinlik çəkəcəyim gözlənilən idi.

Səhər işə də gecikmiş, qızarmış və şişkin gözləri kompüter arxasında əyləşib, bir az da yormalı idim. Zaman keçmək bilmirdi. İş günü o qədər yorucu keçdi ki, evə getmək zamanı yetişsə də yerimdən qalxmağa tənbəllik edirdim. Sanki çiyinlərimdə futbolumuzun problemləri qədər yük vardı. Saata baxdıqda müxtəlif şirkətlərin ofislərinin yerləşdiyi binanı ən son tərk edəcəyimi yəqin etsəm də, yanılıram. Çantımı götürüb, otağı tərk edir, 5-ci mərtəbən liftlə yox, ayaqla düşməyə qərar verirəm. 3-cü mərtəbədə marağıma səbəb olan, səs gələn tərəfə gedib, azca aralı olan qapıdan içəri baxır və gözlərimə inanmıram. “Neftçi”nin müşahidə şurasının sədri və üzvləri, klubun rəhbərliyi və tərcüməçi Vüqar Əliyev, ayaq üstdə çıxış edən, qara pencəkli 60-65 yaşlı bir kişi tərəfindən danlanır. Özlüyümdə sevinirəm, axı “Neftçi”nin hətta müşahidə şurasının sədrinin belə tabe olduğu, kluba təyinatları gerçəkləşdirən o şəxsi nəhayət görürdüm. İclasdakı müzakirələrə qapı arxasından qulaq asmağa qərar verirəm. Qara pencəkli kişi otağın küncündə asılqandan asılmış ağ pencəyini göstərib, deyir :

Rəngimiz ağ-qara olsa da illərdir mən bu pencəyi geyinə bilmirəm. Kluba kimi təyin etsəm də ağ günə çıxa bilmirik. Çempion olduqdan sonra ağ pencəyi geyəcəm.

Özlüyümdə “Neftçi”ni çox sevən rəhbəri olduğunu düşünsəm də, sonradan fikrimi dəyişərək üzüləcəkdim.

Kişi sözünə davam edir :

İndi ümid sizədir. “Neftçi”nin əzəmətini qaytarmalı, azarkeş və mətbuatın tənqid, təzyiqlərini neytrallaşdırmalı, lağ edilən klubu hər kəs tərəfindən sevilən və hörmət edilən kluba çevirməlisiz. Əvvəl uğursuzluq olanda biz məşqçini dəyişirdik. Uğursuzluq davam edincə tək məşqçi dəyişimi azarkeşlərin təzyiqini daha da kəskinləşdirirdi. Biz məşqçi və idarə heyətində dəyişiklik etdik. Yenə uğursuzluq oldu, avrokuboklardan kənarda qaldıq. Belədə təzyiq və tənqidlərdən yayınıb, azarkeşlərə yenidən ümid vermək üçün bizə məşqçi və idarəetmədən savayı başqa dəyişiklik lazım idi. Köməkçim Altun bəy ( Altun qeyri-ixtiyari ayağa qalxır və yalnız kişinin işarəsindən sonra əyləşir) mənə loqonu da dəyişməyi tövsiyyə etdi. Düşündük ki, bəlkə uğursuzluğun səbəbi elə köhnəlmiş loqodadır. İndi bu mövsümə yenilənmiş loqo, məşqçi və idarə heyətində olan dəyişikliklərlə qədəm qoyuruq. Amma bu mövsüm uğursuzluq olacağı təqdirdə bizə tənqidlərdən yayınmaq və vaxt qazanmaq üçün daha fərqli dəyişiklik lazım gələcək. Artıq rəhbərlik, məşqçi dəyişikliyi azarkeşləri razı salmayacaq. Sağ olsun Altun bəy onu da düşünüb.

Altun bəyə diqqətlə fikir verirəm. Eynəkli, çəlimsiz və sarışın gənc oğlan idi. Bir neçə il sonra “Neftçi”nin rəhbəri postuna onu gətirsələr heç təəccüblənmərəm. Kişi növbəti mövsümün qurbanını elan edir :

Növbəti il uğursuzluq olacağı təqdirdə tərcüməçi Vüqar Əliyev klubdan göndəriləcək. Altun bəy deyir ki, bu qədər məşqçinin hamısı pis ola bilməz. Bizdə məşqçinin söylədiklərinin futbolçulara düz tərcümə edilməsinə dair ciddi şübhələr yaranıb.

Vüqarın Altun bəyə nifrət dolu baxışları diqqətimdən yayınmır. Kişi köməkçisi Altundan ağız dolusu danışmağa davam edir :

Altun bəyin ideya və incə toxunuşlarını çox sevirəm. Hamı bizi əvvəl futbolçu transfer edib, sonra məşqçi təyin etdiyimizə görə qınayırdı. Bu dəfə Emil Səfərov, Edvin Kuçu transfer etmişdik. Altun bəy məsləhət gördü ki, məşqçi təyinatından sonra bu iki transferimizi rəsmi elan edərik. Elə də etdik və tənqidlərdən yayındıq. Və ya istədik ki, klubda illərdi bəlkə də öz işini peşəkar görmüş yeganə şəxs – Rüstəm Allahverdiyevi geri qaytaraq. Çünki “Neftçi tv”-nin, eləcə də klubun media və ictimaiyyətlə əlaqələrdə nüfuzunu itirməsi azarkeşlərin əsas tənqid hədəfindən biri idi. Altun bəy müdaxilə edərək dedi ki, “eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. Geri qaytarsaq özümüzün səhv qərarlar verdiyimizi etiraf etmiş olacağıq”. Təklif etdi ki, Rüstəm Əfsərlini gətirək. Və tanış media nümayəndələrindən xahiş etdik ki, başlığı belə qoysunlar : “Rüstəm yenidən Neftçidə”. Görənlərin əksəriyyəti elə başlığı oxumaqla kifayətlənib, sevindi. Tənqidlərdən bu dəfə də yayına bildik. İndi siz də elə işləməlisiz ki, təzyiq və tənqidlər olmasın. Ya uğurlu mövsüm keçirməli, ya da Altun bəy kimi düşünülmüş manevrlər etməyi bacarmalısız, yoxsa “Yaxşı olacaq” deməklə azarkeşlər daha bizə inanmaz.

Mən dinlədikcə uğursuzluğun əsl səbəbini tapmışdım. Bu nə loqo, nə tərcüməçi idi. “Neftçi” rəhbərinin düşünən beyni özü yox, Altun bəy kimi başqaları olduqda uğursuzluq qaçılmazdı.

Kişi əyləşərək sözünə davam edir :

Təbii ki, klub haqqında pozitiv məqamlar da var. Aleks de Souzanın oğlu üçün formamızı istəməsi, “Neftçi”nin ölkə xaricində də sevildiyinin göstəricisidir. Bundan başqa bizim klubun idarə və məşqçi heyətində Azərbaycan, Ukrayna, İsveç, Litva, İtaliya, Belarusiya, Türkiyədən olan şəxslər cəmləşib. Buna görə klubumuz dünyaya milli-etnik baxımından tolerantlıq nümunəsi kimi göstərilə bilər.

Dodaqaltı “maşallah klub deyile, elə bil Birləşmiş Millətlər Təşkilatıdır” – deyib, dinləməyə davam edirəm:

Bir daha diqqətinizə çatdırım ki, klubun 3 milyondan çox borcu vat. Borcu bağlamaq üçün hamınız planlarınızı hazırlayıb, təqdim edərsiz.

Bu an Emin Əmrullayev Andersona, Sumerə elə baxdı ki, onun cavabının hazır olduğunu hiss etdim. Özlüyündə düşündü ki, Anderssonu, Sumeri, akademiyanın direktoru Cemal Bülbülü yerlilərlə əvəz edib, qənaət edilən pulla 1-2 ilə borcu bağlamaq olar.

Kişi ayağa qalxaraq dedi:

Deyəcəyim bu şeiri çempionat öncəsi hamınız qulağınızda sırğa edib, uğurlarımıza öz töhfələrinizi verməlisiz :

Bu yoldan dönmərik,

İrəli gedərik.

Neftçili doğulduq,

Neftçili ölərik.

Birdən Anderssonla baxışlarımız toqquşdu. Yerimdə donub qalan məni, barmağı ilə göstərərkən diksinib, ayıldım. Gözlərimi ovuşdurub, ətrafa baxdım. Nə ofis, nə iclas, nə Andersson, hamısı yuxu imiş. Gərək “Neftçi” rəhbərliyi yuxuma və onu sizlə bölüşdüyümə görə uğurlu mövsüm keçirib, Avropada elə tarix yazsın ki, yuxumuzu qarışdırmadan, hamımız bir ağızdan deyək:

“Bəli. “Neftçi”nin bütün uğursuzluqlarının səbəbi idarəetmədə yox, elə köhnəlmiş loqoda imiş.”

Fikrət Abdul / Sportinfo.az-ın məktub qutusu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
sportinfo.az

10Mənbələr