AZ

Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib

Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının üzərində dünən qatı tüstü dumanı müşahidə olunub.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ukrayna və Rusiya tərəfləri bir-birini təxribatda ittiham ediblər.

Rusiyanın versiyasına görə, yanğın Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduqdan sonra baş verib.

Qondarma Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski bazar günü bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Enerqodarı atəşə tutmasından sonra Zaporojye Atom Elektrik Stansiyasının soyutma sistemləri qurğusunda yanğın baş verib.

“Ukrayna Silahlı Qüvvələrinin “Enerqodar”ı atəşə tutması nəticəsində Zaporojye Atom Elektrik Stansiyasının soyutma sistemləri qurğusunda yanğın baş verib və hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerində işləyirlər”, - o, teleqram kanalında yazıb.

Ukrayna tərəfdən isə əks məlumat verilib

Ukrayna tərəfinin məlumatına görə, Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının soyuducu qülləsində çoxlu sayda avtomobil təkərini yandırıblar.

Bu barədə Ukraynanın Nikopol vilayəti hərbi administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko teleqram kanalında yazıb.

Yevtuşenko qeyd edib ki, bu, onun qarşı sahildəki mənbələrdən aldığı qeyri-rəsmi məlumatdır.

Ukrayna Prezidenti Volodimir Zelenski də AES ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

O, yanğının videosunu teleqram kanalında yayımlayıb.

Prezident bildirib ki, hazırda radiasiya göstəriciləri normaldır, lakin ümumilikdə Rusiyanın AES üzərində nəzarəti saxlaması vəziyyəti normal ola bilməz.

“Zaporojye AES-in ələ keçirildiyi ilk gündən Rusiya bundan həm Ukraynanı, bütün Avropanı, həm də dünyanı şantaj etmək üçün istifadə edir, biz dünyanın, AEBA-nın reaksiyasını gözləyirik. Rusiya buna cavab verməlidir. Yalnız Ukrayna Zaporojye AES-ə nəzarət normal vəziyyətə qayıtmağa və tam təhlükəsizliyə zəmanət verə bilər”, - Prezident fikirlərini yekunlaşdırıb.

Seçilən
31
11
report.az

10Mənbələr