AZ

Fransa dinlərə qarşı dözümsüz ölkə olduğunu sübut etdi

Ekspert: “Bəşəriyyətin dəyərləri psixoseksual problemləri olan azlığın ayaqları altında əzilir”

Fransada Yay Olimpiya Oyunları rəzilliyi ilə dünyaya səs salıb. İyulun 26-dan başlayan oyunlar bir neçə gündən sonra bitəcək. Amma yarışlar elə ilk günlərindən biabırçılığı ilə yadda qaldı. 

“Yeni Müsavat” xəbər verir ki, təhlükəsizlikdən tutmuş təmizliyə qədər bir çox çatışmazlıqlar qonaqların narazılığı ilə qarşılanıb və günlərdir müzakirələrə səbəb olub.

Açılış mərasimində xristianların dini hisslərinin təhqir olunması isə son hədd oldu, peyğəmbər İsa Məsihin etikadan kənar obrazının yaradılması Fransa hakimiyyətinin məqsədyönlü şəkildə insanların dini hisslərini alçaltması kimi dəyərləndirildi. Açılış mərasimində satanistlərin simvollarının nümayiş etdirilməsi də bu ölkə haqqında açıq-aşkar fikir formalaşdırdı. Qeyd etmək yerinə düşər ki, Fransanın İslama qarşı dözümsüz münasibətinin dəfələrlə şahidi olmuşuq. Hətta Məhəmməd Peyğəmbərin karikaturası çəkilmiş, müsəlmanların inanclarını aşağılayan bir çox addımlar atılmışdı. Bu dəfə dünya Fransanın təkcə müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə qarşı da dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu.

Azər

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünya Fransa inqilabının baş verməsi ilə bir çox pozitiv qazanclar əldə etsə də, bəşəriyyət tarixində indiyə qədər olmayan neqativlərin də qapıları açıldı: “Bu mənim yadıma Lut peyğəmbərin öz xalqına Quranda keçən xitabını saldı: "Lutu da (peyğəmbər) göndərdik. Bir zaman o öz qövmünə belə demişdi: “Siz özünüzdən əvvəl heç bir insanın etmədiyi əxlaqsızlığımı edirsiniz?” (Əraf surəsi, 80-ci ayə). Bəli, Fransa inqilabının qapısını açdığı sekulyarizm əgər ilk əvvəl kilsənin siyasi idarəçilikdən uzaqlaşdırılmasını nəzərdə tuturdusa, daha sonra dinəfobiyaya keçdi. Əslində Qərbin incəsənəti humanizm deyilən cərəyanın da ayaq açıb yeriməsi ilə Tanrıya savaş açdı. Dünya xüsusilə İslam Peyğəmbərinin karikaturası çəkiləndə söz azadlığı deyilən bütün arxasında sığınanda düşünməli idi ki, bir zaman bu, Həzrəti İsaya da gələcək. Həzrəti İsa xristianlar üçün dəyər olduğu kimi müsəlmanlar üçün də dəyərdir. Çünki müsəlmanlar, Quranda bildirildiyi kimi, “Biz Onun peyğəmbərlərindən heç biri arasında fərq qoymuruq”. (Bəqərə, 285) deyirlər. Olimpiada açılışında olan Həzrəti İsa ilə bağlı rəsm haqqında Quranda bir surə var. Maidə surəsi. Yəni bir sözlə, olimpiadanın açılışında belə bir səhnənin ortaya çıxması həyəcan təbilinin çalınması deməkdir". 

Ekspert əlavə edib ki, bəşəriyyətin dəyərləri psixoseksual problemləri olan, getdikcə bəzi ölkələrdə nazir, baş nazir səviyyəsində siyasi hakimiyyətə gələn azlığın ayaqları altında əzilir: “Fransa da bu məsələdə pioner olub, olmaqda da davam edir. Biz dünyanın ən tolerant cəmiyyətiyik. Azərbaycanda xristianlar da, yəhudilər də, dinsizlər də can və fikir güvənliyi içərisində yaşayır. Görünən odur ki, Qərb belə deyil. Görünən odur ki, Qərb bizim də fikir, mədəniyyət qibləmiz ola bilməz. Bununla bağlı dövlət başçısı öz çıxışlarında bildirib ki, bizdə kişi kişidir, qadın isə qadın. Ancaq təəssüf ki, "Səfillər" ölkəsində belə deyildir. Və bu da öz növbəsində dünyaya xərçəng metastazı verə bilər. Dini dəyərlərin alçaldılması yekunda şəhvətpərəst və seksual azlıqların siyasi elitasının aqressiv olduğu bir dünyanın yaranmasına gətirib çıxara bilər. Dünya bunu düşünməlidir. Məhz buna görə də bizim prioritetimiz Türk dünyası oldu. Avromərkəzli strukturlar bir böhran içərisindədir. Bu böhranı çox zaman bəzi insanlar iqtisadi rifahda görmək istəyirlər. Yəni Avropa dağılmır ki, hamı yaxşı yaşayır, filan. Amma elə deyildir. Əgər cəmiyyətin mənəvi, insanlığın fikri kodları dəyişirsə, bu, daha böyük faciələrə aparır dünyanı. Yenə də  Qurandan misal vermək istərdim: “Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar”. (Tövbə surəsi, 69-cu ayə). Beləliklə, biz görürük ki, əslində Qərb siyasi və mədəni elitasının dinə və dini ayinlərə qarşı bir fobiyası vardır. Bizdə də onların təsiri ilə bəzən Qərb bulağından su içənlərin, “Səfillər” ölkəsinə “ibadət edənlərin” belə davranışlarını görmək olur. Ölkəni qorumaq üçün hamımız bir olmalıyıq. Daha sonra təmizlik məsələləri. Sena çayında natəmizliklərdən xəstələnən idmançılar, yeməkdə ət tapmayan üzgüçülər, hotel otağında yata bilməyib parkda yatan idmançılar. Bu, əslində insana verilən dəyərdir. “Səfillər” ölkəsində nə bilsinlər ki, məsələ bizdə qonaq gələndə ən yaxşı yeməyi yeyər, ən yaxşı yerdə yatar, diqqət və qayğı ilə əhatə edilər. Müsyö Jordan belə gəlib getdi, bunlar hələ “tema”nı tuta bilmədilər. Bütün bunları görəndə insan bir daha Rəbbinə həmd edir ki, Azərbaycanda yaşayır. İnsanlıq cəmiyyətində, multikultural dəyərlər cəmiyyətində yaşayır. Amma biz də gərək özümüzü təhlükələrdən qoruyaq. Dinəfobiya təhlükəsinin ölkəmizə ayaq açmasına, sızmasına imkan verməyək".

Yazını hazırladı: Afaq MİRAYİQ 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
44
musavat.com

10Mənbələr