AZ

150 min manata da nömrə olar?!

Sosial şəbəkələrdə 010-la başlayan bahalı telefon nömrələrinin bir neçəsinin qiymətləri paylaşılıb. 010 222 22 22 nömrəsinin qiyməti nə az, nə çox, düz 150 min manatdır. Eləcə də, 75 min manata, 35 min manata və sair nömrələr də var. Amerika şairi Eduard Taylor əşyalara itaətə əsaslanan dünyagörüşü "fetişizm" adlandırmışdı. Hələ 17-ci əsrdə. Deməli, əşya xəstəliyi yeni bir şey deyil; ta qədimdən insanlarda maddiyyata canatım olub. Öz içindəki boşluğun səsini çölündəki əşyalarla susdurmağa çalışıb. Bahalı geyimlər, aksesuarlar, bər-bəzək, daş-qaş, zinət əşyaları hər dövrdə olub, indi də var. İnsanlar qiymətli daşları ən sevimli bəzək əşyası bilib dəyər verəndə, o əşya qiymətə minib. Heç görmüsünüz ki, heyvanlar qızıl bilərzik, platin üzük, ya da gümüş sırğa, kəhrəba boyunbağı taxa. Yox. Bunlar insanın özünə uydurduğu tələbatlar olub, bu günə gəlib çıxıb. Əlvan metallar, o metallarla zəngin olan yataqlar uğrunda nə qədər müharibələr olub, nə qədər insan ölüb, ölkələr-şəhərlər dağılıb! Əslində qiymətli əşya yoxdur, ona insanın biçdiyi dəyər həmin əşyanı qiymətli edir. O baxımdan yanaşanda qiymətli olan insandır. İnsanların çoxu nəyə dəyər verirsə, o, hamı üçün qiymətlidir, əksəriyyət kimə itaət edirsə, o kəs hakimiyyət qazanıb. Bu, qədimdən bəri belə olub. İndiki (demokratik) leksikonla desək, kim seçkidə daha çox səs alırsa, o şəxs də səlahiyyət sahibi olur. Heç səs almadan, saxta səslərlə qalib - yəni başqalarının iradəsinə hakim elan edilənlər də var. O da başqa məsələ... Ancaq günümüzdə insan özünün uydurulmuş (ifrat) tələbatından asılı vəziyyətə düşüb. Əşyalara itaət onun iradəsi üzərində əşya hakimiyyətinin formalaşmasına gətirib çıxarır. Əgər adamın biri 150 min manata telefon nömrəsi alırsa, o, telefon nömrəsini deyil, nömrə onu idarə edir. Bir adam öz qarşısına Range Rover almağı məqsəd qoyursa, ancaq büdcəsi Hundai Elantra almağa yetirsə, o, mütləq əyri, dolayı yollara üz tutacaq. Bir adama telefondan istifadə üçün 150 manatlıq nömrə bəs etdiyi halda, 150 min manatlıq nömrə almaq fikrinə düşübsə, Allah ona ağıl-fikir versin! Çünki 150 manatlıq nömrəyə gücü çatan biri 150 min manatlıq nömrə almaq istəyəndə, bunun zərərini özündən də çox ətrafdakı insanlar çəkəcək. Ya ailəsinin, uşaqlarının boğazından kəsməlidir. Ya qohumdan, dostdan, tanışdan alıb toplamalıdır, ya da qanunsuz yollara baş vuracaq: oğurluq edəcək, quldurluq edəcək, dələduzluq edəcək. Vəzifədədirsə, imkanı varsa, rüşvət alacaq, yüksək səlahiyyəti varsa, daha böyük miqyasda korrupsiyaya qurşanacaq. Hələ əli dövlət büdcəsinə çatırsa, vay halımıza: ordan çalıb-çapacaq, qapıb-qamarlayacaq. Gözümüzün qabağında bunlar baş verir, axı. Gözlərinin nurunu töküb məktəb oxuyan, sonra gedib xaricdə, prestijli universitetlərdə yüksək təhsil alıb gəlmiş, dövlət vəzifəsinə yüksəlmiş gənc adamlar var, hər cür təminatı, vəzifəsi, statusu, maaşı-filanı öz yerində. Amma yenə də rüşvətə, korrupsiyaya qurşanır, "asan" yolla və əyri üsullarla pul toplayıb varlanmağa (həm də qısa müddətdə zəngin olmağa) çalışmaq fikrinə düşür. Bir də görürsən, qəflətən qandallanıb türməyə düşür. Niyə?! Səbəblər çoxdur. Onların arasında ən əsası insanın öz məişət tələbatlarını, həyat standartlarını öz imkanlarına uyğun gəlməyəcək tərzdə artırmağıdır. Özünə, öz həyatına süni tələbatlar uydurur. Keçən il Ağ dəniz kurortunda istirahət edibsə, bu il mütləq Baliyə uçmalıdır. Növbəti il onu Baham adaları "gözləyəcək". Niyə axı?! Əgər sənin qanuni imkanın Bilgəhdə, Buzovnada dincəlməyə çatırsa, nə məcburdur ki, Braziliya sahilləri üçün özünü və gələcəyini riskə atıb qanunsuz yolla pul yığasan?! Mütləq gərək hər fəslə görə bir maşın sürəsən?! Üçotaqlı mənzil sənə, ailənə yetəcəksə, gərək otuz otaqlı villa qondarasan?! Bu, sənin tələbatının üstündədirsə, ona can atmaq ağıl karı deyil axı. 77 filan-filan777 nömrəli maşın, tutaq, 90 filan-filan 853 nömrəli avtomobildən daha rahat olur? Yoxsa daha sürətli və dözümlüdür?! O bahalı nömrə insanın həyatını yaxşıya doğru necə dəyişir?! Əgər dəyişirsə. Yox, əslində dəyişən insan özüdür. Dünən tələbatı az idi, halal yolla istəklərini ödəyə bilirdisə, bu gün tələbatlarını süni şəkildə artırıb haram yollara düşüb. İçində boşluq varsa, onu əşyalarla, varidatla, statusla kompensasiya etməyə çalışır. Titullara, təltiflərə canatım bizim cəmiyyətdə olduğu qədər, bəlkə də heç yerdə yoxdur. Səbəbləri məlum: süni şişirdilmiş həyat standartları! Demirəm ki, Diogen kimi çəlləkdə yaşayaq, İtaliya brendləri geyməyib, əncir yarpağına bürünək. Yaxud lülə-kababı göy-göyərtiyə dəyişək. Yox! Sadəcə, özümüzü artıq tələbatlarla yükləməyək. Buna Planetin belə resursu çatmır artıq. Vallah, düz sözümdür. 150 min manata da telefon nömrəsi olar, siz Allah?! Bahəddin Həzi, Bizimyol.info

Seçilən
102
9
bizimyol.info

10Mənbələr