AZ

Viza rejimi liberallaşmasının Ermənistan üçün ağır nəticələri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Artıq iki gündür Ermənistan mətbuatı, xüsusən də hakimiyyətin təbliğat maşını Avropa İttifaqı (Aİ) ölkələri XİN rəhbərlərinin Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqun başlanmasına və Avropa Sülh Fondundan 10 milyon avro ayrılması barədə qərarın qəbul edilməsini əsrin uğuru, Paşinyan komandasının möhtəşəm nailiyyəti kimi təqdim etməkdən yorulmur. İş o həddə çatıb ki, Fond tərəfindən ayrılan 10 milyon avro üçün Qərbə təşəkkür etmək üçün müdafiə naziri Suren Papikyan başda olmaqla, digər rəsmilər növbəyə düzülüblər. Eyni zamanda, viza liberallaşdırılması ilə bağlı danışıqların başlaması məsələsi isə Aİ-yə inteqrasiya proqramında fövqəladə uğur kimi xalqa sırınır. Düzdür, müxalifət, xüsusən də Rusiyayönümlü qanad bu məsələdə də hakimiyyəti sərt tənqid edir. Amma işin maraqlı tərəfi odur ki, viza məsələsi eyforiyaya qapılan cəmiyyətin gözünü kor edib və bunun ağır fəsadlarını düşünmə qabiliyyətindən məhrum edib.
Maraqlıdır ki, Aİ-nin hər iki qərarı ard-arda verilib və bu, əslində Ermənistan üçün qurulan tələdən başqa bir şey sayılmır. İlk olaraq, Avropa Sülh Fondundan Ermənistanın Silahlı Qüvvələrinin maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün 10 milyon avro dəryada bir damladan başqa bir şey deyil. Bu cüzi miqdarda pul Ermənistanın Rusiya orbitindən qoparılması üçün atılan addımdan başqa bir şey deyil. Çünki tarixdə ilk dəfədir ki, belə bir fonddan Moskvanın rəhbərlik etdiyi KTMT kimi hərbi alyansın üzvü olan ölkəyə pul ayrılır.
Viza rejiminin liberallaşdırılması məsələsi ilə bağlı isə ehtimallar çoxdur. Əgər bəyanatları diqqətlə izləsək, ekspertlərin və rəsmilərin sözlərinə görə, bu, iki il ərzində və ya iki ildən sonra baş tuta bilər. Əgər 2026-cı ildə Ermənistanda parlament seçkisinin keçiriləcəyini nəzərə alsaq və Paşinyan komandasının reytinqinin kifayət qədər aşağı olması faktını da diqqətə alsaq, o zaman ortaya belə bir mənzərə çıxır: Qərbin siyasi kulisləri Paşinyanı seçkidə dəstəkləmək üçün həm 10 milyon avro tulapayı ayırıblar, həm də viza rejiminin liberallaşdırılması barədə danışıqlara start veriblər. Təbii ki, bu iki məsələdən hakim partiya seçki kampaniyasında eninə-boluna istifadə edəcək.
Digər bəyanatları nəzərdən keçirək. Aİ Şurasının məlumatında qeyd edilir ki, Ermənistan vətəndaşları üçün viza öhdəliklərinin ləğvi imkanlarına yalnız standartlar tam şəkildə tətbiq edildikdən sonra baxılacaq. Bax erməni siyasətçilərinin, rəsmilərinin nəzərdən qaçırdığı maddə də budur. Söhbət hansı standartlardan gedir, bu standartların tam şəkildə tətbiq edilməsi üçün Ermənistana neçə il, neçə ay vaxt lazımdır? Əslində erməni cəmiyyəti və siyasi elitası məhz bu sualların cavabını tapmalı, onlar barədə xalqı məlumatlandırmalıdır. Yaranan mənzərə isə onu göstərir ki, eyforiyaya qapılan siyasilər artıq özlərini Aİ-nin tamhüquqlu üzvü sayırlar. Bu isə illuziyadan başqa bir şey deyil.
İndi gələk işin digər tərəfinə, əslində Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması erməni cəmiyyəti üçün total ağır nəticələrə səbəb olacaq. İlk olaraq söyləmək lazımdır ki, viza rejiminin liberallaşdırılması Ermənistanın sürətlə boşalması ilə nəticələnəcək. Bunu sübut edən faktlara müraciət edək. Məsələn, qonşu Gürcüstan təkcə 2022-ci ildə ölkəni tərk edənlərin sayı 2021-ci ilin rəqəmləri ilə müqayisədə 81 faiz artıb. 2022-ci ildə 106 min gürcü Avropaya sığınıb. Onların 80-85 faizi gənclər və 40 yaşa qədər olan insanlardır. Bu qədər insanın böyük hissəsi Avropa ölkələrində siyasi motivlərə görə qalmaq istəyir, digərləri isə qeyri-qanuni yolla vətəndaşlıq əldə etmək istəyir. Siyahı bununla da bitmir. 2023-cü ildə isə emiqrantların sayı 241 min nəfər təşkil edib.
Ermənistandakı işsizliyi, məmur özbaşınalığını, korrupsiyanı, iş yerlərinin hakim komandanın sülaləsi tərəfindən zəbt edilməsini, müharibədəki acı məğlubiyyətin vurduğu psixoloji sarsıntını da nəzərə alsaq, rəqəmlərin hansı qorxunc həddə çatacağını ehtimal etmək olar. Qısacası, Gürcüstandakı rəqəmlər Ermənistandakı rəqəmlərin kölgəsində qala bilər.
Yuxarıdakı Gürcüstan misalını Baltikyanı ölkələrə də aid etmək olar. Məsələn, eyni problem Latviya, Litva və Estoniyada da yaşanır. Bir ölkə üçün demoqrafik itkilərin əsas səbəbləri miqrasiya, yüksək ölüm və aşağı doğum səviyyəsidir. Baltikyanı ölkələr 2023-cü ildə əhalisi ən sürətlə azalan ilk 20 ölkə sırasına daxil edilib. Hazırda: Latviyada 1,862,700 nəfər, Litvada 2,691,130 nəfər, Estoniyada 1,318,811 nəfər əhali yaşayır. İndi gəlin bu rəqəmləri 1991-ci il ilə müqayisə edək. Məsələn, sözügedən ildə Latviyada 2.7 milyon, Litvada isə 3.7 milyondan çox insan yaşayırdı. 30 il ərzində əhali sayı artmalı olduğu halda, ciddi geriləmə müşahidə edilib. Səbəb isə viza rejiminin liberallaşdırılması nəticəsində gənclərin ölkəni kütləvi şəkildə tərk etməsidir. Proqnozlara görə, 2050-ci ildə Litva əhalisinin sayı 22,1 faiz azalacaq. Növbəti yerdə Latviya gəlir, onun göstəricisi 21,6%-ə bərabərdir. Estoniya 13-cü yerdədir, respublika 28 ildən sonra əhalisinin 12,7%-ni itirəcək. 2050-ci ilə qədər Baltikyanı ölkələrin ümumi əhalisi 5 milyonu keçməyəcək. Latviyada 1,5 milyon, Litvada və Estoniyada müvafiq olaraq 2,1 milyon və 1,2 milyon insan yaşayacaq.
Ermənistandakı vəziyyətə nəzər salaq. 1991-ci ildə 3 milyon 650 min nəfər yerli sakin olsa da, 2022-ci ildə bu rəqəm 2 milyon 780 min nəfərə qədər azalıb. Proqnozlara görə isə 2050-ci ildə bu rəqəm 2 milyon civarında olacaq. Əslində isə Aİ ilə sürətlə yaxınlaşmanın daha faciəvi proqnozlara yol açacağını İrəvandakı strateji araşdırmalar mərkəzi təhlil etmir. Çünki viza rejiminin liberallaşmasından sonra, ölkənin sürətlə boşalacağı nəzərə alınmayıb. Baş nazirin 2050-ci ilə qədər ölkə əhalisinin sayını 5 milyona çatdırmaq üçün transformasiya strategiyası fiaskoya uğrayıb. Artıq hakim komanda Qarabağ ermənilərini dövlət reyestrində qeydiyyata alaraq, onları artım kimi göstərir. Bu səbəbdən də 2024-cü il yanvarın 1-nə Ermənistanda daimi əhalinin sayı 2,99 milyon nəfər olub ki, bu da 2023-cü il yanvarın 1-nə olan göstəricidən 53 min nəfər çoxdur.
Viza rejiminin liberallaşması üzrə danışıqların başlamasında yuxarıda sadaladığımız faktlardan əlavə, Avropanın daim arxasınca qaçdığı ucuz işçi qüvvəsi ilə ölkələri təmin etmək ideyası da dayanır. Bu gün Qərb cəmiyyətində tənbəl, işləmək həvəsi olmayan, iş rejimini hər dəfə azaltmaq üçün nümayişlər keçirən və tələblər qoyan bir nəsil yetişib. Boş qalan iş yerləri, xüsusən də sənaye sahəsindəki boşluğu doldurmaq üçün atılan addımlar sırasında müəyyən ölkələrlə viza rejiminin liberallaşdırılması siyasəti dayanır. Maraqlıdır ki, təcrübə göstərir ki, Avropa bir müddət sonra ucuz işçi qüvvəsi təmin edir və vizasız rejimi müxtəlif bəhanələrlə ləğv edir. Son dövrlər isə xristian təəssübkeşliyini rəhbər tutan Aİ siyasiləri bu tip layihə və danışıqları sırf qeyri-müsəlman ölkələri ilə aparır, belə vəziyyətlərdə əhalisinin əksərini müsəlmanlar təşkil edən ölkələr gözardı edilir. 8-9-cu əsrdən Qərbdə geniş vüsətlə yayılan müsəlmanlara qarşı diskriminasiya siyasəti bu gün, 21-ci əsrdə də sürətlə, amma başqa formalarda davam edir. Aİ-nin vizasız rejim tətbiq etdiyi ölkələr sırasında heç bir müsəlman ölkəsi yoxdur. Məsələn, qardaş Türkiyə uzun illərdir bu məsələdə mübarizə aparsa da, xristian təəssübkeşliyi divarına dirənir. Amma Gürcüstan kimi bir ölkəyə hələ 2017-ci ildən Şengen ölkələrinə vizasız rejimdə daxil olmağa icazə verilib. Bu tip siyasət əslində Qərbin ikiüzlü və dini dəyərləri ilk plana qoyduğunu sübut edir.
Qısacası, hazırda Ermənistan əhalisi sərhədlərin qısa müddət ərzində açılacağını, Avropaya sərbəst daxil olacağını düşündüyü üçün Aİ üzvlüyü tərəfdarıdır. Əslində isə bu bir illüziyadır və tam əsassızdır. Şirakda, Loridə oturan erməni Romaya uçmaq, orada küçə kafesində oturub qəhvə içmə imkanı əldə edəcəyi günü səbirsizliklə gözləyir. Amma anlamır ki, adi təyyarə biletini almaq üçün ona pul lazımdır. Aİ ilə bu yaxınlıq onun işsiz qalacağı mənasına gəlir. Ola bilər ki, Ermənistan Avropaya vizasız rejimdə daxil olma imkanı əldə etsin. Amma insanlar işsiz olacaq. Çünki iqtisadi struktur tamamilə Moskvadan asılıdır. Tikinti, ticarət, xidmət, sənaye sahələri Rusiya ilə bağlı axınlardan qaynaqlanır...
"Report" İnformasiya Agentliyi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
oxu.az

10Mənbələr