AZ

Yay aylarında necə qidalanaq – Həkim məsləhəti

Yay fəslində həzm xəstəliklərinə təsir göstərən faktorlar olur. Düzgün qida seçilməməsi, qidaların düzgün saxlanılması və təkrar istifadəsi, infeksion, mövsümü insan davranışları, qidalanma rejiminin dəyişməsi kimi amilləri buna misal göstərmək olar.

 

Modern.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

 

Onun sözlərinə görə, yay aylarında adətən həzm problemi, ishal, mədə ağrısı, öd daşının ağrı tutmaları, ürəkbulanma və qusma hallarından şikayətlənən pasientlərə daha tez-tez rast gəlinir.

 

“Bəzi insanlarda bütün bu əlamətlərin hamısı eyni vaxtda görünə bilər. İsti yay günlərində bədən daha çox maye, mineral itkisinə məruz qalır, nəticədə qəbizlik halları artır, iştahasızlıq yaranır. Yayda daha çox səyahət edildiyindən səyahətçi diarreyası dediyimiz ishal halları meydana çıxır. İsti hava xüsusən qida ilə yoluxan xəstəliktörədici mikroblar üçün ideal şəraitdir. Yay aylarında farş ətdən hazırlanan qidaları, süddən hazırlanan kremli məhsulları, həmçinin yeməkləri soyuducuda belə olsa, saxlayıb təkrar istifadə etməmək tövsiyə olunur. Qida hazırlanarkən bir neçə saat ərzində bitirilməlidir”, - deyə qastroenteroloq bildirib.

 

Onun sözlərinə görə, bu, qarpız və yemişə də aiddir: “Onları kəsməzdən əvvəl yaxşı yumaq lazımdır, çünki xəstəlik əsasən torpaqla kontakt nəticəsində meyvəyə düşən mikroblar tərəfindən törədilir. Qarpız və qovunu soyuducuda saxlayıb bir neçə gün yeyilməsi də məsləhət görülmür”.

 

Mütəxəssis qeyd edib ki, dəniz mövsümündə günvurma və dəniz suyunun udulması nəticəsində mədə-bağırsaq pozuntuları, qusma və ishal halları yaranmasına səbəb duzlu suyun həzm sistemini qıcıqlandırması və infeksiyadır. Yay fəslində uzun müddətli mədə turşuluğunu salan dərmanlar qəbul edən pasientlər qidalanarkən daha diqqətli olmalıdırlar, çünki turşuluq bizi mikrobların daxil olmasından qoruyan baryer olduğundan zəhərlənmə və patogen mikroblara daha tez yoluxa bilərik.

 

Ekspert yay mövsümündə yetişən tərəvəz və meyvələrə üstünlük verməyi, bədənin hər kiloqramı üçün 20-30 millilitr olmaqla su istifadə etməyi, günün pik saatlarında günəş altında qalmamağı, hazır qidaların təzə-təzə dərhal yeyilməsini və saxlanma qaydalarına əməl olunmasını məsləhət görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
45
modern.az

10Mənbələr