AZ

Bazarlarda pomidor qıtlığının SƏBƏBLƏRİ - FOTO

Azərbaycan Türkmənistandan pomidor alışını beş dəfə artırıb. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında bu ölkədən 304,9 min ABŞ dolları dəyərində 548 ton pomidor idxal etmişik. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 244,6 min dollar və ya 5,1 dəfə, miqdar baxımından isə 439 ton və ya beş dəfə çoxdur.
 
Məlumdur ki, ölkəmiz iri pomidor ixracatçısıdır. Məsələn, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 71 milyon 167 min dollar dəyərində 52 min 175 ton pomidor ixrac olunub.
 
Maraqlıdır, ölkəmiz xaricdən pomidor idxalını niyə artırıb? Nə üçün öz istehsalımız daxili bazarda təminatımızı ödəyə bilmir?
 
BAKU.WS "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:
 
Bazarda pomidor qıtlığı
 
Kənd təsərrüfatı sahəsi üzrə müstəqil ekspert Eldar Hüseynov bildirib ki, pomidor idxalının artmasının obyektiv və subyektiv səbəbləri var:
 
"Azərbaycanda əkilən pomidor cinsləri son zamanlar yayılan viruslara dayanıqlığını itirdi. Hətta böyük istixanalar "marvilans" cinsini əkdilər, o da yeni yayılmış viruslara tab gətirə bilmədi. Bu, daxili bazarda qırmızı salxım çeşidli pomidorun qıtlığına gətirib çıxardı. Həmin vaxt İran tərəfdən Rusiyaya meyllənən məhsulların kütləvi surətdə azalması, İraqla Qətərin pomidora olan tələbatının çoxalması, Rusiya istiqamətinə malların gec çatması nəticəsində İran rus bazarını tam təmin edə bilmədi. Bu zaman Azərbaycanın daxili bazarında pomidorun qiyməti qalxmağa başladı. Çünki qiymətlər Rusiya bazarında yüksək olduğu üçün sahibkarlar məhsullarını rus bazarına yönəltdi".

180 faiz bahalaşan pomidor növü
 
Həmsöhbətimizin sözlərinə görə, son günlər çəhrayı pomidor Azərbaycan bazarında 180 faiz bahalaşıb:
 
"Yəni bir manata olan pomidor indi üç manat qırx qəpikdir. Azərbaycanla Türkmənistan arasında olan sazişə əsasən, biz pomidoru bu ölkədən 18 faiz gömrük rüsumu ilə idxal edə bilirik. Hazırda Türkmənistandan gələn pomidorun gömrük rüsumu bir manat civarındadır. Bununla yanaşı, Türkmənistanda qiymətlər ucuz olduğundan bu idxal bizim üçün sərfəli idi. Həmin məqamda Türkmənistandan salxım pomidorlar gəlməsə idi, indi salxım cinsli pomidorların qiymətləri daxili bazarda dörd manatın üzərində olacaqdı. Bu ölkədən gələn pomidorlar Azərbaycanın daxili bazarındakı pomidor qiymətlərini tənzimlədi. Bu vəziyyət əkinçilər və sahibkarlar üçün xoşagəlməz olsa da, əhali üçün müsbət addım idi".

Daxili bazarda pomidora olan tələb yüksəkdir
 
Mütəxəssis vurğulayıb ki, iyulun 20-nə kimi pomidor bazarında bahalaşma müşahidə olunacaq:
 
"Rusiyada yanvar-fevralda Türkmənistan məhsullarına kvota tətbiq edildi, rus bazarına çıxışı zəiflədiyi üçün Türkmənistanda qiymətlər endi. Dollar ekvivalenti ilə salxımın bir kilosu Türkmənistanda 70 sent oldu. Biz bu fürsətdən istifadə edib ölkəyə idxal etdik. Çünki daxili bazarda tələbat yüksəkdir. Lakin son bir-iki gündür pomidor bahalaşıb və bahalaşmanın davam edəcəyi gözlənilir".
 
İxrac üçün hazırlanan məhsulu daxili bazara yönəltsək...
 
İqtisadçı ekspert Fuad İbrahimov da təsdiqləyib ki, sahibkara ixrac etmək sərf edir, nəinki idxal:
 
"2019-cu ildə kartofun və soğanın qiyməti artdığından müəyyən dövr üçün hətta ixrac vergisi tətbiq olunmuşdu. Çünki daxili bazarda tələb çox, qiymət də baha idi. İxrac üçün yetişdirilən məhsulların maya dəyəri baha olur. Onlar xüsusi rejimdə yetişdirilir, özünəməxsus tələbləri, preparatları var. Sahibkar ixrac olunan məhsulun maya dəyəri baha olduğu üçün daxili bazarda ucuz qiymətə sata bilmir. Pomidorlar da bu qəbildəndir. Biz bu gün ixracı saxlayıb bazara yönəltsək, əksinə, qiymətləri bahalaşdıra bilərik".

Burada qəbahətli bir şey yoxdur
 
İqtisadçı bildirib ki, bahalaşmanın qarşısını almaq üçün alternativ yollar var. Onlardan biri də idxaldır:
 
"Məsələn, Türkmənistandan beş dəfə artıq pomidor idxal olunubsa, deməli, bu, ucuz qiymətə başa gəlir və biz ixracımızı qoruyub saxlamaqla, daxili bazarı idxalla təmin edirik. Əslində, burada qəbahətli bir şey yoxdur. Biz məsələyə "daha baha satırıq və daha ucuz alırıq" nəzəriyyəsi kimi yanaşmalıyıq".
 
O vurğulayıb ki, əslində, daxili bazar üçün də pomidor yetişdirmək imkanları var. Amma sahibkarlar riskə getmək istəmirlər:
 
"Bu gün bazara girmək, məhsulu hansısa bir dövriyyəyə cəlb etmək üçün müəyyən çətinliklər var. Ona görə də sahibkarlar bu əziyyəti çəkmək və pomidorları daxili bazar üçün yetişdirmək istəmirlər. Aydın məsələdir ki, biznesdə harada xeyir varsa, sahibkar o istiqamətə yönəlir. Sahibkar xeyir görmədiyi üçün daxili bazara məhsulu yetişdirmək istəmir. İqtisadiyyatda və ticarət aləmində bahanı xaricə satıb, ucuzu daxili bazara gətirmək qəbul olunmuş qaydadır".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
9
baku.ws

10Mənbələr