AZ

"Bu amil ənənəvi qonaqlıq mədəniyyətimizi məhv edib" - MÖVQE BİLDİRİLDİ

"Ziyafət, yaxud qonaqlıq mərasimi qədim zamandan Azərbaycan xalqının gündəlik həyat tərzində, mərasimləri, dünyagörüşü, həyat fəlsəfəsi, dini inanclarında oturuşmuş anlayışdır. Bunun çox güman ki, real səbəblər var". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, keçmişdə Azərbaycanda kənd, şəhərlərinin zəif inkişaf etdiyi vaxtda ölkənin müxtəlif ərazilərində karvansaralar, qonaq evləri, müasir dildə otellər yox idi: "Ona görə də insanlar daha çox uzaqdan gəlmiş qonaqları öz evlərində saxlamaq üçün kənd yerlərində evlərinin ən yaxşı, işıqlı, isti otaqlarını qonaq otağı adlandırmışdılar. Orada olan yataq dəsti, komforta qulluq edən hər hansı alətlər toxunulmaz qalırdı. Qonaq evi qonaqlıq mədəniyyətinin bir hissəsi idi, hər zaman təmiz saxlanılırdı. Bəlkə də, aylarla gəlməyən qonağı gözləyirdi, amma həmişə təmiz saxlanılırdı. Bu otaqda çalışırdılar ki, spirtli içkilər qəbul edilməsin, natəmizlik olmasın, ora həmişə saf bir ocaq olaraq qalsın. Bu düşüncə, həyat tərzi indiyə qədər də durur. Son zamanlar xüsusilə də, xarici təsirlər nəticəsində bu qonaq mədəniyyəti, axşam gəzintisi deyilən formalar özünün ilkin mənasını itirib. İndi qonaq gedib-gəlmək artıq sosial-psixoloji və ailə-məişət hadisəsindən çox sadəcə ənənələrin müəyyən bir hissəsini yaşatmaq baxımından maraqlıdır. Əvvəl insanlar bir-birinin evinə getməklə problemləri ilə maraqlanırdılar, öyrəndikləri məlumatları ötürürdülər. Bəzi hallarda qonaq gedilən evlərdə gələcək ailənin təməli qoyulurdu. Qonaq getdikləri evlərdə subay oğlan və qız var idisə, ilkin baxışlardan sonra qohum olurdular. Nəsillər arasında bağlantı olurdu. Digər tərəfdən qonaq getmək həm də insanların sosiallaşmasına dəlalət edirdi. Lazım gəldikdə bir-birlərinə kömək edirdilər. Hansısa mənada qonaqlıq yalnız yemək-içmək yox, həm də insanların bir-birinə münasibətlərindəki səmimiyyətin nümayişinə çevrilirdi. Daha çox o yerlərə qonaq gedilirdi ki, orada əylənmək üçün toy var idi, hər hansı yas günü var idi. Ona görə də qonaqlıq, qonaq getmək mədəniyyəti daha çox köməyə ehtiyacı olan xəstə, yaşlı adamlara dəymək baxımından maraqlı idi, onlara psixoloji sosial dəstək vermək üçün Azərbaycan xalqının həyatında önəmli mərasimlərə çevrilirdi.

Qonaqlıq sərinləşdirici içkilər və söhbətlərlə başlayırdı. Çay daha çox yeməkdən sonra verilirdi. Uzaq yerdən qonaq gələndə şirniyyatla çay süfrəsi açılırdı. Ən yaxşı yeməklər ziyafət formasında qonaqlara təqdim edilirdi. Ev sahibi, evdəkilər üçün hədiyyə ilə gəlirdilər"

"Qonaqlığın psixoloji tərəfləri çox böyükdür. Dostluğun genişləndirilməsi, nəsildən-nəsilə ötürülməsi, konfliktin aradan qaldırılması, insanların sosial-mədəni mübadilə baxımından qonaqlığın çox böyük rolu var idi. Qonaqlıq mədəniyyəti həm də qonşuluq, qohumluqla yanaşı daha geniş anlayış kəsb edirdi. Qonaqlıq təəssüflər olsun ki, son vaxtlar çox zəifləyib. İnsanlar indi daha çox virtual qonaqlıq, ünsiyyətə önəm verirlər. Əvvəlki kimi canlı ziyafətlər yoxdur. Televiziya, internet, sosial şəbəkələr var, vatçap vasitəsilə virtual qonaq getmək var. Bu da ənənəvi qonaqlıq mədəniyyətimizi məhv edib.

İndi əvvəlki kimi deyil, hər kəsin nəqliyyat vasitəsi var. Qonaq gedəndə 3-4 saat qalıb sonra geri qayıdırlar. Bir çox xalqların ənənələri də bizim qonaqlıq mərasiminin dəyişməsinə səbəb olub. İndi evdə, mənzildə yox, restoran, kafe, çayxanalarda, otellərdə qonaqları qarşılamaq, qonaqlarla nahar, şam yeməyi yemək, qonaqların otellərdə komfortunu təşkil etmək kimi ənənələr yaranıb. Bunun müsbət və mənfi tərəfləri var. 1-2 otaqlı evdə həm öz ailən, həm də qonaqların qalması mümkün deyil. Kənd evlərində, bəlkə də, bu mümkündür.

Qonaqlıq mərasiminin artıq kommersiyalaşması gedir. İndi kənd evləri digər yerlərdən gələn insanlara ödənişli verilir. Bu, kreativ biznesin bir növünə çevrilməsinə səbəb olub. Ən önəmlisi Azərbaycanda milli-mənəvi dəyərlərin bir hissəsi olan ziyafət, qonaqlıq mədəniyyətini məhv olmaqdan qorumaq, ona yeni can vermək lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
sia.az

10Mənbələr