AZ

Türk dünyasının Şuşa Zirvəsi!

İlham Əliyev: Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır

Türkdilli ölkələrlə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamız davamlı olaraq Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Sonradan dövlətimizin başçısı TDT-nin funksionallığının daha da genişlənməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dost dövlətlər tərəfindən məmnuniyyətlə qəbul olunub. İyulun 6-da isə Azərbaycan xalqı üçün müstəsna önəm daşıyan Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında vurğulayıb ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.

Bütün Türk dünyası üçün qəhrəmanlıq simvoluna çevrilən Şuşa

Havadarlarının dəstəyi və xəyanət nəticəsində Şuşanı ələ keçirən ermənilər təxminən üç onilliyi əhatə edən işğal dövründə burada ağlasığmaz vandalizm əməlləri törətməklə yanaşı, özlərinə xas olan tərzdə Şuşanın simasını dəyişməyə, onu da  erməniləşdirməyə cəhdlər göstəriblər. Ancaq alınmayıb. Şəhərin ayrı-ayrı yerlərində çoxlu sayda xaçkarlar, əski parçaları və digər erməni simvolları asılsa da, bunlar yamaq təsiri bağışlayıb və Şuşa hətta dağılmış vəziyyətdə də özünün azərbaycanlı ruhunu qoruyub saxlayıb. Çünki ermənilərin bu şəhərin yaradılması ilə hər hansı bir bağlılıqları olmayıb. Əgər olsaydı, onlar işğal dövründə şəhəri viran qoymazdılar.  Qeyd edək ki, Şuşanın təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. Şəhər üçün yer xüsusi həssaslıqla seçilib və bütün dövrlərdə xalqımız onun inkişafına qayğı və məhəbbətlə yanaşıb.  

Şuşanın mənfur düşmən tərəfindən işğalı 1992-ci il mayın 8-də baş tutub. Ancaq bizim ruhumuz, qəlbimiz həmişə Şuşa ilə döyünüb. Prezident İlham Əliyevin  bildirdiyi kimi, Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur. “2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir”, - deyə dövlətimizin başçısı bildirib. 

Şuşa Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı Türk etnoslarının göstərdikləri qəhrəmanlıqlar hər kəsə yaxşı məlumdur. Azərbaycan Ordusunun Şuşa Zəfəri həmin qəhrəmanlıq tarixinin yeni bir şanlı səhifəsidir. Əlamətdar haldır ki, Şuşa müasir dövrdə Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhər kimi tarixə düşüb. Xatırladaq ki, 2021-ci il 15 iyun tarixində Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bununla da iki qardaş ölkə müttəfiqlik münasibətlərini ən yüksək səviyyədə rəsmiləşdiriblər. Şuşa Bəyannaməsi ölkələrimizin təhlükəsizliyinə və sülhə möhkəm hüquqi əsaslar yaradır. Bu təcrübə genişləndirilməli və böyük Türk coğrafiyası siyasi, iqtisadi inteqrasiyadan hərbi müttəfiqliyə doğru irəliləməlidir. 

TDT-nin Şuşada keçirilən qeyri-formal Zirvə görüşündə daha bir mühüm sənəd - Qarabağ Bəyannaməsi imzalanıb. Sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığı qeyd edilib. Tərəflər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində Türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayıblar.

Bütövlükdə, Şuşa yalnız Azərbaycan və azərbaycanlılar üçün əziz olan bir şəhər deyil. Tarix boyunca Şuşada yaradılan zəngin mədəniyyət bütün Türk dünyasının sərvətidir. Burada bir sıra faktları sadalamaq yerinə düşər. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il respublikamızda “Şuşa İli” elan olunub və xalqımız onun üçün çox əziz olan doğma şəhərin 270-ci ildönümünü təntənəli şəkildə qeyd edib. Eyni zamanda, Şuşa TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.

 “Böyük Qayıdış” proqramına qardaşlıq dəstəyi

Müharibə başa çatdıqdan sonra işğaldan azad olunan bütün ərazilərin quruculuqla, genişmiqyaslı bərpa işləri ilə səciyyələnən yeni dövrü başlayıb. Dövlətimizin başçısı çıxışında məlumat verərək bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır.

Bu gün həmçinin Şuşa şəhəri də quruculuq meydanını xatırladır. Şuşaya onu sevənlər, onun əsl sahibləri qayıdıblar. İndi onlar erməni vandallarının ögey münasibət bəslədikləri, vəhşicəsinə dağıtdıqları şəhəri qarış-qarış yenidən qururlar. Deyə bilərik ki, tarixi Şuşa bərpa olunur, həm də gözəl şəhərimizin siması müasir elementlərlə, yeni memarlıq həlləri ilə daha da zənginləşdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün layihələr son dərəcə məsuliyyətlə yerinə yetirilir. Ötən dövrdə şəhərdə onlarca layihə tamamlanıb. Burada infrastruktur quruculuğu, Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrin bərpası və yaşayış evlərinin tikintisi paralel şəkildə həyata keçirilir. “Böyük Qayıdış” proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdışı təmin olunacaq.

Əlamətdar haldır ki, Türkdilli dövlətlər də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” proqramına qardaşlıq dəstəyi göstərirlər. Bundan məmnunluğunu bildirən dövlətimizin başçısı vurğulayıb: “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm”.

Mübariz ABDULLAYEV

Seçilən
113
25
yeniazerbaycan.com

10Mənbələr