AZ

AnalitikaOrbanın dörd ölkəyə səfəri – Avropa İttifaqına yenilənmə göstəricisi - ŞƏRH

Avropa İttifaqında (Aİ) Fransa və Almaniya hegemonluq etməyə səy göstərir. Bir sıra hallarda elə zənn edilir ki, bu iki dövlət İttifaqın patronudur. Böyük Britaniya öz müstəqilliyini qorumaq, Paris və Berlinin basqılarından qurtulmaq, onların iradəsində asılı olmamaq üçün “brexit” elədi.

İttifaq daxilində öz müstəqilliyini qorumağa səy göstərənlərə daim təzyiq edilir. Macarıstan hökuməti ölkəsinin müstəqilliyinin qurum daxilində qorumağa, qərarlara müəyyən mənada müqavimət göstərməyə çalışır.

Rəsmi Budapeşt bu il iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcək. Almaniya və Fransa mətbuatı ölkənin Baş naziri Viktor Orbanı sağ milliyyətçi sayır. Bu səbəbdən onun hökumətinin yürütdüyü müstəqil siyasəti tənqid edirlər.

V.Orban isə bir qayda olaraq öz dövlətinin maraqlarından çıxış etməyə, çoxvektorlu əlaqələrə üstünlük verir. Orbanın ötən bir həftə ərzində etdiyi səfərlər də bunu təsdiqləyir. İyulun 2-də o Kiyevə səfər edib. Orada Ukrayna Prezident Volodimir Zelenski ilə görüşüb. Bu, Macarıstan Baş nazirinin ölkəyə ilk səfəri olub.

Yeri gəlmişkən, Viktor Orban həm də Ukraynaya Qərb yardımlarına tənqidi yanaşması ilə məşhurdur. Macarıstan Aİ Şurasına sədrlik edəndən sonra demək olar ki, o, ilk səfərini Ukraynaya edib. İttifaq daxilində nə qədər tənqid edib, Rusiyayönlü saysalar da, Orban bununla həm ölkəsinin, həm də İttifaqın maraqlarını nümayiş etdirib: “Macarıstanın sədrliyinin məqsədi Avropa İttifaqının üzləşdiyi problemlərin həlli yollarının tapılmasına töhfə verməkdir. Buna görə də mən Kiyevə ilk səfərimi edirəm”.

Orban V.Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında onu atəşkəs haqqında düşünməyə çağırıb: “İndi yaşadığınız müharibə Avropanın təhlükəsizliyinə çox güclü təsir göstərir. Biz prezident Zelenskinin sülhə nail olmaq üçün bütün təşəbbüslərini yüksək qiymətləndiririk”.

Bu baxımdan Orbanın Ukraynaya səfərinin əsas məqsədi sülh danışıqları, atəşkəsin əldə edilməsi olub.

Ancaq Ukrayna və Qərb ölkələri heç də bu ideyanı qəbul etmir. Onlar dəfələrlə bildiriblər ki, hazırkı şəraitdə istənilən atəşkəs, yeni qüvvələr toplamaq Rusiyaya sərfəli sayılır.

Hesab etmək olar ki, Macarıstanın İttifaq Şurasına yarım il başçılıq edəcəyi, onun Ukraynaya səfəri protokol, yaxud nəzakət xarakteri daşıyır. Çünki bu müharibənin dayanmasına, sülh sazişinin imzalanmasına nə Avropa İttifaqı, nə də Macarıstan təsir etmək imkanına malik deyil.

Hətta bu məsələdə Orban Rusiyanın uğur qazanacağına daha optimal yanaşır.

O, “Bild” qəzetinə müsahibəsində bildirib ki, qüvvələr, silahlar və texnologiya balasını nəzərə alsaq, Rusiyanın Ukraynada məğlubiyyətini təsəvvür etmək çətindir. Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünü şərh edən Orban deyib: “Putinin nə baş verəcəyi və Rusiyanın necə qalib gələcəyi barədə dəqiq təsəvvürü var”.

Macarıstanın Baş naziri Avropa İttifaqı liderləri arasında Vladimir Putinlə əlaqə saxlayan yeganə siyasi fiqurdur. Nəzərə almaq lazımdır ki, Macarıstan İttifaqın Ukraynaya geniş miqyaslı maliyyə yardımını bloklamışdı. Orbanın səfəri öncəsi belə Ukrayna rəsmi Budapeştin ölkədə məktəblilərə tədris zamanı macar dilindən istifadə hüququ və etnik macarların yaşadığı ərazilərin xüsusi statusu ilə bağlı 11 tələbini qəbul etmişdi.

Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərdə əsas problemli məsələ Ukraynada Transkarpat macarlarının hüquqlarına riayət olunmasıdır. Rəsmi Budapeştin məlumatına görə, orada 115 minə yaxın macar yaşayır. Macarıstanın xarici işlər naziri Peter Siyarto iyunun 14-də bildirmişdi ki, Budapeştin Transkarpatiya ilə bağlı irəli sürdüyü bütün şərtlər Ukraynanın Avropaya inteqrasiyası üzrə çərçivə sənədinə daxil edilib, ona görə də Kiyevin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına etirazlar aradan qaldırılıb.

İyunun 25-də isə Ukrayna baş nazirinin müavini Olqa Stefanişina ölkəsinin Budapeştin 11 tələbini tam yerinə yetirməyə hazır olduqlarını təsdiqləyib.

Bununla da Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq haqqında prosesə etirazını geri götürüb.

Viktor Orban Macarıstan televiziyasına müsahibəsində açıq şəkildə bildirib ki, Rusiya və Ukrayna arasında müharibənin tezliklə bitməsini gözləmək olmaz, çünki Aİ-də əsas vəzifələrə təyin olunan insanlar hərbi qüvvələri təmsil edirlər. Brüssellə Budapeşt arasında bir sıra, o cümlədən Rusiya-Ukrayna münasibətlərinə yanaşmada müəyyən ziddiyyət var. Bu baxımdan da Orbanın Kiyev ziyarəti uğurlu sayılmır.

İyulun 5-də isə Macarıstan lideri Rusiyaya səfər edərək, Vladimir Putinə görüşüb. Tərəflər Rusiya- Avropa İttifaqı münasibətlərinin müzakirə edib. Habelə Avropanın təhlükəsizliyinin gələcək arxitekturasının mümkün prinsiplərindən danışıblar. Liderlər həm də Rusiya-Ukrayna müharibəsinə dair məsələlər ətrafında da fikir mübadiləsi edib. O, son iki ildə Rusiya prezidenti ilə danışıqlar aparan ilk Avropa lideridir. Bu da Orbanın daha müstəqil olduğunun, ölkəsinin Rusiya-Ukrayna münasibətlərinin dinc yolla həllinə çalışdığının göstəricisidir.

İyunun 5-də isə Viktor Orban Türk Dövlətləri Təşkilatının qeyr-rəsmi Zirvə toplantısında iştirak Azərbaycanın Şuşa şəhərinə səfər edib.

Bu sammitin yekun sənədi Qarabağ Bəyannaməsində Macarıstanla bağlı iki bənd var: - Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində TDT-yə dəyərli töhfələrini alqışlayırlar; - TDT çərçivəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətli mərhələsi kimi Macarıstanın Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişə qoşulmasını alqışlayırlar.

Bu maddələr Viktor Orbanın sammitdə öz ölkəsinin təmsilçisi olduğunu təsdiqləyir.

Avropa İttifaqı xarici siyasət idarəsinin başçısı Jozep Borrel anti-Azərbaycan mövqeyini gizlədə bilməyib. O bildirib ki, Viktor Orban Şuşa sammitində iştirak etmək üçün Aİ-dən mandat almayıb.

Macarıstan Baş naziri ona “X” səhifəsində cavab verib: “Cənab Borrerl, harada şam edəcəyimiz bəlkə sizdə soruşaq. Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur. Harada nahar edəcəyimizi və kiminlə görüşəcəyimizə qərar vermək üçün sizdən icazə almırıq”.

Bu da Viktor Orbanın məlum toplantıda öz ölkəsinin təmsil etdiyinə dair əsasdır. Bu onu göstərir ki, Avropa İttifaqında Macarıstanın sədrliyinə Borrel kimilər mane olacaq. Əsas məsələ, Orbanın Avropa İttifaqının təmsil edib, etməməsində deyil. Borrelə əzab verən tədbirin Şuşada keçirilməsidir. Ona görə Aİ-inin adından bəhanə kimi istifadə edir. O bununla həm də erməni lobbisinə, qərbdəki anti-Azərbaycan, anti-türk qüvvələrə xidmət etdiyinin bir daha nümayiş etdirib.

Azərbaycana səfərindən sonra iyulun 8-də Viktor Orban Çinə səfər edib. Onun sözlərinə görə, Çin RF-Ukrayna müharibəsində sülh üçün şərait yarada bilər: “Çin Rusiya-Ukrayna münaqişəsində sülh üçün şərait yaradan əsas qüvvədir”.

Macarıstan Çin üçün Avropa İttifaqında etibarlı tərəfkeşlərdən ola bilər. Onun Şuranın sədri olaraq Çinə səfər etməsi də Aİ-nin mövqeyi ilə heç bir ziddiyyət təşkil etmir.

Viktor Orbanın Macarıstanın Baş naziri, Avropa İttifaqı Şurasının sədri olaraq Ukrayna, Rusiya, Azərbaycan və Çinə səfərləri rəsmi Budapeştin şərq blokuna üstünlük verdiklərinə sübutdur. Ehtimal etmək olar ki, o, bu ziyarətlərlə İttifaq daxilindəki ənənəvi səfərlər sistemini də pozub. Orban bununla qərbə şərqə yeni yanaşmanı təklif edib. Macarıstanın Baş naziri Şuşaya səfəri ilə TDT-nin Qərb dünyasına strateji önəmini də çatdırıb. Orban bu səfərləri ilə Aİ-nin beynəlxalq aləmdəki hadisələrə münasibətinin dəyişməsini, ənənəvi sistemi yeniləməsini, asılılıqlardan xilas olmasını göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
far.az

10Mənbələr