AZ

Tofiq Zülfüqarov: “Əgər Ermənistan istəmirsə, biz də bunu qəbul etmirik”

Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun ləğvini etiraf edib.

Baş nazir Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü ilə bağlı Prezident Co Baydenə ünvanladığı təbrik məktubunda vasitəçilik məsələsinə münasibətin dəyişdiyini görmək olar. Məktubda regionda sülhün bərqərar olması prosesində Ermənistanın ABŞ-nin roluna əhəmiyyət verdiyi qeyd edilir.

Son vaxtlara qədər Azərbaycanla sülh prosesinin Minsk qrupu çərçivəsində nizamlanmasının vacibliyindən söz açan Ermənistan artıq bunu dilə gətirmir.

Baş nazir Paşinyan ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərinin tənzimlənməsində iştirakını həmsədr ölkənin fəaliyyəti kimi deyil, müstəqil təşəbbüsü kimi təqdim edib. 

Azərbaycan Prezidentinin Co Baydenə təbrik məktubunda da rəsmi Vaşinqtonun sülh prosesinə dəstəyi yüksək qiymətləndirilib. 

“Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik”,-deyə dövlət başçısı İlham Əliyev bildirib. Bu, Minsk qrupunun vasitəçilik mandatına xitam verilməsi deməkdir.

Artıq Azərbaycan bununla bağlı rəsmi mövqeyini elan edib. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı çatdığını bir neçə dəfə rəsmən bəyan edib. Çünki Minsk qrupu 28 il davam edən vasitəçilik fəaliyyəti hər hansı nəticə verməyib. Ona görə də Azərbaycan 2020-ci ildə öz ərazilərini güc yolu ilə azad etmək məcburiyyətində qalıb. Eləcə də, ATƏT dörd ilə yaxındır Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqları prosesinə heç bir töhfə verməyib. Tərəflərin vasitəçilərdən imtina edərək birbaşa danışıqlar formatına üstünlük verməsi sülhün əldə edilməsi istiqamətində razılaşmaların əldə olunması üçün daha faydalı olub. Bu baxımdan, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olmuş qurumların mandatının ləğvi vacib hesab edilir. 

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bu yaxınlarda verdiyi açıqlamada yalnız sülh sazişi imzalandıqdan sonra Minsk qrupunun ləğvinə ehtiyac olduğunu deyib. Lakin Nikol Paşinyanın məktubunda ABŞ-nin Minsk qrupunun həmsədr dövləti kimi təqdim olunmaması İrəvanın mövcud vəziyyətlə barışması anlamına gəlir. İlk növbədə, Ermənistan özü Azərbaycanla vasitəçisiz, yəni ikitərəfli formatda danışıqlar aparır. 

İkincisi, Ermənistan beynəlxalq siyasi şəraiti nəzərə almaq məcburiyyətindədir. Paşinyan hakimiyyəti indiki şəraitdə ABŞ, Fransa və Rusiya arasında diplomatik əməkdaşlığın mümkün olmadığını görür. Əks təqdirdə, son vaxtlar Qərblə yaxınlaşaraq Rusiyanın vasitəçiliyindən imtina edən Ermənistan danışıqlar prosesində Moskvanın maraqları ilə hesablaşmalı olacaq. 

Ona görə də Ermənistan Minsk qrupunun tarixin arxivinə atılması ilə barışır. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət” qəzetinə açıqlamasında Minsk qrupunun mandatının Azərbaycan tərəfindən artıq ləğv olunduğunu deyib. Diplomat hesab edir ki, Ermənistanın Minsk qrupundan imtina edib-etməməsi İrəvanın daxili işidir: 

“Azərbaycanın mövqeyi artıq bəllidir. Minsk qrupunun vasitəçiliyindən imtina ilə bağlı qərar qəbul olunub. Bu məsələdə ABŞ Rusiya ilə əməkdaşlıq etməmək qərarına gəlib. Əslində, həmsədr ölkələr əməkdaşlığı dayandırıb və Azərbaycan buna uyğun öz siyasətini müəyyən edib. Azərbaycan Ermənistanın da Minsk qrupunun ləğvinə dair tələbə qoşulmasını istəyir. Amma bu, prosedurdan daha çox siyasi məsələdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağda yaşamış erməni sakinlərin hüquqları məsələsini qabartması və digər qrupların hüquqlarına önəm verməməsi Azərbaycan tərəfindən qəbul olunmur.

Rəsmi Bakı isə hesab edir ki, Ermənistan da ATƏT-in Minsk qrupunun vasitəçiliyindən Azərbaycan və ABŞ kimi imtina etməlidir. Azərbaycan Ermənistanın bu barədə qərarı dəstəkləməsini istəyir. Alen Simonyanın Minsk qrupunun sülh sazişindən sonra ləğvinin mümkünlüyü barədə dedikləri onların öz fikirləridir. Cənab Prezident isə deyir ki, sülh sazişində əksini tapacaq prinsiplərdə Minsk qrupuna dair tezis öz əksini tapa bilər. Əgər Ermənistan istəmirsə, biz də bunu qəbul etmirik”. 

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyinin bağlanması ilə bağlı qərar qəbul edib. Bu hadisə ATƏT-in artıq region ölkələri üçün öz əhəmiyyətini itirdiyini göstərir. Polşanın son addımı Azərbaycanın da Minsk qrupunun fəaliyyətindən imtina etmək üçün ATƏT-dəki nümayəndəliyinin bağlanmasının mümkünlüyü ilə bağlı sualı gündəmə gətirib. 

Tofiq Zülfüqarovun sözlərinə görə, ATƏT yalnız Azərbaycanda deyil, digər ölkələrdəki münaqişələrin də həllinə fayda verəcək hər hansı qərarın icrasını təmin etməyib:

“ATƏT-in daxilində belə fikirlər səslənir ki, bu təşkilat mənasızdır. Polşanın nümayəndəliyi bağlaması da həmin yanaşmanın təzahürüdür. Hər halda Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin fəaliyyətini davam etdirməsindən, yaxud bağlanmasından asılı olmayaraq, biz Minsk qrupunun fəaliyyətinə ehtiyac görmürük. Ermənistan Minsk qrupunun fəaliyyətinə dəstək verə bilər. Amma səsvermədə Azərbaycanın ixtiyarı var ki, Minsk qrupuna maliyyə ayrılmasının əleyhinə çıxsın. ATƏT-də Minsk qrupundan başqa icraçı sədrin şəxsi nümayəndəsinin missiyası, yüksək planlaşma qrupu var. Azərbaycan onların hamısını blok edib. Biz nəzərə almalıyıq ki, kimsə münaqişəni gəlib bizim əvəzimizə həll etməyib. Bu məsələni həll edən Azərbaycanım dövlətidir, Prezidentidir, ordusudur. 

Azərbaycan vasitəçilik üçün müraciət etməklə öz hüquqlarını Minsk qrupuna verməyib. Hansısa mərhələdə vasitəçilik lazım deyil və buna ehtiyac yoxdur.ATƏT kimi təşkilatlar heç bir səlahiyyətə malik deyil və onların qərarları tövsiyə xarakteri daşıyır. Dünyada yeganə səlahiyyətli təşkilat BMT-dir”. 

Seçilən
108
50
cebheinfo.az

10Mənbələr