Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.
İyulun 20-21-də baş tutacaq yarışda hər birində 6 oyunçu olan 6 komanda iştirak edəcək.
Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq.
Komandalar hərəsində 3 kollektiv olmaqla A və B qruplarında qüvvəsini sınayacaq. İyulun 20-də start götürəcək qrup oyunlarında ilk iki yeri tutanlar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.
İlk 3 yerin sahiblərinə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.
Qeyd edək ki, püşkatma mərasimi Bakıda gerçəkləşəcək.(report)