AZ

Bölgələrdə müntəzəm yağan leysan, güclü külək, çay daşqınları - SƏBƏB NƏDİR?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yay fəsli olmasına baxmayaraq, ölkə ərazisində anomal hava şəraiti davam etməkdədir. Bölgələrdə müntəzəm yağan leysan, güclü külək, çay daşqınlarının meydana gətirdiyi fəsadlar və sinoptiklərin tez-tez elan etdiyi rəngarəng (sarı, narıncı, qırmızı) hava xəbərdarlıqları ortaya bir çox suallar çıxarır.
Hava dəyişkənliyi bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu vaxta qədər bölgələrimizdə bu cür hava şəraiti müşahidə olunmayıb. Görəsən, bu cür hava şəraitini yaradan amillər hansılardır?
Adət etmədiyimiz hava şəraitinin fonunda yaranan suallara cavab tapmaq üçün Milli Hidrometeorologiya Xidmətinə müraciət etdik.
Oxu.Az-ın suallarını xidmətin rəis müavini Əkbər Əsgərov cavablandırıb.
- Əkbər müəllim, son vaxtlar Azərbaycanda yay aylarında müşahidə olunan hava şəraiti əvvəlki illərlə müqayisədə çox qeyri-sabit keçir. Bunun səbəbi nədir?
- İyun ayı ərzində ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub. Siklonik mərkəzlərin təsiri ilə yanaşı, kütlədaxili proseslərin intensivliyinin artması bunun əsas göstəricisidir. Ay ərzində kütlədaxili proseslərin təsiri nəticəsində xüsusilə dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında qısamüddətli leysan xarakterli yağışlar tez-tez təkrarlanıb. Yağıntılı günlərin sayında bu təsir daha çox nəzərə çarpır.
- Bu qədər daşqın və sellər sonuncu dəfə nə zaman müşahidə olunub?
- Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, dünyada baş verən təbii fəlakətlərin 80-85%-i dağıdıcı hidrometeoroloji hadisələrin payına düşür. İqlim dəyişmələrinin təsiri nəticəsində dünyanın, demək olar ki, əksər bölgəsində sel, daşqın, fırtına, qasırğa, dolu və s. təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanması və təhlükə dərəcəsi artmaqdadır. Bu səbəbdən də bu kimi hadisələrin baş verməsi nəticəsində böyük dağıntılar və insan itkisi ciddi dərəcədə artıb.
Bu gün Azərbaycanda da sel və daşqın hadisələrinin sayı və təhlükə dərəcəsi ötən əsrlə müqayisədə xeyli artıb. Son dövrlərdə iqlim dəyişmələrinin təsiri ilə bu hadisələr təkcə ilin yağıntılı dövrlərində deyil, həm də ilin quraq dövründə - yay aylarında da intensiv olaraq baş verir. Ayrı-ayrı günlərdə düşən yağıntının miqdarı bir çox hallarda aylıq normadan yüksək olur.
Son illər ölkə ərazisində sel və daşqın hadisələri il ərzində 50 dəfədən də çox, 2024-cü ilin may-iyun aylarında 59 dəfə, 2023-cü ilin aprel-sentyabr aylarında isə 147 dəfə baş verib ki, bu da 2020-ci illə müqayisədə 4,2 dəfə, 2021-ci illə müqayisədə 3,5 dəfə, 2022-ci illə müqayisədə isə 2,9 dəfə çoxdur. Aylıq normadan çox yağış düşən günlər yay dövründə, demək olar ki, ölkənin əksər bölgələrində müşahidə olunur.
- Yağıntılı havalarda çaylar daşır, günəşli havalarda isə çay yataqlarında, demək olar ki, su olmur. Bunu necə izah etmək olar?
- Çayların axımının formalaşmasında qar, yağış, buzlaqlar və yeraltı sular əsas rol oynayır. Mart ayının sonundan başlayaraq iyun ayının ortalarınadək çaylarda yaz-yay gursululuq dövrü müşahidə olunur. Belə ki, bu dövrdə yağışlar mövsümünün başlaması, eyni zamanda, havanın temperaturunun artması nəticəsində dağlıq ərazilərdə qarın əriməsi baş verir ki, bu da çaylarda sululuğun artmasına, bəzən isə daşqın və sel hadisələrinin yaranmasına səbəb olur.
Yay dövründə isə hava şəraitinin quraq keçməsi və havanın istiləşməsi nəticəsində çayların hövzələrində buxarlanmanın yüksək olması sululuğun kəskin azalmasına səbəb olur. Eyni zamanda, yay dövründə suya olan tələbatla əlaqədar dağ çaylarının yuxarı axınında sudan istifadə nəticəsində çayların suyu kəskin azalır və bunun nəticəsində kiçik çayların quruması müşahidə olunur.
- Əkbər müəllim, bölgələrdə müşahidə olunan güclü və dağıdıcı küləklərin yaranma səbəbi nədir?
- Külək havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətidir. Küləyin istiqaməti, onun haradan əsməsi ilə təyin olunur. Yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranan atmosfer təzyiqi fərqi havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru sıxışdırılmasına səbəb olur. Nəticədə yaranan hava axınları-küləklər canlı orqanizmlər üçün həyati əhəmiyyətli olsa da, bəzən təsərrüfatın müxtəlif sahələri üçün təhlükəli hesab edilir. Cari ilin iyun ayı ərzində də bölgələrdə güclü küləklər və fırtınalar müşahidə edilib. Bu zaman küləyin maksimal sürəti 30 m/san-dək güclənib.
- İldırım çaxmalarında da intensivlik müşahidə edirik. Bu nədən yaranır?
- İldırımlar topa-yağış buludları ilə əlaqədar meteoroloji hadisədir. Bulud daxilində və ya buludla yer arasında baş verən elektrik boşalmasıdır.
İqlim dəyişmələrinin təsiri nəticəsində yüksək temperatur şəraiti buxarlanma qabiliyyətini artırır və bulud əmələgəlmə prosesini sürətləndirir.
Daha isti və rütubətli hava kütləsinin sürətlə atmosferin yuxarı qatlarına qalxması nəticəsində ildırım buludları formalaşır. İldırımlar əsasən yaz-yay dövrləri üçün xarakterikdir.
- Son dövrlərdə yağışla müşayiət olunmayan, belə demək mümkündürsə, "quru" ildırım çaxmalarına da tez-tez rast gəlirik. Bəs bunun səbəbi nədir?
- "Quru" ildırım çaxmalarının əsas səbəbi ildırım buludlarının daha yüksəkdə yerləşməsi və düşən yağıntının buxarlanaraq yer səthinə gəlib çata bilməməsidir. Bütün ölkə ərazisini əhatə edən hidrometeoroloji müşahidə şəbəkəsinin əsasının təşkil edən hidrometeoroloji stansiyalarda ildırım hadisəsinin müşahidəsi aparılır.
- Əkbər müəllim, son vaxtlar sinoptiklərimiz üç rəngdən ibarət hava xəbərdarlıqları edirlər. Əvvəllər buna da rast gəlməzdik. Maraqlıdır, təhlükəli hadisələrlə əlaqəli rəng şkalası nədir?
- İlkin mərhələdə fırtına və qasırğalara səbəb olan güclü küləklər barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib edilib. Əksər meteoroloji parametrlərdə olduğu kimi, küləyin sürətinin də təhlükəli həddi əraziyə uyğun olaraq müəyyənləşdirilib, respublikanın ayrı-ayrı bölgələrinin, həmçinin Xəzər dənizi akvatoriyasının iqlim şəraiti və relyefi nəzərə alınaraq Bofort şkalası üzrə qiymətləndirilməsi aparılıb.
Respublika ərazisində sarı xəbərdarlıq - küləyin sürətinin 7-8 bala, narıncı xəbərdarlıq - küləyin sürətinin 9-10 bala, qırmızı xəbərdarlıq isə - küləyin sürətinin 11-12 bala çatacağı halda verilir.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
oxu.az

10Mənbələr