AZ

Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi hazırlıq tədbirlərini davam etdirir. Təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq şəhərdaxili yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətlərinin yenilənməsinə qərar verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatından "Unikal"a verilən məlumata görə, ötən müddətdə paytaxtın 18 küçə və prospektində qəzalı vəziyyətdə olan mövcud su və kanalizasiya sistemlərinin dəyişdirilməsinə başlanılıb. İndiyədək bu sahədə işlərin böyük hissəsi icra edilib və bəzi ünvanlarda layihələrin icrasına hazırlıq görülür. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospektində uzun illər istismar olunaraq qəzalı vəziyyətə düşmüş su və kanalizasiya  xətlərinin dəyişdirilməsi intensiv qaydada davam etdirilir.

Hazırda dəyişdirilən su kəmərləri uzun müddət istismar olunduğuna görə tez-tez qəzalar baş verirdi və bu qəzalar nəticəsində əhalinin su təminatında fasilələr yaranırdı. 8 Noyabr prospektinin Nizami parkından Corat küçəsinə qədər olan hissəsində 2,8 km su xəttinin inşası yekunlaşmaq üzrədir. Eyni zamanda Əbilov küçəsi ilə kəsişmədən başlayaraq 8 Noyabr prospektinin sonuna qədər 600 metr magistral su xəttinin tikintisi yekunlaşıb və şəbəkəyə qoşulma işləri aparılır. Yeni su xətlərinin çəkilməsi magistral su kəmərlərində qəza hallarının aradan qaldırlıması ilə yanaşı, ətraf ərazilərin içməli su təchizatını  yaxşılaşdıracaq.

Hazırlıq tədbirləri çərçivəsində 8 Noyabr prospektindən keçən kanalizasiya kollektorunun da qəzalı hissəsi dəyişdirilib. Bu məqsədlə Zığ nasos stansiyasından Nargilə dairəsinə qədər 1200 mm diametrli borularla 700 metr uzunluğunda yeni kollektor inşa edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
18
unikal.az

10Mənbələr