AZ

Erməni qətliamları: azyaşlılara qarşı cinayət əməlləri - TƏHLİL

2 yaşlı Zəhranın faciəsindən ötən yeddi il

Ermənilərin Azərbaycan torpaqlarında törətdiklərI terrorçuluq, işğalçılıq, soyqırımının acı nəticələrini yaşamışıq. Tarixdə vəhşi əməl kimi təsdiqini tapan olaylar nəticəsində xalqımız misli görünməmiş faciələr yaşamış, bu acı-ağrılar bir ömür boyu insanları tərk etməmişdir. Çəkilən ahlar, nalələr insanların qaysaqlamış yaralarının sağalmasına imkan verməmişdir. Axı bir faciənin ağrı-acısını yaşa-yaşaya daha bir terrora tuş gəlmişik. Tarix təkrarlanıb və ötən illərin səhifələrini vərəqlədikcə nə qədər sayda faciə, qətliam, soyqırımı faktlarının şahidi oluruq. Yaxın və uzaq keçmişimizdə yer alan bu səhifələr ermənilərin mənfur siyasəti və çirkab əməlləri, simaları ətrafında hər şeyi demiş olur. Kimdirlər və hansı məsləkə qulluq edirlər? 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurdu. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini göstərmiş oldu. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir. İyirminci yüzillikdəki tarixi yolumuza nəzər salsaq görərik ki, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən baş verənlər erməni faşizminin xalqımıza qarşı olan çirkin niyyətlərinin göstəricisidir.

DASTANA DÖNMÜŞ İNSAN TALELƏRİ

1992-ci ilin Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi tarixə yazıldı. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən Qaradağlı qətliamı da Qarabağ münaqişəsi zamanı baş verdi. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alındı. 117 nəfər əsir alındı, 66-90 nəfər mülki şəxs isə qətlə yetirildi. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Tariximizdə belə hadisələr kifayət qədərdir. Tarix təkrarlanıb. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırmağa can atıblar. Ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçiriblər. Bu faciələr sırasında Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbeldə törədilən qətliamdır ki, sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Artıq 30 ilə yaxın işğal altında olan torpaqlarımız 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində işğaldan azad olundu. Amma Zəfər sevincimizi yaşaya-yaşaya illərlə ermənilər tərəfindən törədilən terrorların, təcavüzün ağrılarını da yaşayırıq. Dağıdılan şəhər və kəndlərimiz, viran qoyulan abidələrimiz, canın bu torpağa fəda edən şəhidlərimiz, günahsız insanlar… Hər bir insanın taleyi dastandır və mücadilə dolu torpaq sevgisindən yoğrulub. Tökülən qanlar bu torpağı suvarıb, ona nəfəs verib.

ERMƏNİSTANIN MÜHARİBƏ CİNAYƏTLƏRİ

30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermirmi? Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verirdi. Bütün olayları dəqiqliklə işıqlandıran KİV-lər Azərbaycanın haqlı mövqeyinə göz yuma bilmirdilər. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətlərinə etinasızlıq göstərilmədi. Vicdanla öz vəzifə borclarını yerinə yetirənlər Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşə tutmasını, nəticədə çox sayda mülki şəxsin həyatının itirməsinin şahidinə çevrildilər. Gəncədə yaşanılan matəm məgər erməni təcavüzkarlığının üzü deyildimi? Kim idi bunları törədən? İnsanlarda onların əməllərinə qarşı yaranan qəzəb və nifrət yaddaşlardan silinərmi? Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olunub. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışacaq. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Lənətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Bunu silmək, yox etmək qeyri-mümkündür. Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu.

4 İYUL FÜZULİ RAYONUNUN ALXANLI KƏNDİ

Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsinin qatili olan erməni. O erməni ki, düz yeddi il əvvəl 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən daha bir çirkin siyasətin nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşısında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.

30-DAN ARTIQ UŞAQ ERMƏNİ TERRORUNUN QURBANI OLDU

Qeyd edək ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Ermənilərin tarixən kim olduqları dünyaya sübut edilib.

Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsi Zəfərimizi şərtləndirdi. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Bu zəfəri tariximizə yazan Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
sesqazeti.az

10Mənbələr