AZ

NATO-nun xüsusi tədbirində iştirak Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?

Image

Abutalıb Səmədov: “Azərbaycan Xarici işlər nazirinin həmin sammitdə iştirakı, təbii ki, Rusiya tərəfindən razılıqla qarşılanmayacaq” 

 ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə bildirib ki, Azərbaycan NATO-nun görüşünə dəvət olunub. "Dövlət katibi Blinken bütün NATO tərəfdaşları, o cümlədən Ermənistan və Azərbaycan üçün tədbir keçirir. Bu səbəbdən düşünürəm ki, onlar hər ikisi iştirak edəcək. Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Görüşdə cəmi 30 tərəfdaş iştirak edəcək", - o deyib.

Ceyms O’Brayn deyib ki, Azərbaycan və Ermənistan NATO tədbirində iştirak edəcək.

Bu iştirak Azərbaycana və sülhə nə verə bilər? NATO-nun xüsusi tədbirində iştirak Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?

“Ancaq Azərbaycan – Rusiya münasibətlərinə bunun heç bir təsiri olmayacaq”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a şərhində “İyul ayının əvvəllərində Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə sammit keçiriləcək. Bu sammitdə NATO-ya daxil olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı planlaşdırılıb. Eyni zamanda, bu mötəbər tədbirə həm Azərbaycanın, həm   Ermənistanın xarici işlər nazirləri dəvət olunub, həm də İsrailin və Ərəb dövlətlərinin xarici işlər nazirləri dəvət ediliblər. Görünür, burda məqsəd bir-biri ilə konflikt halında olan dövlətlər arasında sülh danışıqlarını təşkil etməkdir. Azərbaycan Xarici işlər nazirinin həmin sammitdə iştirakı, təbii ki, Rusiya tərəfindən razılıqla qarşılanmayacaq. Rusiyanın etirazına səbəb olacaq. Bu şübhə doğurmur. Bu məqamı nəzərə alıb, Azərbaycan sülh danışıqlarını elə ölkələrdə, elə şəhərlərdə keçirmək istəyir ki, bu addım Qərbin və Rusiyanın qarşıdurmasına gətirib çıxarmasın”-deyə bildirdi.

A.Səmədov hesab edir ki, NATO-nun yubiley tədbirində Azərbaycanın iştirakı Rusiyanı narazı sala bilər: “Ancaq digər tərəfdən, əgər Azərbaycan bunu zəruri sayarsa, Rusiya da çox güman ki, bunu anlayışla qarşılayacaq. Bu vaxta qədər də belə olub. Rusiya Azərbaycan və Ermənistan rəsmilərinin Vaşinqtonda və Brüsseldə keçirilən görüşlərindən narazı qalsa da, elə etiraz bildirməyib. Yaxud etirazı vasitəçilərə ünvanlayıb. Deyək ki, sülh razılaşmasını müzakirə edən tərəflərə bu vaxta qədər elə bir narazılıq bildirməyib.   Bu səbəbdən güman edirəm ki, Azərbaycan xarici işlər naziri bu yubiley tədbirində iştirak etmək qərarına gəlsə Rusiya açıq şəkildə buna etiraz etməyəcək və bunu anlayışla qarşılayacaq. Ancaq təbiidir ki, ABŞ-ın və bütövlükdə Qərbin Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etməsi Rusiyanı daim narahat edib, narazı salıb. Bu dəfə də eyni münasibət göstəriləcək. Ancaq Azərbaycan – Rusiya münasibətlərinə bunun heç bir təsiri olmayacaq”.  

A.Səmədovun sözlərinə görə,  Azərbaycanın Rusiyanı narahat edəcək, narazı salacaq ölkələrdə, eyni zamanda Qərbi narazı salacaq ölkələrdə danışıqları aparmaqdan imtina etməsi bölgəni qarşıdurma meydanına çevirməmək istəyi ilə bağlıdır: “Əgər Qərb və Rusiya sülh istəyirsə, bunu qarşıdurma məsələsinə çevirməməlidirlər və hər iki tərəfin razılaşdığı, qəbul etdiyi ölkələrdə bu danışıqlar keçirilməlidir. Elə bu səbəbdən, Azərbaycan dəfələrlə Gürcüstanın namizədliyini təklif etdi. Sonuncu görüş Almatıda keçirildi. Və sərhəddə danışıqlar aparmağı da   Azərbaycan təklif etdi. Ancaq Vaşinqtonda, yaxud Brüsseldə aparılan danışıqlar Rusiyanı qıcıqlandırır, Rusiya ərazisində aparılan danışıqlar Qərbi narazı salır. O biri tərəfdən də, Paşinyan qəti şəkildə Rusiya ərazisində  danışıqlarda iştirak etməkdən imtina edir. Təbiidir ki, Azərbaycan sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır. Ancaq bu məqsədə nail olmaq üçün əlavə problemlər yaratmaq yolu seçilməməlidir. Bölgəmiz Qərbin və Rusiyanın qarşıdurması meydanına çevrilməməlidir. Bunu hər iki tərəf başa düşməlidir. Ermənistanın Vaşinqton danışıqlarını qəbul edəcəyi heç kimdə şübhə doğurmur. Azərbaycanın xarici işlər naziri Vaşinqtonda danışıqlarda iştirak edəcəkmi?”. 

A.Səmədovun fikrincə, burada aydındır ki, əsas məsələ Rusiyanın razı, yaxud narazı olması deyil. O vurğuladı ki, Azərbaycan daim Qərb platformasında danışıqlar aparıb. “2023-cü ilin fevralında hətta Azərbaycan Prezidenti açıq şəkildə bəyan etmişdi ki, biz Qərb platformalarına üstünlük veririk. Ancaq çox təəssüf ki, həmin bəyanatdan sonrakı dövrdə Ermənistanın antirus mövqeyinin güclənməsi səbəbindən Qərb açıq-aşkar ermənipərəst mövqe tutdu və bizim də Qərbə bu səbəbdən münasibətimiz dəyişdi. Çünki ədalətsiz olduğunu görürdük və ədalətsiz, ermənipərəst dövlətlərin vasitəçiliyini qəbul etmək, təbiidir ki, düzgün addım ola bilməz. Azərbaycan da heç vaxt bunu etməyib. Ona görə də Vaşinqtonda danışıqlara razılıq verilməsi ilk növbədə ABŞ-ın mövqeyindən aslı olacaq. Əgər onlar ermənipərəst mövqe tutmaqdan imtina etsələr və bunun belə olduğuna Azərbaycanı inandıra bilsələr, şübhə etmirəm ki, Azərbaycanın xarici işlər naziri həmin danışıqlarda iştirak edəcək. Ancaq aydın olsa ki, ABŞ  əvvəlki ermənipərəst mövqeyində qalmaqdadır və nəyin bahasına olursa olsun ermənilərin şərtlərinin qəbul olunmasına çalışmaq istəyir, təbiidir ki, bu şəraitdə həmin danışıqlarda iştirak etmək mümkün deyil. Çox güman ki, xarici işlər nazirimiz də bu tədbirdə iştirak etməyəcək. Sülh sazişinin imzalanmasına əsas maneə nədir? Birinci növbədə, təbiidir ki, söhbət konstitutsiyasında, onun preambulasında göstərilən məsələlərdən, yəni Azərbaycana qarşı ərazi iddiasından gedir. Çünki orda müstəqillik aktına birbaşa istinad var. Müstəqillik bəyannaməsində isə Qarabağla Ermənistanın birləşməsi məsələsi yazılıb. Yəni müstəqillik aktrında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Bu da konstitutsiyada, onun preambulasında öz əksini tapıb. Preambula konstitutsiyada çox mühüm bir hissədir və bütün konstitutsiyanın mahiyyətini ifadə edir. Ona görə də təbiidir ki, Azərbaycan konstitutsiyanın dəyişdirilməsini tələb edir. Ancaq problem təkcə bununla bağlı deyil. Kommunikasiyaların açılması məsələsində Ermənistan tərəfinin mövqeyi qəbuledilməzdir. Çünki onlar elan edirlər ki, kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır. Bu da bizi qane etmir. Açıq şəkildə deyirik ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiya ilə Ermənistanın içinə gedən kommunikasiya eyni ola bilməz, burda bərabərlik prinsipi ola   bilməz. Üstəlik, 10 noyabr bəyanatında yazılıb  ki, maneəsiz hərəkət təmin olunmalıdır. Yəni müəyyən güzəştli şərtlər tətbiq olunmalıdır. Lazımsız yoxlamalardan imtina edilməlidir. Ancaq Ermənistan öz mövqeyində təkid edir. Sonra xəritələrlə bağlı müəyyən mübahisələr var ki, bəlkə də onu yoluna qoymaq mümkün olar. Ancaq kommunikasiyaların açılması məsələsində Ermənistan öz mövqeyindən çəkilməlidir və Azərbaycanın təklif etdiyi kimi Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yollarda Kalininqrad modeli tətbiq olunmalıdır. Ümid edirəm,  ABŞ bu məsələlərdə Ermənistana zəruri təzyiq göstərəcək, belə olacaqsa, sözsüz, Azərbaycan Vaşinqton danışıqlarında yəqin ki, iştirak edəcək. Ümid edək ki, orada da müəyyən irəliləyişlər olacaq. Bu irəliləyişlərin olması üçün ABŞ mütləq Ermənistana müəyyən təzyiq göstərməlidir və onları konstruktiv mövqe tutmağa sövq etməlidir”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
baki-xeber.com

10Mənbələr