AZ

Ölkə yeni seçki dönəminə girdi - Prezidentin verəcəyi o qərar...

Konstitusiya Məhkəməsi iyunun 27-də dövlət başçısının göndərdiyi sorğunu cavablandıracaq, daha sonra isə...

Ötən həftəsonu parlamentin Prezident İlham Əliyevə müraciəti ilə ölkə faktiki yeni seçki dönəminə daxil olub. İndi gözlər dövlət başçısındadır. Söhbət növbədənkənar seçkilərin konkret tarixindən gedir. 

Nəzərə çatdıraq ki, iyunun 24-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. Bu haqda məlumatda bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq.

Millət

Hikmət Babaoğlu

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda seçkilər hər zaman beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilib: “Azərbaycan seçkidə iştirak etmək istəyi olan, müraciət edən beynəlxalq tərəfdaşlarla daima əməkdaşlıq edir. Seçkilərdə müşahidə ikitərəfli əsaslarda həyata keçirilir: Azərbaycanın dəvəti ilə müşahidəçi qismində müxtəlif təşkilatların iştirakı; iştirak etmək istəyən qurumların təşəbbüsü ilə. Önümüzdəki mərhələdə demokratik seçki keçirilməsi prosesinə uyğun olaraq seçkidə iştirak etmək istəyən müxtəlif beynəlxalq təşkilatlarla Azərbaycan əməkdaşlıq etməyə açıqdır”.   

Fazil

Fazil Mustafa 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a şərhində qeyd etdi ki, partiyanın seçki qərargahı növbədənkənar prezident seçkisi keçirilən zamandan fəaliyyət göstərir: “Növbədənkənar prezident seçkisi zamanı yaradılan qərargahımız fəaliyyətini davam etdirir. Bu il həm parlament, həm də bələdiyyə seçkilərinin keçirilməsi gözlənildiyi üçün hazırlıqlı idik. Seçki qərargahı kifayət qədər peşəkar partiya funksionerlərindən təşkil olunub. Hazırda araşdırma aparılır. Seçkilərdə dairələr üzrə namizədlər müəyyənləşdirilir. Bu məlumatlar əsasında alınan qərarlar ictimaiyyətə bildiriləcək. O ki qaldı azad olunmuş ərazilərə, orada məskunlaşma kifayət qədər deyil. Həmçinin namizədlər ərazilərə uyğun seçilməlidir. Qarabağda doğulmuş, yaxud kontingent tərəfindən qəbul olunan şəxslər olmalıdır. İşğaldan azad olunmuş ərazilərdə rayon təşkilatları var, onların rəyi əsasında namizədləri müəyyən edəcəyik”. 

Ötən gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin iclası keçirilib. İdarə heyəti növbədənkənar parlament seçkisinin keçirilməsinə dair Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsünü dəstəklədiyini açıqlayıb və seçkidə iştirakla bağlı qərar qəbul edib.

Bu,

Niyaməddin Orduxanlı 

Partiyanın sədr müavini Niyaməddin Orduxanlı qeyd edib ki, seçkiyə hazırlıq davam edir: “Həm parlament, həm prezident, həm də bələdiyyə seçkilərində uzun illərdir iştirak edirik. Yəni kifayət qədər seçki təcrübəmiz var, bu səbəbdən də partiyamızın seçkidə iştirakını məqsədəmüvafiq hesab edirik. Növbədənkənar parlament seçkiləri bizim üçün gözlənilməz qərar olmadı. Partiyamız seçkiyə tam hazır vəziyyətdədir. Partiyamızın rayon şöbələri mövcuddur. Paralel olaraq Mərkəzi Seçki Komissiyasında, məntəqə seçki komissiyalarında nümayəndələrimiz, həmçinin rayon şöbələrimizin minlərlə üzvü var. Partiyanın rəhbərliyində kifayət qədər tanınmış siyasətçi təmsil olunur. Daha çox partiya nümayəndəmizin parlamentdə təmsil olunması üçün mümkün qədər çalışacağıq. Hazırda partiyamızın sosial bazası mövcuddur. Partiyanın strukturu buna imkan verir. Bu günə kimi  partiyanın yalnız bir nümayəndəsi bizi təmsil edib”.

N.Orduxanlı vurğuladı ki, parlamentdə fraksiya yoxdur: “Təəssüf ki, bu gün Azərbaycan həm Avropa məkanında, həm Müstəqil Dövlətlər Birliyində, həm də Asiyada yeganə ölkədir ki, parlamentdə fraksiya yoxdur. Bu baxımdan hesab edirik ki, növbəti parlamentdə mütləq şəkildə ən azından müxalifət fraksiyası təmsil olunmalıdır. Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq ən azından bir fraksiya şəklində parlamentdə təmsil olunmağa çalışacağıq”. 

AbzasMedia

Gülağa Aslanlı

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a bildirib ki, seçki günü dəqiq elan edildikdən sonra partiya öz mövqeyini bildirəcək: “Müsavat Partiyası və Azərbaycan xalqı növbədənkənar seçkilərə öyrəşib. Müsavat Partiyası öz proqramından irəli gələn hərəkətini ölkə qanunlarına uyğun həyata keçirməyə çalışır. Hələ ki növbədənkənar seçkilərin keçirilməsi barədə rəsmi qərar verilməyib. Bu, sadəcə olaraq, tövsiyə olunub. Qərar veriləndən sonra Müsavat Partiyası öz mövqeyini açıq şəkildə müzakirə edib bildirəcək. Partiyanın başqanı İsa Qəmbərin namizəd olub-olmaması partiyadaxili müzakirələrdən sonra məlum olacaq. Müsavat Partiyası hər zaman seçkilərdə iştirak etmək arzusundadır. Çünki Müsavat Partiyasının nizamnaməsində hakimiyyətə yalnız seçkilər yolu ilə gəlmək xətti açıq şəkildə göstərilib. Seçkilərə meylli partiyayıq. Amma seçki günü dəqiq elan edildikdən sonra bu haqda qərarı Müsavat Partiyasının Məclisi verir. Məclisin qərarını gözləyək. Əlbəttə ki, partiyamızın başqanı İsa Qəmbərin də namizəd olub-olmayacağı müzakirələrdən sonra məlum olacaq”.

İlqar

 İlqar Məmmədov

REAL Partiyası Siyasi Komitəsi isə növbədənkənar parlament seçkilərində 13 namizədlə iştirak edəcək. Bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.

Partiya qarşıdan gələn parlament seçkilərində irəli sürüləcək namizədlərin siyahısını təqdim edib: 

Erkin Qədirli

İlqar Məmmədov

Elçin Əliyev

Mahmud Mahmudov

Natiq Cəfərov

Toğrul İskəndərli

Rəsul Cəfərov

Zöhrab Əliyev

Samir Məmmədov

Elşən Ədalətli

Rüstəm Hidayətzadə

Vasif Novruzov

Razim Rzayev. 

“Digər bir neçə üzvümüzə dair yaxın günlərdə əlavə məsləhətləşmə aparacağıq və bu həftənin sonuna qədər onların da qərarı veriləcək. Namizəd sayının nisbətən az olması partiyamızın maddi imkanları ilə bağlıdır. Tək bu sayda namizədin uğurlu kampaniyasını keçirməyə vəsaitimiz çatar”, - partiya sədri qeyd edib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
6
musavat.com

10Mənbələr