AZ

Ermənistan sülh yolundan dönərsə, Hərbi Qənimətlər Parkının yeni eksponatı "Caesar"lar olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan və Ermənistan sülhə yaxınlaşdıqca, prosesi çıxmaza sürükləmək istəyənlər öz bəd niyyətlərini göstərməyə başlayıblar. Baş rolda həmişə olduğu kimi Emmanuel Makronun rəhbərlik etdiyi Fransadır. Onlar bu dəfə də İrəvana yağlı vədlər verərək baş nazir Nikol Paşinyanı sülh yolundan döndərməyə çalışırlar. Hədiyyə olaraq isə Paris İrəvanla bağlanmış yeni müqaviləyə əsasən, Ermənistana yaxın bir ildə 36 ədəd "Caesar" özüyeriyən artilleriya sistemi göndərəcək. Məsələyə rəsmi Bakının kəskin etirazı özünü çox gözlətməyib. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Makronun düşdüyü isterik vəziyyət
Fransanın Cənubi Qafqazda destruktiv fəaliyyəti genişləndirməsi əslində Makronun düşdüyü isterik vəziyyətin psixoloji təzahürləridir desək, yanılmarıq. Məlumdur ki, bir müddət əvvəl Avropa Parlamentinə keçirilən seçkidə Makronun partiyası Fransada seçicilərin ən az etimadını qazanmış iqtidar partiyası olaraq tarixə düşüb. Bu acı məğlubiyyətin əsas səbəbləri sırasında Makronun daxili və xarici siyasət kursunun ardıcıl olaraq iflasa uğraması və qarşısına qoyduğu hədəflərə sadəcə uzaqdan boylanmaq məcburiyyətində qalması göstərilir. Təbii ki, Makronun siyasi iflasının əsas səbəbləri sırasında Cənubi Qafqazın aparıcı gücü hesab edilən Azərbaycanın neokolonializmə qarşı apardığı mübarizə də var. Həmçinin Bakının iradəsi ilə bölgədə yaradılan yeni reallıqların Parisin dünyaya ağalıq iddiasının əsasını təşkil edən "19-cu əsr Fransanın siyasi ideyaları"nın burada keçərsiz olduğunu sübut etməsi də gözardı edilə bilməz.
Erməni lobbisinin oyuncağına çevrilmiş rejim
İndi isə Makron üzləşdiyi acı reallıqların yaratdığı təzyiqlərə tab gətirməyərək ölkədə növbədənkənar parlament seçkiləri elan edib. Hazırkı Milli Assambleyanın qatı ermənipərəst mövqedən çıxış etdiyi heç kimə sirr deyil. Burada əsas məqsəd isə Fransa daxilində böyük təsir gücünə malik erməni lobbisinin könlünü oxşamaqdır. İndi də Makron növbədənkənar parlament seçkilərində əsl fransız seçicinin etimadını əldə etmək əvəzinə, əlində siyasi kuklaya çevrildiyi erməni lobbisinin səslərini qazanmaq üçün yenidən dövlət maraqlarını ikinci plana keçirən assimmetrik qərarlar verməklə məşğuldur.
Soyqırımı törədənlərin yetirməsi
Makronun iqtidarını qoruması üçün bu siyasi gedişin özünü müəyyən qədər doğruldacağı da istisna deyil. Ancaq sual olunur: Fransa cəmiyyəti ölkəni uçuruma aparan bu oyunbazın siyasət səhnəsindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul etməkdə bu dərəcədəmi acizdir? Görünən odur ki, prezident kürsüsünü özündən də çox istəyən Makron üçün Ukraynada həlak olacaq fransızlar, göndərdiyi " "Caesar" toplarının açacağı atəş nəticəsində başlaya biləcək yeni müharibədə həyatını itirəcək ermənilərin taleyi o qədər də önəmli deyil. Bəlkə də heç önəmli deyil. Axı Makron Şimali Afrikada milyonlarla günahsız insanın soyqırımını həyata keçirən, bununla fəxr etdiklərini açıqlayan və öz əməllərinə nümayişkaranə surətdə haqq qazandıran "siyasətçilər"in yetirməsidir.
Makronun çaldığı havaya oynamağa başlayıb
Təəssüf doğuran məqam odur ki, Azərbaycanla ikitərəfli danışıqlar formatında sülhə doğru addım-addım yaxınlaşan Ermənistan rəhbərliyi də yenidən Makronun çaldığı havaya oynamağa başlayıb. Bir tərəfdən sülh bəyanatları versələr də, digər tərəfdən bu prosesi baltalayan təxribat xarakterli addımlar atmaqdadırlar. Diqqət edək: bir müddət əvvəl Bakı sülh prosesində əsas tələblərdən biri kimi keçmiş Minsk Qrupunun rəsmi olaraq birdəfəlik ləğvi şərtini irəli sürüb. Baş nazir Nikol Paşinyan bu tələbin reallığı əks etdirdiyini bəyan edərək Bakının mövqeyi ilə razılaşdığını açıqlayıb. İndi isə Parisdən gələn yeni direktivlər deyəsən Paşinyanı da həyəcanlandırıb və öz ampluasına qaytarıb. Baş nazir bir müddət əvvəl Minsk Qrupunun fəaliyyəti ilə bağlı dediklərini artıq müxtəlif addımlarla təkzib etməkdədir. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə görüşərək bölgədəki vəziyyəti müzakirə edib. Göründüyü kimi, Fransa hər vəchlə 30 illik işğal dövründə heç bir işə yaramayan, daha doğrusu Parisin maraqlarına uyğun bölgədə gərginlik ocağını saxlamağa hesablanmış bədnam Minsk Qrupunun formal olsa da, mövcudluğunu itirməsini istəmir. Həm hərbi, həm də siyasi gedişlərlə sülh yolunun istiqamətini dəyişməyə çalışır.
Dəyişməyən faktlar və reallıqlar
Lakin ortada dəyişməyən faktlar və reallıqlar mövcuddur. Azərbaycan dörd il öncə Ermənistanı həm döyüş meydanında, həm də siyasi müstəvidə ağır məğlubiyyətə uğradaraq separatizmə, işğala birdəfəlik son qoyub. Bölgədə hazırda cərəyan edən proseslər də məhz bu faktın yaratdığı reallıqlara uyğun şəkillənməlidir. Sülh yolunun istiqamətini də Azərbaycanın "dəmir yumruğ"u müəyyənləşdirir. Adını nə qədər Roma imperatoru olmuş Sezardan alsa da, Parisin Ermənistana hədiyyə etdiyi "Caesar" artilleriya sistemlərinin də "dəmir yumruq" qarşısında aciz qalacağı şübhəsizdir. Əgər Ermənistan rəhbərliyi sülh yolundan dönərsə, qələbəmizin simvoluna çevrilmiş Hərbi Qənimətlər Parkının yeni eksponatları "dəmir yumruq" altında əzilmiş "Caesar"lar olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
oxu.az

10Mənbələr