AZ

"Bakı və Tehran bir-birinə doğru addım atdılar" - İRANDA SEÇKİ HAQQINDA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Düz bir həftə sonra, iyunun 28-də İranda onlarla müraciətçi arasından yalnız altı namizədin iştirak edəcəyi növbədənkənar prezident seçkisi keçiriləcək.
Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) İqtisadiyyat fakültəsinin müəllimi, politoloq Fərhad İbrahimov Oxu.Az-la söhbətində İran İslam Respublikasında (İRİ) keçiriləcək seçkidən gözləntilərini bölüşüb.
- Səsvermədə iştirakına icazə verilən namizədlər siyahısında cəmi altı siyasətçi var ki, onlardan beşi mühafizəkar - İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, ali dini rəhbərin ölkənin İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi, İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi və yalnız biri - deputat Məsud Pezeşkian islahatçıdır...
- Növbəti prezidentin mühafizəkar olacağı tamamilə gözləniləndir. İslahatçılar uzun illər boyunca İranda mövcud problemləri həll etməyə qadir olan effektiv siyasi qüvvə kimi özlərini göstərməyiblər. Lakin hesab olunur ki, bu seçki yarışında təqdim edilən mühafizəkarlar müəyyən qədər liberallığa meyillidirlər.
Mənim fikrimcə, İranda nə seçkiqabağı yarış zamanı, nə də prezident seçkisi zamanı heç bir "qaynar" problem olmayacaq, İranda dövlət sistemi hələ də güclüdür, onun ətrafında bir neçə təhlükəsizlik kəməri var. Ancaq Əli Xamenei vəfat etdikdən sonra yeni rəhbərin - ölkənin ali liderinin təyin edilməsi məsələsi gündəmə gələndə müəyyən çətinliklər yarana bilər.
Amma artıq dediyim kimi, prezident seçkisi ilə bağlı heç bir problem olmamalıdır. Burada bütün məsələlər razılaşdırılıb. Hətta çox tanınmış siyasətçilər, məsələn, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın da seçkidə iştirakına icazə verilməyib. Zamanında o, iki prezidentlik müddəti ərzində vəzifədə qaldı və o qədər qarışıqlıq yaratdı ki, hətta ən radikal mühafizəkarlar belə, onun adı çəkildikdə hələ də narahat olurlar. İran Konstitusiyasının Keşikçiləri Şurasının ələyindən keçməyən digər tanınmış siyasətçi parlamentin keçmiş sədri Əli Laricanidir.
- Bəs seçkidə favorit kimdir?
- Görünür, əsas mübarizə İranın mühafizəkar qanadının iki nümayəndəsi arasında gedəcək. Bunlar Səid Cəlili və Məhəmməd Baqir Qalibafdır.
Güman edirəm ki, İranın növbəti prezidenti Məhəmməd Baqir Qalibaf olacaq.
- Ölümü faktiki olaraq növbədənkənar seçkiyə səbəb olan prezident İbrahim Rəisinin dövründə İranla Azərbaycan arasında münasibətlər gərgin idi, lakin vəziyyət bu ilin əvvəllərində yaxşılaşmağa başladı və Tehranın ritorikası dəyişdi. İranın Azərbaycanla münasibətləri inkişaf etdirmək siyasəti dəyişə bilərmi? Bu, seçkidə kimin qalib gəlməsindən asılıdır, ya yox?
- İranın çox da yaxşı olmayan xarici siyasəti, o cümlədən Azərbaycanla gərgin münasibətləri İbrahim Rəisiyə miras qalmışdı. Rəisi çətin məsələni həll etməli idi, bunu isə İran-Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olan bəzi İran dairələrinin mövqeyi qəlizləşdirirdi. Pik nöqtə 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı oldu.
Rəisi başa düşdü ki, təcili nə isə etmək lazımdır. İranın mərhum prezidentinin ətrafında Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın vacibliyini anlayan bir çox insan var idi. İrana qarşı sanksiyalar qüvvədədir və bunlar sadə iranlıların həyatını çətinləşdirir. İbrahim Rəisi əhalinin rifahını yaxşılaşdıra bilən bir şəxsiyyət kimi tarixdə qalmaq istəyirdi. Azərbaycanla yaxşı münasibətlər bu məqsədə nail olmağa imkan verir. Ona görə də münasibətlərin bərpasına başlanıldı və burada Azərbaycan diplomatiyası özünü ən yaxşı tərəfdən göstərdi.
İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşü tarixi hadisə oldu. Bir neçə saat sonra isə İran prezidenti helikopter qəzasında həlak oldu.
İndi isə gəlin, seçkidən sonra Tehranın Bakıya yanaşmalarının dəyişdirilməsinin mümkünlüyü barədə danışaq. İndidən qeyd edim ki, son söz həmişə ölkənin ali dini lideri Əli Xameneiyə məxsusdur. Amma çox şey prezidentdən (ölkədə ikinci şəxs) də asılı olacaq, axı o, Xameneinin qərarlarına təsir edə bilər. Ona görə də həm Azərbaycan, həm də regionun digər ölkələri müəyyən mənada İranla münasibətləri yeni qaydada qurmağa hazır olmalıdırlar, çünki yeni prezident yeni komanda deməkdir.
İstər Qalibaf, istər Cəlili olsun, prezidentlik yarışının qalibi ilə danışıqlar aparılmalı olacaq. Bununla belə, aydındır ki, gələcək prezident nə Azərbaycan, nə Türkiyə, nə Rusiya ilə, nə də digər bir ölkə ilə münasibətlərin pisləşməsində maraqlı olacaq.
Yeri gəlmişkən, mərhum İbrahim Rəisinin Bakı ilə münasibətlərdə qoyduğu ton əvvəlki kimi qalır. Bunu iki ölkənin ərazisində eyni vaxtda baş tutan son taktiki hərbi təlimlər də sübut edir.
- Yeri gəlmişkən, təlimlər barədə də danışaq. Son vaxtlara qədər bunu təsəvvür etmək çətin olardı. Amma indi Ermənistan Qərbə üz tutur, bir çox nüfuzlu ekspertlər bunun İranı ciddi şəkildə narahat etdiyini deyirlər. Məhz bu amil özünü göstərdi?
- Hər halda. Lakin Azərbaycanın İranla münasibətləri normallaşdırmaq istəyi fonunda köhnə İran diplomatiya məktəbi də öz təsirini göstərdi. Azərbaycan, həmişə olduğu kimi, taktiki və strateji cəhətdən müdrik davrandı. Nəticədə elə oldu ki, Bakı və Tehran bir-birinə doğru addım atdılar.
İranda çox yaxşı bilirlər ki, son bir neçə ildə regionda formalaşan reallıqlar gözardı edilə bilməyən yeni qaydaları diktə edir. Tehranda, həmçinin, Azərbaycanla pis münasibətlərin perspektivsiz olmasına dair də anlayış var.
Nair Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
oxu.az

10Mənbələr