AZ

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından reportajFOTO

Qusar, 16 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusarda yeni fəaliyyətə başlayan tingçilik təsərrüfatında 200-dən çox dekorativ bitki, gül və ağac növləri yetişdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Langu kəndi ərazisində yaradılan təsərrüfatda plastik qablaşdırma və intensiv bağçılıq məhsullarının istehsalı və satışı həyata keçirilir.

Bölgənin ən böyük tingçilik bağlarından sayılan şirkətin 24 hektar sahəsi var. Bunun 21 hektarı tingçilik üçün istifadə olunur. Burada yerli və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ağac tingləri, dekorativ bitkilər və güllər yetişdirilir.

Təsərrüfatın nümayəndəsi Hüriyyə Rüstəmova bildirib ki, təsərrüfatda müxtəlif növ dekorativ bitkilər, iynəyarpaqlılar, meyvə ağacları, giləmeyvə və gül çeşidləri becərilir.

“Bizim təsərrüfat 2024-cü ilin fevral ayından fəaliyyətə başlayıb. Burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş dekorativ bitkiləri becəririk. Həmin bitkiləri çoxaldıb satışını təşkil edirik. Məqsəd təkcə qazanc əldə etmək deyil. İstəyirik ətraf gözəlliklə dolu olsun. İnsanlar bir-birindən gözəl evlər tikir. Həyətini, divarlarını bu dekorativ güllərlə, bitkilərlə bəzəyəndə baxanların zövqünü oxşayır. Bitkilərin qiymətləri növünə və ölçüsünə görə dəyişir. 3-5 manata da bitkilər var. Böyük ağaclarımız 50-60 manatdır. Bütün ağac və kollara müasir sistemlə qulluq olunur. Damcı üsulu ilə suvarılır. Ən əsası becərilən bitkilər yerli şəraitə tam uyğunlaşır”, - deyə Hüriyyə Rüstəmova söyləyib.

Hazırda təsərrüfatın ərazidə burada becərilən dekorativ ağac və kollardan ibarət 3 hektarlıq park salınır. Bundan başqa, ərazidə süni gölün yaradılması da nəzərdə tutulub. Həmin göldə nilufər çiçəkləri yetişdiriləcək.

“Bitkilərin müasir texnologiya ilə yetişdirilməsi, kök sistemlərinin sağlam olması və yeni mühitə tez uyğunlaşmasına imkan verir. Burada iynəyarpaqlıların 30-a yaxın növü becərilir. Ağaclardan, ağcaqayın, ipək akasiyası, daş palıd, sakura, pavloniya, çəhrayı akasiya, cökə və başqalarını sadalaya bilərəm. Gül ağacları və kollarından isə azaliya, Çin kalikantı, kameliya, mikeliya, qardeniya və onlarla başqa növlərimiz var”, - deyə təsərrüfatın mütəxəssisi Gülşad Hacıyeva bildirib.

Yeni fəaliyyətə başlayan təsərrüfatda dekorativ bitkilərlə yanaşı, meyvə ağaclarının tinglərinin istehsalının genişləndirilməsi də nəzərdə tutulub.

Seçilən
16
3
azertag.az

4Mənbələr