AZ

ABŞ Ukrayna ərazilərinə yerləşir: Təhlükəsizlik sazişinin GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ

ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanıb. Məlumata görə, razılaşma on illik müddəti əhatə edir. Sənədi ABŞ Prezidenti Cozef Bayden və Ukrayna lideri Volodimir Zelenski imzalayıblar. İmzalanma mərasimi İtaliyada keçirilən Böyük Yeddilik (G7) ölkələrinin sammiti çərçivəsində baş tutub. ABŞ ilə yanaşı, Yaponiya da Ukrayna ilə analoji müqavilə bağlayıb. Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində isə Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə hərbi yardım üzrə təmas qrupunun iclasını açarkən deyib ki, NATO ölkələri 2022-ci ildən bəri Ukraynaya 98 milyard dollar dəyərində silah tədarük ediblər.

Bu kontekstdə bir sıra suallar meydana çıxır. Bu müqavilələr Ukraynanın təhlükəsizliyini təmin edəcəkmi? Belə bir fonda Rusiya-Ukrayna müharibəsinin aqibəti, Ukraynanın və prezident Volodimir Zelenskinin gələcək taleyi necə olacaq?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, belə sənədlər adətən sülh dövründə imzalanır. Onun sözlərinə görə, bu, konkret bir ölkənin gələcək təhlükəsizliyinin təmin edilməsi xarakteri daşıyır: “Lakin indi Ukraynanın Rusiya ilə müharibə apardığı bir zamanda təhlükəsizlik təminatı ilə bağlı hər hansı sənəd absurd səslənir. Burada təhlükəsizlikdən söhbət gedirsə, Rusiyanın işğal etdiyi Ukrayna əraziləri azad edilməlidir. Digər tərəfdən, vaxtilə ABŞ-nin və Rusiyanın imzaladığı Ukraynaya beynəlxalq təhlükəsizlik təminatının verilməsi yönündə müqavilə olub. Göründüyü kimi, heç bir əhəmiyyəti yoxdur. Bu sənədlər daha çox təhlükəsizlik təminatı verən tərəfin maraqlarını ifadə edir. Belə anlaşılır ki, yaxın 10 il ərzində ABŞ Ukraynanın ərazilərinə yerləşmək niyyətindədir. Ölkənin təbii sərvətlərindən həmçinin kənd təsərrüfatı, iqtisadi resurslarından yararlanmaq məqsədi güdür. Göstərilən dəstək Ukraynaya kredit olaraq verilir və əvvəl-axır geri qaytarılmalıdır. Son zamanlar ABŞ-nin siyasi dairələrində belə tələblər səslənir ki, Ukraynaya verilmiş dəstəyin müqabilində təbii sərvətləri, kənd təsərrüfatı, sənaye uzunmüddətli müqavilələrlə Qərb sərmayəçilərinə icarəyə verilməlidir”.

Politoloq deyib ki, Ukraynanın gələcək taleyi qaranlıqdır: “Ukraynanı yaxşı heç nə gözləmir. Hazırda müharibə aparır, insan itkilərinə məruz qalır, ölkə dağılır. Savaş bitdikdən sonra da onilliklər boyu Qərbin dəstək üçün xərclədiyi maliyyə vəsaitlərini Ukrayna geri qaytarmalı olacaq. Ölkə başqaları üçün vuruşur və başqalarının xərclədiyi pulları da geri qaytarmalıdır. Savaşda tək itirən Ukraynadır. Müharibənin başlaması və davam etməsində maraqlı olan ölkələr heç bir hərbi və maliyyə resursları itirmirlər. Ukrayna dövləti Rusiya ilə savaşın yaradılması ilə böyük səhvlər etmiş oldu. Gələcəyini təhlükəyə atdı. İmzalanmış sənəd ciddi əhəmiyyət daşımır və müsbət bir addım olacağına inanmıram”.

Ayşən RƏHİM

Seçilən
117
50
medianews.az

10Mənbələr