AZ

Ermənistandakı gərginlik Azərbaycanla şərti sərhədə yönəlir – İrəvan sülh sazişindən yayınmaq üçün…

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bu gün isə saat 7:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumatlara görə, hər iki halda ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Maraqlıdır, son günlər Naxçıvan istiqamətində atəşkəsin pozulmasına səbəb nədir? Ermənistan tərəfi bu təxribatlarla nə məqsəd güdür?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev xatırladıb ki, Azərbaycan Ermənistanla atəşkəs vəziyyətindədir və hələlik sülh sazişi bağlanmayıb. Onun sözlərinə görə, belə bir vəziyyətdə Ermənistan tərəfinin istənilən zaman, istənilən yerdən atəşkəsi poza bilməsi hallarını nəzərə almalıyıq: “Ermənistan tərəfi atəşkəsi pozmaqla daxildəki narazı kütləni guya yeni münaqişə var deyə, bu istiqamətə yönəltmək istəyir. Bir növ daxildəki prosesi şərti sərhədin Naxçıvan istiqamətində atəşkəsin pozulmasına yönəltmək məqsədi güdülür. Bununla da yeni bir təhdidin, təhlükənin üzərindən münaqişə iştirakçılarını, əks tərəfi bu prosesə cəlb etməyi hədəfləyirlər. Bu zaman atəşkəsin pozulmasının böyük əməliyyatlara çevrilib-çevrilməyəcəyi məsələsi gündəmə gəlir. Mən düşünmürəm ki, vəziyyət bu həddə gəlib çatsın”.

Hərbi ekspert diqqətə çatdırıb ki, atəşkəs iyunun 12-də və 14-də pozulub, Azərbaycan silahlı qüvvələrin həmin ərazidəki birləşmələri adekvat cavab verib, məsələ hələlik bununla yekunlaşıb: “Belə bir cavab tədbiri görməyə Ermənistan Azərbaycanı təhrik edib. Hər zaman olduğu kimi, bu dəfə də qarşılığını vermişik. Hesab edirəm ki, son iki gün ərzində atəşkəsin pozulması bilavasitə Ermənistanın daxilindəki proseslərlə əlaqəlidir. Onlar bu yolla vaxt qazanır, sülh sazişini imzalamaqdan yayınmağa çalışırlar. Bunun üçün də həm daxildən, həm də xaricdən bəhanələr axtarırlar. Bir növ Ermənistanın daxilindəki gərginlik Azərbaycanla şərti sərhədə yönəlir. Sülh sazişi imzalanmayana qədər belə halların, o cümlədən müxtəlif təxribatların mümkünlüyünü nəzərə almalıyıq”.

Kamilə ORUCOVA

Seçilən
138
3
medianews.az

10Mənbələr