AZ

UEFA Çempionlar Liqasında bir ilk: Yeni format azarkeşlərə nələr vəd edir?

UEFA Çempionlar Liqasının 2024/25-ci illər mövsümü bir sıra yeniliklərlə yadda qalacaq.
Oxu.Az xəbər verir ki, artıq tarixə qovuşmaqda olan Çempionlar Liqası formatında 32 komanda mübarizə aparır və hər qrupda dörd klub olmaqla səkkiz qrup mövcud idi. Yeni qaydalara görə isə UEFA Çempionlar Liqasında 36 komanda mübarizə aparacaq.
Əvvəllər komandalar qrup formatında üçü evdə, üçü səfərdə olmaqla altı oyun keçirirdilər. Yeni formata əsasən, komandalar yeni liqa mərhələsində səkkiz oyun keçirəcəklər. Bu isə o deməkdir ki, komandalar səkkiz fərqli rəqiblə qarşılaşacaqlar. Bu qarşılaşmaların yarısı evdə, digər yarısı isə səfərdə keçiriləcək. Komandalar əvvəlcə səkkiz fərqli rəqibi müəyyən etmək üçün dörd səbətə yerləşdiriləcəklər. Daha sonra püşk atılacaq. Köhnə sistemdə reytinqdə ən güclü komandalar sırasında qərarlaşan klublar qruplarda bir-biri ilə qarşılaşa bilmirdi. Çünki həmin komandaların hər biri hansısa qrupun ən güclüsü kimi digər səbətlərdəki komandalarla qarşılaşırdılar. Yeni formatın isə üstünlüyü ondadır ki, artıq həmin güclülər, məsələn, "Real Madrid" və PSJ komandaları ilk mərhələdəcə bir-birinə rəqib ola bilərlər.
Liqa formatı ilə Çempionlar Liqasına daha dörd komanda əlavə olunacaq.
2024/25 mövsümü ilə əlavə dörd komanda aşağıdakı kimi müəyyənləşəcək:
Birinci komanda: Bu komanda UEFA ölkə reytinqində beşinci olan ölkənin milli çempionatının bürünc medalçısı olacaq.
İkinci komanda: "Çempionlar yolu" adlanan pley-off sistemindən gələn dörd komandanın sayı beşə çatdırılacaq. Bu yer yerli liqa çempionuna məxsus olacaq.
Üçüncü və dördüncü komandalar: Bu iki yer əvvəlki mövsümdə UEFA turnirlərində ən çox xal toplayan iki ölkənin komandalarına veriləcək. Məsələn, İngiltərə və ya Fransa həmin mövsüm ən çox ölkə xalı toplayıbsa, bu ölkələr əlavə olaraq ÇL-ə daha bir komanda göndərəcəklər.
Komandaların hər biri səkkiz oyun keçirdikdən sonra turnir cədvəlindəki yerlər müəyyənləşəcək. İlk səkkiz yeri tutan komandalar 1/8 finalı təmin edəcəklər. 9-24-cü yerləri tutan komandalar 1/8 final üçün iki oyunluq pley-off mərhələsində oynayacaqlar. Turniri 25 və ya daha aşağı yerdə başa vuran komandalar UEFA Avropa Liqasında iştirak etmədən yarışdan kənarlaşdırılacaqlar. Liqanı 9-16-cı yerlərdə başa vuran komandalar pley-off mərhələsinin püşkatma mərasimində 17-24-cü yerləri tutan komandalarla rəqib ola biləcəklər. Pley-off mərhələsində qalib gələn komandalar birbaşa 1/8 finala çıxan komandalarla görüşəcəklər. Bu mərhələdən etibarən oyunlar indiki sistemdə olduğu kimi keçiriləcək. Final oyunu UEFA tərəfindən seçilən neytral meydanda keçiriləcək. Çempionlar Liqası və Avropa Liqasının oyunları sentyabr-yanvar aylarında keçiriləcək.
Konfrans Liqasının oyunları sentyabr-dekabr ayları arasında baş tutacaq. Standart həftələrdə Çempionlar Liqasının oyunları çərşənbə axşamı və çərşənbə günləri, Avropa Liqası və Avropa Konfrans Liqası oyunları isə cümə axşamı oynanılacaq. Çempionlar Liqasının xüsusi həftəsində Çempionlar Liqasının və Avropa Liqasının oyunları çərşənbə axşamı, çərşənbə və cümə axşamı oynanılacaq. Avropa Konfrans Liqasının oyunları isə cümə axşamı oynanılacaq. Turnirlərin qrup mərhələsinin hər birinin son oyun günündə bütün görüşlər eyni vaxtda keçiriləcək.
Qeyd edək ki, dünya futbol ictimaiyyətində müvafiq formatda oyun sayının artmasının futbolçuların sağlamlığına mənfi təsirləri müzakirə mövzusuna çevrilib.
UEFA isə bu formatın klublara müxtəlif səviyyəli komandalara, o cümlədən oxşar güclü komandalara qarşı oynamaq imkanı verəcəyi fikrini müdafiə edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında yeni mövsümdə Azərbaycanı "Qarabağ" klubu təmsil edəcək.
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
oxu.az

10Mənbələr