AZ

Türkiyə üzünü hara tutur?

Yaxın zamanda Türkiyə yeni regional və beynəlxalq təşkilata üzv ola bilər. Bu təşkilata üzvlük Türkiyənin Avrasiya regionunda geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilməsinə yol açacaq. 

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Çin Xalq Respublikasına rəsmi səfər edib. Türkiyənin XİN rəhbəri səfər çərçivəsində Çinli həmkarı Vanq Yi ilə görüşüb. İkitərəfli görüşdə regional məsələlərlə yanaşı Rusiya-Ukrayna, Fələstin-İsrail münaqişələri və hər iki münaqişənin həll yolları, o cümlədən terrorla mübarizə və iki ölkə arasında əlaqələr barədə fikir mübadiləsi aparılıb. Hakan Fidan həmkarı ilə mətbuat konfransında Türkiyənin BRİKS-in Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətini bəyan edib. Nazir bununla Türkiyənin BRİKS-ə üzv olmaqda iddialı olduğuna eyham vurub.

"Biz ümid edirik ki, BRİKS-ə üzv olan dövlətlər Türkiyənin üzvlük prosesini dəstəkləyəcəklər,” – deyə H. Fidan qeyd edib.

Eyni zamanda Hakan Fidan BRİKS-in Türkiyə üçün Avropa İttifaqına alternativ, böyük potensiala və geniş təsir imkanlarına malik olan bir təşkilat olduğunu da vurğulayıb:

"Uzun müddət ərzində Türkiyə Avropa İttifaqına üzv olmağa çalışsa da, kimlik siyasətinə görə Türkiyənin bəzi böyük Aİ ölkələri tərəfindən tamhüquqlu üzv olmasına heç vaxt icazə verilməyib. Ona görə də başqa alternativlər axtarmaq lazımdır. BRİKS-in çox böyük bir potensialı var. Biz onun əməkdaşlıq platforması kimi bir sıra ölkələrə yaxşı alternativ mexanizmlər təklif etməsi faktını nəzərdən qaçıra bilmərik, BRİKS bizim üçün Avropa İttifaqını əvəz edə bilər. Biz daha 40 il qapıda gözləyə bilmərik, üzv etmək istəmirlərsə, bu, onların seçimidir, biz də öz yolumuza baxacağıq”. 

Türkiyə xarici işlər nazirinin bəyanatına Rusiya və Çindən reaksiya gecikməyib. Kremlin mətbuat katibi Dmitri Peskov Moskvanın Türkiyənin BRİKS-ə üzvlük istəyini məmnuniyyətlə qarşıladığını bildirib: 

“BRİKS-in Rusiyada keçiriləcək sammitində bu məsələ bir nömrəli gündəm olacaq. Biz Türkiyə tərəfini də zirvə görüşünə dəvət edəcəyik”. 

Çinin XİN rəhbəri Vanq Yi Pekinin Türkiyənin üzvlük prosesini dəstəkləcəyini deyib: 

"Çin tərəfi Türkiyənin BRİKS-ə üzvlük istəyini yüksək qiymətləndirir və Ankaranın bu istiqamətdə addımları dəstəkləyəcək”.

“The Atlantic” beynəlxalq analitik mərkəzi də məsələyə öz münasibətini bildirib. Mərkəz məlumat verib ki, Türkiyə 2011-ci ildən etibarən elan etdiyi Asiyaya dönüş strategiyasını gücləndirməyə çalışır.

“Bu üzvlük qlobal sistemin dəyişməkdə olduğunu göstərir, Türkiyə NATO üzvü olmasına baxmayaraq, çoxtərəfli və müstəqil siyasət aparmağa çalışır. Eyni zamanda, bu, Ankaranın Fransa və Almaniyanın Aİ-ya üzvlüyə imkan verməməsinə cavab da ola bilər”, – deyə mərkəzin məlumatında qeyd olunur.

Ümumiyyətlə, BRİKS-in özü nə anlama gəlir? Bu təşkilat nə zaman yaradılıb? Təşkilat hansı önəmli siyasi, strateji və iqtisadi prioritetlərə malikdir? Bu təşkilat regional və beynəlxalq səviyyədə nə dərəcədə nüfuza malikdir? 

BRİKS təşkilatı 2009-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən sammitdə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən əsası qoyulub. Bir il sonra isə Cənubi Afrika bu təşkilata qoşulub. 2024-ci ilin yanvarın 1-dən İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də BRİKS-ə üzv olub. Tez bir zamanda hökumətlərarası bu təşkilat vahid geosiyasi bloka çevrildi. BRİKS-ə üzv olan ölkələr birlikdə dünyanın quru səthinin təxminən 30%-ni və dünya əhalisinin 45%-ni əhatə edir.

Braziliya, Rusiya, Hindistan və Çin əhalinin sayına, ərazisinə və ümumi daxili məhsuluna görə dünyanın on ən böyük ölkələri sırasındadırlar. Bununla yanaşı, ilk beş üzv dövlət G20-nin üzvləridir. Həmin ölkələrin birgə ümumi nominal ÜDM 28 trilyon dollar, ümumi ÜDM təxminən 57 trilyon dollar və xarici ehtiyatları 4,5 trilyon dollar təşkil edir. 

BRİKS-in özünəməxsus bankı, ehtiyat fondu, bazarı, ödəniş və valyuta sistemi var. Məhz bu təşəbbüslər fonunda BRİKS-in üzv ölkələri arasında iqtisadi-ticari münasibətlər qurulur. Bu baxımdan, bəzi türkiyəli ekspertlər hesab edirlər ki, BRİKS Türkiyənin yeni xarici siyasətində əhəmiyyətlə prioritetə çevrilib. 

Maraqlıdır, Türkiyənin BRİKS-ə üzv olmaqda əsas hədəfi nə ola bilər? Rusiya və Çin, həqiqətənmi, Ankaranın bu təşkilata üzv olmağa imkan verəcək? BRİKS-ə üzvlük Türkiyəyə hansı geosiyasi və geoiqtisadi faydalar qazandıracaq? 

Məsələ ilə bağlı Türkiyənin Dumlupinar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Türkiyə BRİKS-ə üzv olmaq məsələsində iki əsas hədəf güdür: 

“Birincisi, Türkiyə Asiya bazarını öz iqtisadiyyatının inkişafı və iqtisadi rifahının təminatı üçün mühüm amil kimi görür. Türkiyə Asiya bazarında öz rolunu daha da möhkəmləndirmək marağındadır. 

İkincisi, Türkiyənin NATO və Avropa İttifaqı ilə münasibətlərdə ciddi problemlər yaşanır. Bu dövrdə NATO və Aİ-nın davranışı Türkiyənin maraqları ilə ziddiyyət təşkil edir.

Aİ-nın viza və ticarət məsələlərində Türkiyəyə məhdudiyyətlər tətbiq etməsi, ABŞ və Aİ-nin Suriya və İraqın şimalında PKK və YPG terror təşkilatlarına dəstək verməsi, habelə Şərqi Aralıq dənizində enerji ehtiyatlarının bölüşdürülməsində Türkiyəyə qarşı haqsız münasibətin sərgilənməsi Ankaranı müəyyən mənada Qərbdən uzaqlaşmağa vadar edib.

Xüsusilə, Rusiya-Ukrayna, həmçinin Qəzzada səkkiz aydan çox davam edən müharibəyə münasibətdə Türkiyə ilə Qərb arasında ciddi fikir ayrılıqları yaşanır. Türkiyə Rusiyanın Ukraynada hərbi əməliyyatlarını başqa ölkənin ərazisinə təcavüz kimi qəbul edir, amma Ankara Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb.

Türkiyə Qərb tərəfindən tam dəstəklənən İsrailin Qəzzada hərbi əməliyyatlarını qəbuledilməz hesab edir və İsrailin Baş naziri Benyamin Netanyahunu dinc əhaliyə qarşı soyqırım törətməkdə ittiham edir. Bütün bunların fonunda Türkiyə Aİ və NATO ilə bütün əlaqələrə son vermədən yeni alternativ təşkilatlar axtarışındadır. BRİKS bu anlamda çox önəmli faktor kimi qarşımıza çıxır. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən əsası qoyulan bu təşkilat geniş təsir imkanlarına və nüfuza malik olan bir təşkilata çevrilib”. 

Ekspertin sözlərinə görə, Rusiya və Çin Türkiyənin BRİKS-ə üzv olmasında maraqlıdır:

“Moskva və Pekin Türkiyənin BRİKS-ə üzv olmasını istəyirlər. Ancaq burada paradoksal vəziyyəti diqqətdən qaçırmaq olmaz. Çünki Rusiya və Çinin baxışında Türkiyə NATO-nun ən önəmli üzv ölkəsidir. Həm Moskva, həm də Pekin Türkiyənin NATO-da ciddi problem yaratmasını və alyansdan ayırılmasını görmək arzusundadır. Amma Türkiyə özünü Qərbdən uzaqlaşdırmağa və münasibətlərini Rusiya, İran və Çinlə məhdudlaşdırmağa getməyəcək. Ona görə ki, hər üç ölkənin hansı dəyərlərə sahib olduğu məlum deyil, hər üç ölkədə demokratiya, insan haqları və hüququn üstünlüyü kimi dəyərlər yox dərəcəsindədir.

ABŞ nə qədər imperiya olmaq iddiasındadırsa, Rusiya və Çin də o qədər imperiya iddiasındadır. ABŞ-nin “Böyük Yaxın Şərq” layihəsi olduğu kimi, Rusiya və Çinin də “Böyük Avrasiya” layihəsi var. Türkiyə tam olaraq nə ABŞ, nə də Rusiya və Çinin yanında yer almaq istəyir. Türkiyə öz maraqları çərçivəsində Rusiya və Çinlə siyasi, strateji və iqtisadi münasibətləri dərinləşdirməyə üstünlük verir. Türkiyə BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olsa da, Qərb ilə bütün bağlantıları kəsməyəcək”. 

BRİKS-ə üzvlüyün Türkiyəyə hansı geosiyasi və geoiqtisadi imkanlar qazandıracağına gəlincə, H. İnanç vurğulayıb ki, bu, Türkiyənin “Orta Dəhliz” layihəsində iştirakını intensivləşdirəcək və Asiya bazarında rolunu daha da artıracaq:

“Türkiyə BRİKS-ə üzv olarsa, ölkəmiz neft və təbii qaz xətlərinin cəmləşdiyi bir qovşağa çevriləcək. Bu, çox böyük əhəmiyyət kəsb edir. Əslinə baxanda, BRİKS iqtisadi bir təşkilatdır. Bu baxımdan, BRİKS-ə üzvlük Türkiyəyə əlverişli iqtisadi imkan və üstünlük qazandıracaq. Hazırda Türkiyənin Asiya ölkələrində investisiya xarakterli layihələr həyata keçirməyə, kredit verməyə və alternativ bazarlarda məhsullarını satmağa ehtiyacı var.

BRİKS-ə üzv olduğumuz təqdirdə Türkiyə bütün bu imkanları əldə edəcək. Eyni zamanda, bu, Türkiyənin Çin, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən “Orta dəhliz” layihəsində mühüm rol oynamasına şərait yaradacaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
cebheinfo.az

10Mənbələr