AZ

Sergey Markovdan SENSASİON XƏBƏRDARLIQ: “Rusiya nüvə silahına əl ata bilər” – MÜSAHİBƏ

“Rusiya ərazisinə NATO silahları ilə zərbələrin endirilməsi NATO-nun Rusiyaya qarşı müharibəyə girməsi deməkdir. Əvvəllər Rusiya nümayəndələrinin, xüsusən də, xarici işlər naziri Sergey Lavrovun bununla bağlı bəyanatları da var idi. Çünki uzaqmənzilli raket sistemləri tamamilə NATO ölkələrinin zabitləri tərəfindən idarə olunur”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov bildirib.

ABŞ prezidenti Co Baydenin Ukraynanın Amerika silahları ilə Rusiyaya zərbələr endirməyə icazə verməsini şərh edən politoloq, müharibənin miqyasının dəyişdiyini deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Markov, Rusiya-Ukrayna müharibəsində sanki yeni səhifə açılır. Sizcə, Ağ Evin son açıqlaması müharibənin gedişatını necə dəyişəcək? Bu, NATO-Rusiya müharibəsidir?

- Həmin silahlar NATO ölkələrindən olan zabitlər tərəfindən hədəfə yönəldilir. NATO zabitləri kosmik peyk vasitəsilə hədəflərin kəşfiyyatını aparır və NATO ölkələrindən olan zabitlər bu raketlərin uçuş missiyalarına hədəf təyinatlarını daxil edirlər. Əslində, ola bilər ki, bu ölkələrin zabitləri özləri də düymələri basaraq, Rusiya şəhərlərinə raket göndərirlər. Bunun Qərb ölkələri üçün cəzasız qalmayacağı da rəsmən bildirilib. Vladimir Putin bəyan edib ki, o, Avropa ölkələrinin niyə bunu etdiyini başa düşmür və Rusiyanın necə cavab verəcəyi məlum deyil. 

- Rusiya hansı cavab tədbirlərini görə bilər?

- Bir neçə variant var. İlk növbədə Rusiyanın cavab tədbiri olaraq aktiv diplomatik addımlar atması ehtimalı minimumdur. Yəqin ki, Rusiya iqtisadiyyatını daha da hərbi rejimə transformasiya edəcək və daha güclü ordu yaradacaq. Amma bu, Qərb tərəfindən cavabsızlıq kimi qəbul ediləcək. Sözügedən variantın mənfi tərəfi ondan ibarətdir ki, bu Qərbi yeni eskalasiyaya təşviq edəcək.

İkinci mümkün cavab NATO ölkələrinin kəşfiyyat sistemlərinə zərbələrin endirilməsidir. Sözügedən sistemlər əsasən Qara dənizdə, bir sıra digər Avropa regionlarında və ümumiyyətlə neytral sularda yerləşirlər. Tamamilə aydındır ki, bu kəşfiyyat sistemləri pilotsuz təyyarələrin hədəflərə istiqamətləndirilməsini həyata keçirir.

- Rusiya hər zaman nüvə silahından istifadə edəcəyini bildirib. Qərbin müharibəyə bu qədər daxil olması sözügedən versiyanı reallığa çevirə bilərmi?

- NATO-nun ərazisindəki hədəflərə qarşı ənənəvi zərbələr endirilə bilər. Adətən söhbət Jeşov hərbi aerodromundan və bu gün bu strukturun yerləşdiyi güman edilən Polşa ərazisindəki hərbi bazadan gedir. Hansı ki, NATO bu baza vasitəsilə faktiki olaraq Rusiyaya qarşı müharibədə iştirak edir. Digər mümkün cavab isə NATO ölkələrinin ərazisində olmayan, neytral mövqedə olan bəzi obyektlərə adi silahlarla zərbə endirməkdir. Ən sərt cavab isə Qərbdəki bəzi obyektlərə, məsələn, Polşanın Rzeszev şəhərindəki hərbi aerodrom və hərbi bazaya taktiki nüvə silahı ilə zərbə endirilməsi ola bilər.

- Rusiyanın hazırki vəziyyəti necədir? Söhbət 3 ildir davam edən müharibədən sonrakı gücdən gedir.

- Aydındır ki, Rusiya çətin vəziyyətdədir. Moskva Qərbin hərəkətlərinə zəif cavab verir. Bu da Qərbi eskalasiyaya stimullaşdırır. Lakin Rusiyanın sərt cavab tədbirləri də Qərbi qızışdıra bilər. Moskva sərt cavab tədbirlərinə əl atsa, Üçüncü Dünya Müharibəsi başlaya bilər. Ən pozitiv ssenari isə ondan ibarətdir ki, Rusiyanın real cavab tədbirləri Qərbi qorxuya sala bilər və nəticədə sülh sazişi bağlanar. 

- Cənab Markov, təşəkkür edirəm.

- Sağ olun.

Tehran Orucoğlu, Bizim.Media 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
47
bizim.media

10Mənbələr