AZ

AQTA yanında İctimai Şuranın iclası keçirilib

İyunun 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, iclası giriş sözü ilə açan İctimai Şuranın sədri Nazim Səfərov qarşıda duran cari məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” və bu sahədə həyata keçirilən tədbirlər müzakirə olunub. AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov çıxış edərək izlənəbilmə, bu sistemin məqsədləri, prinsipləri, tələbləri, əhatə dairəsi, növləri, tərkib elementləri və praktik tətbiqi, eləcə də beynəlxalq təcrübə barədə geniş məlumat verib. Bildirib ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı yoxlama suallarına qida məhsullarının izlənilməsinə dair suallar da əlavə edilib.

Tədbirdə istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Seçilən
89
5
operativmedia.az

6Mənbələr