AZ

Nikah yaşının azaldılması narahatlıq doğurur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılmasını təklif edir. Bununla bağlı qeyd olunur ki, Ailə Məcəlləsinin 10-cu maddəsində (üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) istisna meyarlarının göstərilməməsi hüquqi baxımdan qeyri-müəyyən hal olaraq qiymətləndirilir. Bunu nəzərə alaraq, qanunvericilikdə nikah yaşının azaldılmasına əsas verən üzrlü səbəblərin dəqiqləşdirilməsi və ya nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması təklif edilir.

Qeyd edək ki, Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, qanunda nəzərdə tutulan 1 illik güzəştin ləğvi ilə bağlı məsələ artıq bir neçə ildir ki, gündəmdədir: "Hesab edirəm ki, Milli Məclisdə qanunda nəzərdə tutulan 1 illik güzəştin ləğvi ilə bağlı təklif qəbul olunarsa, müsbət nəticələrimiz olacaq, erkən nikahların qarşısı alınacaq. Statistikadan da görürük ki, erkən nikahlılar arasında boşanma halları yüksəkdir. Həmçinin erkən nikahların fəsadları ucbatından ortalıqda qalan uşaqların da sayı yetərincədir.

Burada daha bir problem erkən nişanlılıq məsələsidir. Artıq erkən  nişan, "adqoydu" məsələsini tənzimləmək, inzibati cəza tətbiq etməyin zamanıdır. Bu cəza sutkalıq həbs, böyük cərimə və yaxud valideyn hüquqlarının məhdudlaşdırılması şəklində ola bilər. Belə olduqda valideyn anlayacaq ki, buna görə həbs oluna, böyük məbləğdə cərimələnə və yaxud övladından məhrum ola bilər".

Kəmalə Ağazadə qeyd edib ki, aparılan operativ tədbirlər sayəsində son zamanlar erkən nikahların azalması müşahidə olunur: "Lakin bölgələrdə bu məsələ ilə bağlı çox böyük iş aparılmalıdır".

Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyevanın dediyinə görə, ölkədə bir neçə il öncə qanunvericilikdə dəyişiklik oldu və Ailə Məcəlləsinə əsasən istisna hallarda nikaha daxil olma yaşı 1 yaş azaldıldı: "Məsələn, valideynlərdən biri xəstədirsə, valideynin razılığı ilə və qızın fizioloji durumunda hansısa dəyişiklik varsa, 17 yaşda nikaha daxil olmağa icazə verilirdi. Ancaq görünən odur ki, yaş həddinin aşağı salınması sui-istifadə hallarını artırıb. Elə həmin valideynlərin "razılığı" ilə qızlarımız erkən yaşda nikaha sürüklənir və valideynlər nəticələrin nə olacağını düşünmədən qız övladlarının bədbəxtliyinə imza atırlar".

Millət vəkili qeyd edib ki, nikah yaşının azaldılması problemlərin qarşısını almadı: "Yaş həddini endirdiyimiz zaman da bir çox maneələrlə qarşılaşmışdıq. Bu həddin azaldılmasını qəbul edənlər kimi, qarşı çıxanlar da var idi. Hər birimiz dövlət, qanunverici orqan və parlament olaraq çalışmalıyıq ki, sağlam ailələr qurulsun. Çünki sağlam ailələr sağlam cəmiyyətin təməlini təşkil edir. Ona görə də nikah yaşının heç olmasa minimum 18 yaş olması müəyyən mənada ailənin daha möhkəm təməl üzərində qurulmasına şərait yarada bilər. Bir anlıq düşünək ki, tam olaraq şüurun, dünyagörüşünün formalaşmış olması, maddi problemlər həll edildikdən sonra ailənin qurulması belə ailələri daha uzunömürlü edir, nəinki asılı bir şəkildə, valideyn himayəsi və diktəsi ilə qurulan ailələr. Bu baxımdan nikah yaşının minimum 17 yox, 18 yaş olması daha məqsədəuyğundur".

Sosioloq Fatimə Hacıbəylinin sözlərinə əsasən, Azərbaycanda nikah yaşı beynəlxalq konvensiyalara uyğun olaraq 18 yaş müəyyən edilib: "Bu gün hələ də 17 yaş nikah üçün istisna yaş həddi kimi qeyd olunur və bundan da həm yerli icra strukturları, həm uşaqlarını erkən nikaha cəlb edən valideynlər sui-istifadə edirlər. Bu istisna halda qeyd olunur ki, valideynlərin bir və ya hər ikisi ağır xəstə olarsa, nikah yaşı ertələnir. Əgər tərəflər xaricə gedirsə, nikah yaşı ertələnə bilər. Bütün bunlar hamısı yerli icra strukturlarına və valideynlərə nikah yaşının aşağı salınması üçün imkan yaradır. Nikah yaşının azaldılması erkən nikahların sayını artıracaq və vəziyyət daha da pisləşəcək. Danılmaz faktdır ki, regionlarda, xüsusilə də kəndlərdə gənclər rəsmi nikaha daxil olmadan ailə qururlar. Bu da gələcəkdə ailədə hər hansı problem yaranarsa, ana və uşaqların hüquqlarının müdafiəsində müəyyən çətinliklər yaradır. Erkən nikahların fəsadları, qanunsuz olması ilə bağlı nə qədər deyilsə də, cəmiyyətdə yenə bu cür hallar baş verə bilir. Ailə quran insanlar əvvəlcə şəxsiyyət kimi özlərini dərk etməlidirlər. Onlar üzərlərinə hansı vəzifələrin düşdüyünü, bunun məsuliyyətini bilməlidirlər. İnsanın sosial və mənəvi məsuliyyət hissi o dərəcədə olmalıdır ki, nə üçün nikaha daxil olduğunu dərk etsin. Bəzən görürük ki, erkən yaşda qız və oğlanları nikaha məcbur edirlər. Daha çox da qızlar məcbur olunur. Erkən yaşda nikaha məcbur edilən qızın təhsili yarımçıq qalır. Heç bir peşə qabiliyyətinə yiyələnə bilmir. Psixoloji, bioloji və fizioloji cəhətdən hazır olmadan ailə həyatına başlayır. Bu hal həm onun, həm də dünyaya gətirdiyi uşağın sağlamlığına mənfi təsir edir. Həmin insanlar bəlli bir yaşa çatanda davamlı təzyiqlərə, zorakılıq hallarına məruz qalırlar. Bir çox halda onların nikahı uğurlu olmur".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova deyir ki, vaxtı ilə Azərbaycanın görkəmli ziyalıları, maarifpərvər insanları, qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması, erkən nikah (erkən yaşda evlilik), zorakılıq hallarının qarşısının alınması üçün çalışırdılar: "Əfsuslar olsun ki, bu gün də bu məsələlər öz aktuallığını saxlamaqdadır. Bəziləri isə sanki bu problemləri görmür, "bizdə belə hallar olmur" - deyirlər. Statistikaya ehtiyac yoxdur, əgər 1 hadisə baş veribsə, buna görə hər birimiz düşünməliyik, narahat olmalıyıq, əməli addımlar atmalıyıq. Necə edək ki, belə faciələr olmasın? Necə edək ki, qız övladlarına qarşı belə zorakı davranış göstərilməsin? Demək ki, hər birimiz bu məsələdə məsuliyyətimizi dərk etməli, səylərimizi birləşdirməliyik".

Millət vəkilinin sözlərinə görə, təəssüf ki, hələ də ölkədə qızların təhsildən yayındırılaraq erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Valideynlər anlamalıdırlar ki, erkən nikah hələ tam formalaşmamış bir gənc qızın sağlamlığına, psixologiyasına və gələcək həyatına vurulan zərbədir. Gənc qızlar erkən nikaha daxil olarkən, ən azından ailəsinin, özünün, eləcə də dünyaya gətirəcəyi körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücdə olmur: "Qızların erkən yaşda nigaha məcbur edilməsi cəmiyyətlər üçün dərin kök salmış stereotiplərin hələ də qalmasının bariz nümunəsidir. İki əsrdən çoxdur ki, erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır. Dövrümüzün tanınmış ziyalıları, maarifçiləri, hüquq müdafiəçiləri bu qanunsuz və insanlığa zidd addımın qarşısının alınması üçün mübarizə aparır. Ancaq yenə də erkən nikahlar baş verir. Yenə də valideynlər qız övladlarını təhsildən yayındırıb, erkən yaşda ailə qurmağa məcbur edirlər".

Hicran Hüseynova vurğulayıb ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir: "Ancaq əfsuslar olsun ki, bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

Sevinc QARAYEVA






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
525.az

10Mənbələr