AZ

Biçaq toplayır, qadınlarla eşq yaşayıb, qardaşı ilə sevgili olub... - Ancelina Coli haqqında BİLMƏDİKLƏRİNİZ

Bəzi mədəniyyət, incəsənət adamları təkcə öz ölkəsinə deyil, bütün dünyaya səs salmağa müvəffəq olub. Onlar illər keçsə belə, çətin ki, unudular.  İstər gördükləri işlər, istərsə də xarici görünüşləri ilə daim diqqət mərkəzində olmaq isə bu şəxslərə heç də asan başa gəlməyib. Bu sırada “yaşayan ən cazibədar qadın” kimi təqdim edilən amerikalı aktrisa Ancelina Colinin də adı yer alır. Bu gün isə Hollivud ulduzunun doğum günüdür.

 

Sfera.az Ancelina Coli ilə bağlı maraqlı məlumatları təqdim edir.

 

Öncə qeyd edək ki, Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya göz açıb. O, məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. 

 

Soyadından imtina edir...

 

Ancelinanın atası ilə münasibətləri heç də yaxşı olmayıb. Məhz bu səbəbdən o, Con Voytun soyadından istifadə etmir. Aktrisanın soyadı “Coli” fransız dilində “yaxşı”, “gözəl” mənasını ifadə edir,  lakin Ancelina özü fransız dilini bilmir. Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Bundan sonra o,  qardaşı və anası ilə Nyu-Yorka köçür. Bir il sonra atası “Oskar” mükafatına layiq görülür. Anası isə uşaqlarına görə karyerasından imtina edir, bütün vaxtını onlarla keçirir. 2001-ci ildə isə aktrisa “Voyt” soyadından imtina edərək adının “Ancelina Coli” olması üçün məhkəməyə müraciət edir. 

 

Qucaqlanmaqdan nifrət edir...

 

Ancelina bununla bağlı müsahibələrinin birində fikirlərini bu cür ifadə edib: “Kimsə məni qucaqlayanda keçirdiyim hissi təsvir edərkən belə boğuluram.  Hətta mən anamın belə məni qucaqlamasına nifrət edirəm”.

 

Qardaşı yoxsa?....

 

Coli məşhur olduqdan sonra bir sıra məsələlərlə gündəmə gəlib. Onlardan biri də qardaşı Ceyms Heven ilə münasibətləri olub. Belə ki, əksəriyyət ikisi arasında fərqli bağın olduğuna inanır.  Düşünülür ki, onların bu formada yaxınlığı çox qəribədir. Xatırladaq ki, 2000-ci ildə onlar Akademiya Mükafatları mərasimində qırmızı xalçada öpüşərkən görüntüləniblər.

 

Cinsi oriyentasiyası haqqında cəsarətlə danışır...


Ancelina biseksual olduğunu qorxmadan açıqlayan şəxslərdəndir. Hətta aktrisa Conni Li Millerlə evlənməzdən qabaq, “Foxfire” filmində birlikdə rol aldığı Cenni Şimizu ilə eşq macərası yaşayıb. “Ərimlə evlənməsəm, yəqin ki, Cenni ilə evlənəcəkdim. Onu gördüyüm ilk saniyədə ona aşiq oldum”, - Ancelina müsahibələrinin birində deyib. Aktrisa vaxtikən özünü “qadın pərəstişkarı ilə yatmaqdan ən çox həzz alan məşhur” olaraq da təqdim edib.

 

İnanılmaz uşaqlıq xəyalı, “bıçaq ritualı”,  killer...

 

Hələ 14 yaşı olanda Ancelina məktəbdən qovulur. O zamanlar gələcəyin ulduzu saçlarını bənövşəyi rəngə boyayır və daim qara geyinməyə başlayır. Elə həmin yaşlarda  Ancelina cənazə qaldırmaqla bağlı xəyallar qurur. Ümumiyyətlə, məşhurun uşaqlığı çətin keçir. O, 11 yaşında olarkən həddindən artıq arıq olduğu və eynək taxdığı üçün digər dostları tərəfindən ələ salınır.  14 yaşında anasının təkidi ilə modellik etməyə cəhd edən Ancelina uğursuzluğa düçar olanda depressiyaya düşərək özünə zərər verməyə başlayır.

 

Həmin anları aktrisa belə xatırlayır: “Bıçaq toplayırdım və özümü kəsib ağrı hiss etmək mənim üçün bir növ ritual idi.  Bu, mənim üçün terapiya olmuşdu, ancaq həmin anlarda yaşadığımı hiss edirdim”. O, gənc yaşlarında da depressiyadan əziyyət çəkir, intihara meyilli olur. Ancelina 19 və 22 yaşlarında özünü öldürmək üçün qatil tutmağa belə cəhd edir. O, indi də bıçaq kolleksiyası yığır, həmçinin kolleksiyasında döyüş baltası və Afrika nizəsinin olması ilə fəxr edir.

 

Fərqli fantaziyalar....

 

Ancelina yataqda da bıçaqla oynamağı sevdiyini deyir. O həm də özünü “vəhşi qadın” hesab edir. “Ətrafımda həmişə bıçaqlar olur. İlk cinsi əlaqədə olanda da əlimdə bıçaq var idi və bir-birimizə hücum etmişdik. Lakin özümüzü incitməmişdik, yaralamamışdıq, sadəcə bu, çox  primitiv və çılpaq hiss etdirirdi”, - Coli müsahibələrinin birində qeyd edib. Aktrisanın uşaqlıqdan sürünənlərə qarşı da xüsusi marağı olub.  Colinin özünə məxsus çoxlu ilan və kərtənkələləri var idi. Gözəl aktrisanın sevimli ilanının adı “Harri Din Stenton”, sevimli kərtənkələsinin adı isə “Vladimir” olub.

 

 

Ölüm və qan...

 

Ancelina Coli ilk evliliyini1996-cı ildə  britaniyalı aktyor Conni Li Miller ilə edib. Aktrisa toyunda qara dəri şalvar və bəyin adını öz qanı ilə yazdığı köynək geyinib. Onun ikinci evliliyi aktyor Billi Bob Torntonla olub. Cütlük boyunlarında qanlarının olduğu boyunbağı taxıb. “Bəziləri böyük bir daş-qaşın çox gözəl olduğunu düşünür, amma mənim üçün həyat yoldaşımın qanı dünyadakı ən gözəl şeydir”, - Coli bildirib.

 

Aktrisa həm də pilotdur...

 

Motosiklet həvəskarı olan aktrisa həm də lisenziyalı pilotdur. 2004-cü ildən pilot dərsləri alan Colinin şəxsi “Cirrus SR22” model təyyarəsi də var.

 

Bir neçə vətəndaşlıq...

 

“Lara Croft: Tomb Raider” filminin çəkilişləri zamanı Kambocada olan Ancelina Coli bu yerə və oradakı insanlara aşiq olub. Daha sonra Kambocaya bir çox yardım işlərində iştirak edən aktrisa 2004-cü ildə Kamboca vətəndaşlığını alıb. O həm də Bosniya müharibəsinə toxunan, ssenarisi və rejissoru olduğu “In the Land of Blood and Honey”  filminə görə fəxri Avropa vətəndaşı olmaq hüququ qazanıb.

 

Günay Rəsulqızı
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
49
sfera.az

10Mənbələr