AZ

Fazil Mustafa silahlı hücumdan sonra qorxurmu? - Deputatdan sensasion açıqlamalar

Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın Kult.az-a müsahibə verub.
 
Moderator.az onunla müsahibəni oxuculara təqdim edir:
 
- Fazil bəy, AXC dövründə Elçibəyin siyasi məsələlər üzrə müavini idiniz. Necə xatırlayırsınız o illəri də, Əbülfəz bəyi də?
 
- Mən 1981-ci ildə, 9-cu sinifdə oxuyanda Elçibəylə tanış olmuşam. Sonradan isə onun əlaqəsi olan təşkilatlarda da yer almışam. 1986-cı ildə BDU-da Hüquq fakültəsinə daxil olandan sonra münasibətlərimiz daha yaxşı olub, “Çənlibel” təşkilatının büro üzvü idim. Universiteti bitirəndə artıq onun müşaviri, prezidentliyi dövründə isə Dövlət hüquq şöbəsinin müdiri oldum. Daha sonra da Kələkidə yanında 1 ildən çox qaldım, Türkiyə özəl təmsilçisi oldum. Qayıtdıqdan sonra siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olundum.
 
- Siyasətə Elçibəyə görə gəlmisiniz yəni...
 
- Bəli, o, rəhmətə gedənə qədər bütün siyasi fəaliyyətim birbaşa onunla bağlı olub. Onu Azərbaycan tarixinin son dönəm ən önəmli şəxsiyyətlərindən biri hesab edirəm. Bununla yanaşı, Əbülfəz bəyi öz dövrünün bir siyasi lideri, xadimi kimi də yüksək qiymətləndirirəm. Bugünki baxış bucağımdan baxanda onunla bəzi fikirlərimin üst-üstə düşməməsi bəlkə də bu mövzuya qayıtmamağıma əsas verir. Çünki mən onu bir müəllim, şəxsiyyət, düşüncə adamı olaraq yüksək qiymətləndirirəm, amma siyasi fikirlərinin bəzilərini indi müəyyən dərəcədə qəbul etmədiyimə görə bu mövzunu çox da gündəmə gətirməyin marağında deyiləm. Hər zaman çalışdım ki, vəfatından sonrakı siyasi yaşamımda onun adından sui-istifadə etməyim. Hərbi xidmətdən qayıdandan sonra da AXC-dən halallaşaraq ayrıldım.
 
- Niyə ayrıldınız ki?
 
- Çünki öz dəst-xəttimə uyğun siyasi sistem qurmağa çalışdım. Ən azı partiya yaradıb, siyasi həyatda yer tutmağa çalışdım, parlamentdə təmsil olunaraq öz düşündüyüm siyasəti həyata keçirməyə başladım. Mən Əbülfəz Elçibəyin ruhuna həmişə sayğı duyuram. Onun hakimiyyət dövründə olan səhvlər tək onun səhvi deyildi, həm də bizim səhvlərimiz idi ki, bəlkə öz işimizə daha ciddi yanaşsaydıq, o da o cür çətin vəziyyətlərdə qalmazdı, proseslərdə məğlub olmazdı. Amma onun ən böyük doğru qərarlarından biri də hakimiyyət dəyişikliyi prosesində tutduğu mövqedir.
 
- Kələkiyə getməyi?
 
- Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün müəyyən addımlar atdı...
 
- Belə bir iddia da var ki, siyasətçilər böyük yalançılardır. Sizcə, bu baxımdan yalan danışıb, pafosla çıxış eləmirsiniz ki?
 
- Siyasətçinin və ya jurnalistin yalançısı olmur. Sadəcə, hər peşədə belə adamlar var. O cümlədən pafosçular da. Bizim baxış bucağımız belədir ki, getdiyimiz yolun hansısa səhvini təftiş eləməkdən çəkinmirik. Bir çox məqamların bizim üçün üzücü olduğunu dilə gətiririk. Bu da tənqidi yanaşma deməkdir. Mübarizə böyük dövlətlərdə qorxu yaratmır. İmperiya əhatəsində olan, bu gün də bu iddia ilə mövcud olan dövlətlərin təsiri altında yaşayan Azərbaycan kimi ölkələrdə hansısa bir addım atanda mütləq daxili siyasətdə ölüm-dirim savaşından uzaqlaşmağın vacibliyini gördük.
 
- Bu vacibliyin müddəaları nədən ibarət idi?
 
- Bizim mübarizəmiz hakimiyyətə gəlib və revanş götürüb, hansısa bir üstünlük əldə edərək öz ideyalarımızı gerçəkləşdirməkdən ibarət idi. Zaman göstərdi ki, biz bunu hakimiyyətdə olduğumuz dövrdə edə, cəmiyyət üçün təhlükəsiz görünən kurs təqdim edə bilmədik. Amma hazırkı iqtidar Qarabağı azad elədi, bütövlük təmin olundu. Bu prosesdə badalaq vurmalı idik, ya dəstək olmalı?
 
Azərbaycan cəmiyyətində xeyli adam öz mənəvi rəhbərini Cənubda, ya Şimalda görürsə, bu hələ də müstəqilliyimiz üçün nə qədər böyük təhlükə olmağının işarəsidir. Bu baxımdan müxalifətçilik daha böyük məsuliyyətli məsələdir. Ölüm-dirim deyəndə bu məsələ üzərində düşünürəm.
 
- Fazil bəy, silahlı hücumdan sonra qorxunuz yoxdur ki?
 
- Bütün bunlar siyasi yaşamımda və həyatımda baş verən kiçik epizodlardandır. Bu cür şeylərlə çox qarşılaşmışam. 20 Yanvardan tutmuş döyüş bölgəsində xidmət etdiyim zamanlara, qarşımdakı erməni səngərindən açılan atəşə qədər. Ona görə belə hadisələr ömrümün içində təlatüm yaratmır. Hədəfim bu cəmiyyətin, dövlətin bəlli bir səviyyədə təhlükəsizliyi təmin etməsidir. Söhbət mənə açılan atəşdən getmir. Bu, bütövlükdə Azərbaycana nifrət edən bir şəbəkənin hansısa formada atəş açmasının bir epizodu idi. Ona görə belə şeylərə özümüzü hazır etməliyik. Bunlar bizi həm də daha da güclü edir. Etdi də. Zombiləşmiş bir erməni millətçisi ilə zombiləşmiş bir fars məzhəbçisinin fərqi yoxdur. Bunlar insanlığa düşmən şəbəkədir və hər an o təhlükə ilə qarşılaşa bilərik. Biz həm də ona görə güclüyük ki, vətənimiz var və onun gücünə arxalanırıq. Onların isə vətəni yoxdur. Bu insanlar öz ata-anasını da güllələyər. Hər şey adi bir təlimatdan asılıdır.
 
- Fazil bəy, növbəti seçkilərdə namizədliyinizi verəcəksinizmi?
 
- Bəli, verəcəyəm.
 
- Bəs seçiciləriniz sizi yenidən istəyirmi?
 
- Seçicilərin istəyini ölçən hansısa cihaza malik deyilik. Amma parlament seçkilərində və digər seçkilərdə partiya olaraq iştirak edirik. Namizədliyimi yenidən verəcəm və düşünürəm ki, öz dairəmdən ciddi dəstək də alacam.
 
- Seçicilərin istəyini ölçən cihaz yoxdursa, ciddi dəstək alacağınızı necə bilirsiniz?
 
- Xaricdə olduğum hallar istisna olmaqla bütün günlərdə xüsusi ofisim var və seçiciləri yerində qəbul edib, problemləri ilə tanış olaraq həll etməyə çalışıram. Əlçatmaz deputat deyiləm, şəxsi nömrəm belə seçicilərimdə var. Silahlı hücumdan sonra bu il bir az fərqli oldu, fasilə verməli oldum, lakin buna baxmayaraq köməkçilərim vətəndaşları qəbul edir, ərizələrini götürürdü. O cümlədən, sosial şəbəkədən mənə deyilən əksər problemləri də parlamentdə qaldırmışam və əksəriyyət də bilir ki, son 19 ildə ən fəal deputatlardan biri kimi jurnalistlər tərəfindən nominasiyanın qalibi olmuşam. Bunlara qiymət vermək isə artıq seçicinin özündən asılıdır. Ona görə də seçici qarşısına çıxanda alnıaçıq formada sözümü deməyi bacarıram.
 
- Bəs sizin bir çox həmkarınız niyə fəal deyil? Elə deputatlar var ki, cəmiyyət adlarını belə eşitməyib…
 
- Hər insan özünə aid məsələlərə cavab verməlidir. Elə deputatlar var ki, daxili auditoriyada yox, xaricdə daha fəaldır. Bütövlükdə isə hər kəsin daxili məsuliyyətindən asılı məsələdir. Əlbəttə, millət vəkilisənsə, millətin sözünü deməlisən, gücün çatan səviyyədə bürokratiyanın qarşısında əzilən vətəndaşların haqqını qorumalısan. Bütün hallarda bu müqayisələri cəmiyyətin ixtiyarına buraxmaq lazımdır. Qiymətləndirmə isə subyektiv xarakter daşıyır. Sizə deyim, doğrudan da səssiz görünən, heç bir çıxış etməyən deputatlar var ki, onların xaricdə bizi necə təmsil etdiyini bilsələr, daha yaxşı qiymətləndirərlər.
 
- Milli Məclisdə ən yaxın dostlarınız kimdir?
 
- Açığı, bir neçə ad çəksəm, digər insanlara haqsızlıq etmiş oluram. Xeyli insan var ki, onlar iş yoldaşım, həmkarım deyil, amma dostumdur. Gənc dostlarım da, ağsaqqal dostlarım da çoxdur. Ona görə də bunu ayırmaq istəmirəm. Bütövlükdə iş münasibətləri olan insanlar da var ki, onların bəziləri ilə dünyagörüş, düşüncə baxımından bir-birimizi qəbul etmə problemimiz var, amma işgüzar münasibətləri korlamıram. Parlamentdə məsələn, küsülü olduğum, mübahisə etdiyim insan yoxdur. Qadın həmkarlarımız var ki, onlarla da dostluq münasibətlərimiz var.
 
- Fazil bəy, tam səmimi, indiyədək siyasətdə atdığınız hansı addımdan peşman olmusunuz?
 
- Siyasətdə atdığım heç bir addıma görə peşmanlıq duymuram. Həyat səhvlər üzərindədir və elə bu səhvlər də özümünküdür. Bu səhvləri də dövrlə əlaqələndirirəm. O səhvlər olmasa, bəlkə də bu gün öz yolumuzu, xəttimizi tapa bilməzdik. Gəncliyin öz emosiyası, zamanın tələbi var. Mən təbii ki, həddən artıq sərt müxalifətçi mövqedə olmuşam, amma bilirlər ki, bunda da səmimi olmuşam. Peşmanlıq o zaman olur ki, haradasa qeyri-səmimi davranırsan. Mənim isə belə addımlarımın olduğunu xatırlamıram. Xeyli ağır stiuasiyalarda olmuşam və düşünürəm ki, ən doğru davranış səmimi davranışdır. Bir sözlə, peşman olduğum hadisə yoxdur.
 
- Fazil bəy, bir dəfə demişdiniz ki, oxuduğum kitablar arasında bədii ədəbiyyat çox az yer tutur. Siz niyə ədəbiyyata qarşı laqeydsiniz?
 
- Əslində, çox az yer tutmaq özü də kifayət qədər ədəbiyyat oxumağım deməkdir. Çalışıram ki, müəyyən dərəcədə bədii mətnləri də oxuyum. Son vaxtlar, məsələn, Borxesin yaradıcılığını oxudum. Amma daha çox fəlsəfə, tarix, hüquq düşüncəsi istiqamətində oxumağa çalışıram. Xüsusi tabum yoxdur ki, bunu oxumayım. İri həcmli bədii ədəbiyyatı oxumaq vaxt sərf edir və bu vaxt da məndə çox deyil. Amma təbii ki, səfərə gedəndə də oxuyuram. Təyyarədə, oteldə boş vaxt keçirmirəm. Bir sözlə, bədii ədəbiyyata da münasibətim müsbətdir, amma məsələn, burada da fəlsəfi istiqaməti olan ədəbiyyat oxumağa üstünlük verirəm. Bu yaxınlarda Sartrı oxudum. Dramaturgiyasına aid olan “İblis və Allahı”, digər tərəfdən də Bernard Şounu oxudum. Sadəcə, bilgi, fəlsəfi yüklü əsərlərə üstünlük verirəm.
 
- Azərbaycanın müasir yazarlarından kimi oxuyursunuz bəs?
 
- Aqşin Yeniseyin yazılarını, müəyyən dərəcədə Qismət Rüstəmovu oxuyuram. Mənim üçün əsas olan ədəbiyyatda düşüncə platformasıdır. Daha sonra Günel Mövludun yazılarını deyə bilərəm, Seymur Baycanın “Mənim mübarizəm” kitablarının əksəriyyətini oxumuşam. Digər bir çox müəllif də var ki, zaman-zaman izləməyə çalıram. Son vaxtlar Kutzeeni oxudum, çox xoşuma gəldi. O cümlədən Morrisonun əsərlərini. Cəlal Şəngörün son zamanlar “Bilgi ilə söhbət” əsərini də oxudum. Son vaxtlar ən çox bəyəndiyim əsərlərdən biri də Əhməd Arslanın akademik müsahibəsi idi. Onun fikirləri mənimçün maraqlı oldu. Əhməd Ağaoğlunun xatirələrini də oxudum. Durantın “Mədəniyyətin təməlləri” əsərini də qeyd edə bilərəm. Son vaxtlar həm də təhsil fəlsəfəsi ilə bağlı əsərlərə üstünlük verdim. Hazırda isə Karl Yarsbersin “Fəlsəfə nədir?” əsərini oxuyuram. Bir sözlə, fərq qoymuram. Çoxşaxəli bir oxu menyum var. Hesab edirəm ki, gənc yazarlardan diqqətimi cəlb edən olsa oxuyaram. Şeirlərdən də oxuyuram. Məsələn, Cəlil Cavanşiri. Adlarını indi xatırlamadığım müəlliflər də var. Yeni kitab üzərində də işə başlamağı düşünürəm.
 
- “Füzuli həm də cəhalətin təbliğatçısıdır”. Bu fikrinizi təsdiqləyirsiniz hələ də?
 
- Əlbəttə, onun mərsiyə janrında yazdığı xeyli əsəri cəhalətin təbliğidir. Füzulinin “Mətləül-etiqat” əsərində də kifayət qədər izləri var bunun. Hesab edirəm ki, yazıçı üçün böyüklük bəşəri, mütərəqqi görüşlərin qalıcılığına istinad etməlidir. Bizdə tez-tez fəxarətlə deyirlər ki, Zeynalabdin Tağıyev vəsiyyət edib ki, onu Axund Əbu Turabın ayağının altında dəfn etsinlər. Bu, fəxrli məsələ deyil. Əbu Turabın keçmişi ilə tanış olanlar bilir ki, o, cəhalətin təbliğatçısıdır. Əhməd Ağaoğlunun xatirələrini oxumaq kifayətdir ki, məsələn, türk dilinin qrammatikasını tətbiq etmək məsələsi olanda az qala silahlı hücum etmişdi ki, belə bir təhsilə azərbaycanlıların ehtiyacı yoxdur. İndi onun ayağının altında dəfn olunmaq hansı fəzilətdən doğur? Şəxsiyyətləri ilahiləşdirməməliyik, irsinin böyüklüyü qarşısında cəhalətə yönəlik fikrini qeyd etməkdən çəkinməməliyik. Sözsüz, Füzuli böyük şairdir. Amma bunlar da var. Təkcə ona aid deyil, Azərbaycanda da indi ziyalı adamlar var ki, cəhaləti təbliğ edirlər. Onları həmişə tərifləməliyikmi? Hər dahi şairi də bütöv görmək lazımdır.
 
- Əgər Füzulinin mərsiyə janrında yazdığı da sənətkarlıq nümunəsidirsə, niyə də yox?
 
- Mənim üçün Şərq ədəbiyyatının dahiləri - Füzuli, Nəsimi, Nizami, Hafiz, Sədi dahilik statusdan aşağı enmir. Nəsimidə də eyni cəhalət istiqamətləri var. Ona görə də sənətkarlıq məsələsi ilə mütərəqqi ideyanı qarışdırmamalıyıq. Servantesin “Don Kixot”u niyə köhnəlmir? Hüseyn Cavidin “İblis”i eyni formada. Yaxud da Axundovun “Kəmalüddövlə məktubları”, Tolstoyun “Hərb və Sülh“ü necə köhnələ bilər? Çünki sənətkarlıqla yanaşı ideya var, hansı ki, mütərəqqi ideyadır, motivasiyadır. Ekzistensializm xəttini yürüdən Sartrın baxışlarında “İblis və Allah” əsəri bütövlükdə absurd görünə bilər, amma əsərin ideyası insanı xeyirli bir yöndə görməyə çağırış edir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
47
moderator.az

10Mənbələr