AZ

Reginada Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb - FOTOLAR

Kanadanın Saskatçevan (Saskatchewan) vilayətinin paytaxtı Recayna (Regina) şəhərində “Recayna Siti Hol” (“Regina City Hall”) mərkəzinin önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, Recayna Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə şəhərin meri Sandra Masters,  Qanunvericilik Məclisinin üzvləri Nikol Sarauer və Muhammad Fiaz, Jared Klark və yerli Azərbaycan icmasının üzvləri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan icmasının daim həmrəylik, sosial tərəqqi, insan haqları və demokratiyanın yanında olduğu bildirilib. Əyalətin mədəni müxtəlifliyinə töhfələr verdiklərinə görə soydaşlarımıza minnətdarlıq ifadə edilib.

Azərbaycan və Kanadanın dövlət himnlərinin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb. Rəsmi hissədən sonra Azərbaycanın Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ingilis dilində səsləndirilib, uşaqlar “Yallı” gedib və “Şuşanın dağları” musiqisinin sədaları altında rəqs ediblər. 

Sonda tədbir iştirakçılarına milli mətbəximizin nümunələri təqdim olunub.

Qeyd edək ki, Saskatçevan vilayətində Azərbaycan bayrağı ilk dəfə olaraq ötən il müstəqilliyimizin 105-ci ildönümü münasibətilə qaldırılıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
unikal.az

10Mənbələr