AZ

BİZİM TƏQVİM: 25 mayda baş vermiş tarixi hadisələr

1920-ci il mayın 25-dən 26-na keçən gecə Azərbaycan milli ordusunun Gəncədəki 3-cü alayı Sarı Ələkbər və Qaçaq Qəmbərin dəstələrilə birlikdə 11-ci Qızıl Ordu hissələrini tərksilah edərək 10 gün ərzində şəhəri əllərində saxladılar. Üsyan vaxtı bütün hərbi əməliyyatlara generallar Cavad bəy Şıxlinski, Məmməd Mirzə Qacar və polkovnik Cavanşir bəy Kazımbəyli rəhbərlik edirdilər. 

Rusiya sovet qüvvələri bir neçə alaydan ibarət 3 minə yaxın əsgər və zabitə, həmçinin ağır texnikaya malik olsalar da, ilk günlər ciddi itkilər verib, geri çəkilməyə məcbur oldular. Rəsmi məlumata görə, Gəncə üsyanı zamanı 10 min bolşevik, 12 min isə cəsur üsyançı döyüşçü həlak olub. Bununla belə 1950-ci ilədək üsyançıların həbs edilməsi və sürgünə göndərilməsinə ara verilməyib. 1920-ci il Gəncə üsyanı Azərbaycan Milli Azadlıq Hərəkatı tarixinə qızıl hərflərlə yazılan tarixi rəşadət səhifəsidir.

Bəs mayın 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 1953-cü ilin bu günündə ABŞ-ın Hyuston Universiteti dünyada ilk dəfə olaraq ictimai televiziya (KUHT) yayımı həyata keçirməyə başlayıb.

2. Həbəşistan imperatoru Hayle Selassienin  təşəbbüsü ilə müstəqilliyini qazanmış Afrika ölkələri 1963-cü ilin 25 mayında ilk dəfə birlik yaratdılar. Bu Afrika Birliyi Təşkilatı qurularkən ona 30 Afrika ölkəsi qatıldı. 2002-ci ildən Afrika Birliyi adlandırılan və mərkəzi Əddis-Əbəbdə yerləşən bu təşkilat hal-hazırda bütün Afrika qitəsi ölkələrini bir araya toplayıb.

3. 1977-ci ilin 25 mayında fantastik kino sənətinin şah əsərlərindən olan "Ulduz müharibələri" seriyasından ilk film - "Yeni bir ümid" ilk dəfə kinosevərlərə təqdim olunub. Ssenari müəllifi və rejissor Corc Lukas 11 milyon dollara çəkdiyi və 7 “Oscar” mükafatı qazandığı bu filmlə bütün reytinqləri alt-üst edərək büdcəyə 798 milyon dollar gəlir gətirib.

4. 25 may 1979-cu ildə Nyu-York küçələrində itkin düşən 6 yaşlı Etan Patz bütün axtarışlara baxmayaraq, tapılmayıb. Bununla əlaqədar ABŞ Prezidenti Ronald Reyqan 1983-cü ildə hər il mayın 25-nin Beynəlxalq İtkin Uşaqlar Günü elan olunması barədə qərar imzalayıb. Etan Patzın taleyi barədə sonrakı illərdə də hər hansı məlumat əldə edilməyib.

5. 1992-ci ilin bu günündə  Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində Ümid körpüsünün açılış mərasimi olub.

6. 25 may 2001-ci ildə 32 yaşlı amerikalı atlet və macərapərəst Erik Veihenmayer dünyanın ən hündür dağ zirvəsi olan Everesti fəth edən görmə qüsurlu ilk insan olub.

7. 25 may 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə neftin vurulması ilə bağlı mərasim keçirilib. Səngəçal terminalında gerçəkləşən mərasimdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan prezidentləri, ABŞ-ın energetika naziri iştirak ediblər. 2006-cı ilin mayında neft Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına yetişib.

8. 2011-ci ilin 25 mayında dünyanın məşhur televiziya aparıcılarından olan Oprah Uinfreyin 1986-cı ildən etibarən ABŞ-da yayımlanan “Oprah Uinfrey Şou” teleproqramının sonuncu verilişi təqdim edilib.

9. 25 may 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olub.

10. 2013-cü ilin bu günündə Bakıda Ağ Şəhər bulvarının təməli qoyulub. İki il sonra - 2015-ci il iyunun 1-də istifadəyə verilən bulvarın uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası inşa edilib. Bundan başqa, açıq havada trenajor sahəsi də yaradılıb.

25 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Səfəvilər şahı l Təhmasib 25 may 1576-cı ildə dünyasını dəyişib.

2. 25 may 1873-cü ildə görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov anadan olub (1873-1925). O, Bakı şəhərinin baş memarı olub (1918-1922). Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzəpir məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi onun layihələri əsasında tikilib.

3. Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin ən məşhur geoloq alimlərindən biri, akademik Baba Babazadə 1911-ci ilin bu günü anadan olub. Azərbaycanın bir çox neft rayonlarını məhz B.Babazadə kəşf edib. O, neftçilər arasında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk geoloq alimdir (1911-1962).      

4. Küncüt yağı, qarğıdalı saçağı və zirinc yarpağı ekstratları, gilab və İstisu həblərini təklif etmiş tanınımış əczaçı, Azərbaycan dilində əczaçılığa dair ilk dərsliyin müəllifi, professor Rüstəm Əliyev 1919-cu il 25 mayda dünyaya gəlib.   

5. Türkiyə ədəbiyyatının görkəmli simalarından olan şair Necip Fazıl Kısakürek 1983-cü ilin 25 mayında 79 yaşında dünyasını dəyişib. (1904-1983)

6. Azərbaycanlı futbol hakimi, FİFA referisi. 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilən, 9 dəfə isə ən yaxşı 7 hakimi sırasına daxil olan Eldar Əzimov 25 may 1934-cü ildə anadan olub.

7. Azərbaycanın polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurahmanov 25 may 1976-cı ildə dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
30
bizim.media

10Mənbələr